Müharibə artıq reallıqdır - TƏHLİL

21 Sentyabr 2020 15:31    644 Baxış   
Müharibə artıq reallıqdır -  TƏHLİL
“Cəbhədə vəziyyət gərgindir. Gərginlik Ermənistanın təxribatı nəticəsində davam edir. Bu gərginlik həmsədr ölkələrinin faktiki olaraq himayəsi altında davam etməkdədir”.

Dominant.az xəbər verir ki, Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, bu gərginlik Azərbaycanın bəzi qonşularının himayəsi altında davam edir: “Qarabağa gedən terrorçu qrupların İran vasitəsi ilə keçdiyi barədə xəbərlər almışdıq. Rusiyanın Ermənistana silah ötürməsini görmüşdük. Artıq həqiqəti olduğu kimi demək lazımdır. Həqiqət isə budur ki, Azərbaycana qarşı münasibətlərdə görünən odur ki, onlar öz cinahlarını seçiblər. Azərbaycan da cinah seçməkdə tam sərbəsdir. Bundan sonra Cənubi Qafqazda baş verən hadisələrin məsuliyyəti Ermənistandadır”.



Ötən gün və bu gün baş verən gərginlikdə isə Ermənistanla yanaşı həmin ölkəni himayə edənlər də məsuliyyət daşıyır: "Məsuliyyət həm də Ermənistanın bu “siyasətinə” kömək edənlərdə, Ermənistanın təcavüzkarlığına susan və yanında olan dövlətlərdə olacaqdır. Sərhəddə biz kifayət qədər ciddi məsələləri görürük. Dünən Şəmkirdə PUA məsələsi, bu gün səhər saatlarında Azərbaycan əsgərinin Tovuz istiqamətində şəhid olması, dünəndən etibarən Tovuz istiqamətində Azərbaycana qarşı silahların, atəş səslərinin eşidilməsi onu göstərir ki, müharibə artıq reallıqdır. Azərbaycan düşmənlərə qarşı adekvat cavab verəcəkdir. Bu cavab nəticəsində vaxtı ilə itirilən ərazilərimizi tezliklə bərpa edəcəyik. Tezliklə hər birimiz bunun şahidi olacağıq”.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyindən verilən son açıqlamada qeyd edilib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar