Paşinyanın beş bəndi: məğlubiyyətə bəraətlə hakimiyyətə davam TƏHLİL

19 Oktyabr 2020 14:33    656 Baxış   
Paşinyanın beş bəndi: məğlubiyyətə bəraətlə hakimiyyətə davam  TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan “facebook” sosial şəbəkəsindəki hesabında paylaşım edib. O, Dağlıq Qarabağ münaqişəsindən söz açmaqla əslində ölkəsinin düşdüyü acınacaqlı durumla bağlı anonslar verib. Ancaq məsələ yalnız bu deyil…

Paşinyan beş sual müəyyənləşdirib və həmin suallara da cavab verməklə həm mövcud vəziyyəti diqqətə çatdırıb, həm də bəlkə fərqinə varmadan öz hakimiyyətini qorumaq yollarını açıqlayıb.

Paşinyanın bildirdiklərini öz şərhimizlə diqqətə çatdırırıq:

1. “Biz bu müharibədən qaça bilərdikmi? Bəli, əgər əraziləri geri qaytarsaydıq və Qarabağın statusunun qeyri-müəyyən qalmasına və gələcəkdə statusunun dəqiqləşdirilməsinin mexanizminin olmamasına razılıq versəydik”.

Ermənistanın baş naziri müharibənin qaçılmazlığını əsaslandırır. Yəni deyir ki, Qarabağı Azərbaycana versəydik, müharibə olmayacaqdı. Diqqət edək ki, o, Qarabağı Azərbaycana qaytarmaq ritorikası üzərində dayanır. Bu adam üçün nizamlama prosesi ümumiyyətlə yaddır. Sırf Qarabağın statusundan danışır ki, burada da ərazinin Azərbaycanın tərkibində qalmasının yolverilməzliyi gün kimi aydındır. Faktiki olaraq Paşinyan bildirir ki, torpağı Azərbaycana qaytarmaq Dağlıq Qarabağın statusu məsələsinin üzərindən xətt çəkmək deməkdir.

Ermənistanın baş naziri birmənalı qaydada indiyədək münaqişənin nizamlanması ilə bağlı gedən danışıqları kənara atır. Hətta o danışıqların Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək statusun verilməsinə dair Azərbaycanın rəhbərliyinin səsləndirdikləri fikirləri qəbul etmir. Halbuki həmin fikirlər bölgədəki erməni varlığını inkar etmirdi. Yəni ermənilər orada yaşaya biləcəkdilər.

Ancaq bu məsələdən çox güman, Ermənistan cəmiyyətinin xəbəri olmayıb. Çünki Paşinyana qədərki erməni liderləri əhaliyə prosesin mahiyyətini anlatmayıblar. Təxminən belə - torpaqdır tutmuşuq, yaşayırıq. Vəssalam! Azərbaycanla da danışaq, başını qataq. 30 il ərzində bunu etdilər. Daha edə bilməyəcəklər.

2. “Biz danışıqlar yolu ilə hansısa uyğun nəticə əldə edə bilərdikmi? Xeyr, çünki bununla bağlı yalnız 2011-ci ildə Kazanda imkan olub”.

Bu bənddə Paşinyan əslində özünə bəraət qazandırmaq yolu tutub. O, erməni cəmiyyətinə uduzduğunu bildiyi müharibənin qaçılmazlığını izah etməyə çalışır. Bu fikir bir qədər sonra "nə edək, müharibə apardıq, uduzduq, alınmadı" deyilməsi üçün zəmin formalaşdırmaqdır. Paşinyan ilk dəfə Ermənistan parlamentindəki çıxışında bu məsələnin üzərinə gəlmişdi. O, parlament üzvlərinə müraciət edərək açıq sual ünvanlamışdı - kim Azərbaycana torpaq qaytarmaq istəyir? Təbii ki, orada kimsə söyləyə bilməzdi ki, torpaqları qaytaraq. Beləcə Paşinyan müharibə qərarının yalnız onun ideyası olmadığını deyir və çalışır ki, məsuliyyəti bölüşsün. Bu, bölüşmə isə həm də məğlubiyyət məsuliyyətinin bölüşməsi anlamına gəlir.

Paşinyan bir neçə gün öncə xalqa müraciətində də sırf bu məqamın üzərində dayanmışdı. Demişdi ki, Azərbaycan istəyir ki, əvvəl 5 rayonu, sonra 2 rayonu qaytaraq. Onu da demişdi ki, buna razı deyil. Görünür ki, Paşinyan hansısa formada çalışır ki, ona daxildə dəstək verən kimsə olsun. Amma yoxdur. İndiki vəziyyətdə heç olmayacaq da. Çünki Paşinyan Şuşada yallı getməklə, "Qarabağ Ermənistandır" deməklə alovu bir növ körükləmişdi. Ona qədərki erməni liderlər heç vaxt belə açıq demarş etməmişdilər. Ancaq onlar 30 ilə yaxın müddət ərzində Ermənistan əhalisini Qarabağın onların ərazisi olması reallığına inandırmağı bacarmışdılar. Paşinyana öz yallısı ilə belə demək mümkünsə, özgə uğurunun təntənəsini qeyd etmək istəyi baha başa oturdu. Hazırda o, çıxılmaz vəziyyətdədir. Çünki sıravi erməni 30 il ərzində Qarabağın erməni torpağı olması cəfəngiyyatı ilə bəslənib.

3. “Biz bu müharibəni dayandıra bilərikmi? Nəzəri cəhətdən bəli. Yuxarıdakı ikinci punktda göstərdiyimdən də pis formaya razılaşsaq”.

Paşinyan yaxşı başa düşür ki, indiki halda müharibəni dayandırmaq üçün Azərbaycan qarşısında real təkliflə çıxış etmək ölkəmizin dediklərinə sözsüz əməl etmək deməkdir. Paşinyan yenə də müharibə ritorikasına sadiqdir. Başqa yolu yoxdur. İzah etdik ki, nə üçün bu yol yoxdur.

4. “Müharibə Qarabağın statusunu həll edə bilərmi? Bəli, əgər müharibədə qalib gələ bilsək”.

Məlumdur ki, Ermənistan müharibədə qalib gələ bilsə, Qarabağa status lazım olmayacaq. Həm ərazi, həm də ətraf rayonlar Ermənistana birləşdiriləcək vəssalam. Üstəlik, Ermənistanın ərazi iddialarının miqyasını nəzərə alsaq, ölkənin Azərbaycanla müharibədə qalib gəlməsinin nə demək olduğunu təsəvvürə gətirmək sadəcə dəhşətdir.

5. “Biz müharibədə qalib gələ bilərikmi? Bəli, əgər milli potensialımızı bu məqsəd üçün kökləyə bilsək, bu məqsəd üçün səmimi və igidliklə mübarizə aparsaq”.

Ermənistanın baş naziri bu fikri ilə ölkəsinin hazırda məğlub durumda olduqlarını açıqlayır. Qalib deyilsənsə, demək ki, məğlubsan. Ortada məğlubiyyətə don geydirmək üçün vasitələr də var. Azərbaycana guya Türkiyə, Pakistan kimi ölkələr kömək edir, nə bilim Suriydan terrorçular gəlir və s. Ermənistan rəsmiləri ölkəyə qarşı guya islamçıların yürüş etdikləri cəfəngiyyatını qabardır. Bu, həm də daxilə mesajdır. Yəni bizə qarşı qüvvələr güclüdür, nə edək bacarmadıq? Paşinyan hətta ölkəsinin durumunu 1938-ci ildə Çexoslovakiyanın durumu ilə müqayisə etmiş və bildirmişdi ki, həmin il düzənlənmiş Münhen konfransında dünya dövlətləri ölkənin nasist Almaniyası tərəfindən işğalına göz yumduqları kimi, guya hazırda da Azərbaycanın hərəkətlərinə laqeyd yanaşırlar. Bu qədər sərsəmləməni yəqin ki, ancaq Ermənistanın baş naziri bacara bilər…

Bəs Paşinyanın milli potensialı birləşdirməsi nə deməkdir? Bu, ancaq və ancaq hakimiyyətdə daha çox qalmaq üçündür. Yəni xəstə xalq döyüşsün. Tam taqətdən düşsün. Hətta ölə də bilər. Paşinyan da Azərbaycanla təslim olmaq haqqında akt imzalasın, ərazi iddiasından əl çəksin. Ermənistanda isə ona qarşı çıxacaq kütlə qalmasın. Ona görə Paşinyan hazırda Ermənistanda, ümumən dünyada Qarabağın ermənilərə aid olduğunu düşünən kim varsa, hamısını Qarabağda Azərbaycan əsgərinə qırdıracaqdır. Baxın, xaricdən erməni biznesmenlər, iş adamları Qarabağda döyüşmək üçün gəlirlər. Demək olar, hər gün Azərbaycan ordusu onları cəhənnəmə vasil edir. Azərbaycanlılara qarşı cəlladlıq etmiş Rustam Qasparyan kimi “Qarabağ sevdalısı” oğlu ilə birlikdə gəbərdi. Başqa “məhşurlar”ın da gəbərdikləri hər gün açıqlanır. Arxayın olun ki, Paşinyan belələrinin hamısını gətirib başına dron yağdırtdıracaqdır. Milli potensialı səfərbər etmək budur. Məhv etmək üçün səfərbər etmək. Unutmayaq ki, Soros başlı biri üçün milli potensial sabun köpüyüdür, başqa heç nə. Hər kəs qırılandan, müəyyən qisim isə həbsxanaya atılandan sonra Paşinyana qarşı müxalif mövqe tutacaq kimsə qalmayacaq. Beləcə o, hakimiyyətini sürdürəcək.

Bütün bunları nəzərə alaraq, Paşinyanın hazırkı məqamda Azərbaycanın dediyi şəkildə sülhə gedəcəyini düşünmək mümkünsüzdür. Və hazırda Ermənistan cəmiyyətində ona narazı olan xalqı yönləndirəcək güclü siyasi qüvvə olmadığından, Paşinyanın hakimiyyətinin davamlı olacağı görünür. Ermənistanda xalq kütlələrinin kortəbii şəkildə ayağa qalxmasının qarşısı isə atəşkəsə riayət etməməklə, daha doğrusu, döyüş zonalarını bürümüş çoxsaylı erməni meyitlərinin götürülüb sahiblərinə təhfil verilməməsi ilə alınır.

"Baki-Baku.az" Analitik Qrupu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar