"Qarabağ cəbhəsində müharibəyə başlanılması gözləniləndir"

22 Sentyabr 2020 10:03    854 Baxış   
"Qarabağ cəbhəsində müharibəyə başlanılması gözləniləndir"
Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib. Həmçinin Dövlət Səfərbərlik Xidməti tərəfindən dünəndən etibarən, Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılmağa başlayıb.

Bütün bu baş verənlərdən sonra indi cəmiyyət bir neçə suallarla üz-üzədir. Düşmənin PUA-sı Şəmkirə necə gəlib? Bütün bu baş verənlərdən sonra nəhayət savaş əmri verilə bilərmi? Yoxsa bu dəfə ümidlər suya düşəcək?

Dominant.az bu suallara təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla aydınlıq gətirməyə çalışıb.



İ.İsmayıl əvvəlcə düşmən PUA-sının vurulması ilə bağlı əhalidə müxtəlif fikirlər yaranmasının səbəbi barədə danışıb: "Şəmkirdə düşmən PUA-sının vurulması, qəribə də olsa, Müdafiə Nazirliyi tərəfindən deyil, Musavat.com tərəfindən yayılıb, sonra Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib və bu məsələ bir sıra suallar doğurub. Niyə PUA Şəmkir rayonu ərazisinə qədər sərbəst gəlib? Gecə vaxtı taktiki PUA hansı funksiya yerinə yetirib? Müdafiə Nazirliyi niyə bu barədə çox xəsis məlumat yayır? Ona görə də PUA-nın vurulması və ya özünün partlaması qeyri müəyyəndir".


Həmsöhbətimiz müharibə ehtimalının nə qədər olması ilə bağlı şəxsi qənaətini də açıqlayıb: "İlk baxışda cəbhə bölgəsində müəyyən hazırlıqların görülməsi, səfərbərlik elan edilməsi, dövlət başçısının sülh danışıqlarının nəticəsiz olduğunu və qarşı tərəfin müharibəyə hazırlaşdığını elan etməsi və sairə işlərin görülməsi müharibə olacaq anlamını verir. Tovuz döyüşlərində ermənilərin üstünlüyünü məhv etmək üçün sonra Qarabağ cəbhəsində müharibəyə başlanılması gözləniləndir".


İlham İsmayıl, həmçinin Tovuz hadisələri ərəfəsində insanlarda olan ruh yüksəkliyi ilə müqayisdə indiki, sanki ümidsizliyin, sönüklüyün səbəblərinə də aydınlıq gətirib: "İnsanlarda həvəsin olmaması daxili şərtlərlə bağlıdır. İyulun 14-də həvəsli insanların bir qrupunun həbs edilməsi və ümumiyyətlə son iki ayda aparılan həbslər cəmiyyətdə ruh düşkünlüyü yaradıb. Ölkədə humanist addımlar atılmadıqca, qarşıdurma yumşalmadıqca könüllü cəbhəyə getmək əhval-ruhiyyəsi, həvəsi aşağı olacaq. Bu gün hakimiyyətin onu tənqid edənlərlə açıq söhbət aparması lazımdır. Söhbət yalnız müxalifət partiyalarından və işi yalnız dövlət başçısından məişət problemlərini həll etmək məqsədilə görüşən "ziyalılardan" getmir. Müstəqil və rəy formalaşdırmaq imkanlarına malik həqiqi şəxslər nəzərdə tutulur. Ölkədə vətəndaş barışığına ehtiyac var, indi o yoxdur. Hətta, belə həssas ərəfədə məmur özbaşınalığı davam edir və hədəf də çox vaxt şəhid ailələri və müharibə veteranları olur. Daxili gərginlik qalxmadığı üçün o həvəs qabarıq şəkildə özünü göstərmir.

Turqut Qılınc



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar