Sahibə Qafarova Britaniyanın nümayəndə heyətinə Ermənistanın terrorçu əməllərindən danışdı

12 İyun 2021 18:18    197 Baxış   
Sahibə Qafarova Britaniyanın nümayəndə heyətinə Ermənistanın terrorçu əməllərindən  danışdı

Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dominant.az xəbər verir ki, Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə parlamentin spikeri bildirib ki, İngiltərə hökuməti ərazi bütövlüyü məsələsi də daxil olmaqla həm ikitərəfli, həm də çoxtərəfli formatda prinsipial məsələlərdə Azərbaycan Respublikasının mövqeyini dəstəkləyir.

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü yerinə yetirib.

O qeyd edib ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir.

Spiker, iyunun 4-də 3 nəfər azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq, əlavə edib ki, onlardan ikisi jurnalistdir.

Sahibə Qafarova həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri - Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malik, siyasi təhlilçi Qureyşi Şahid, “T-vine” nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvard, tədqiqatçı Reynolds Nikolas Azərbaycana səfərlərindən, ölkəmizdə gördükləri inkişafdan məmnunluqlarını bildiriblər.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar