Şəhid leytenant Tural Aslanovun anım mərasimi keçrilib

08 Noyabr 2021 13:05    3130 Baxış   
Şəhid leytenant Tural Aslanovun anım mərasimi keçrilib

Bu gün Yardımlı rayonun Çayüzü kəndində 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Tural Elşən oğlu Aslanovun anım mərasimi keçirilib. İzdihamlı anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, qazilər və qonaqlar iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və şəhidin məzarı üzərinə gül dəstələri qoyublar. Daha sonra mərasim iştirakçıları şəhidin bir illiyi ilə əlaqədar Çayüzü kəndində ata evində təşkil olunmuş il mərasiminə qatılıblar.

Qeyd edək ki, Tural Elşən oğlu Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3 aylıq zabitlik kursundan sonra "N" saylı hərbi hissədə leytenant rütbəsində təxris olunana qədər xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunun Çayüzü kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Səid Əhmədli







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar