Bu gün, Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadəni itirdik. Jurnalist Bahəddin Həzi öz "Facebook" hesabında Hikmət Hacızadə ilə bağlı xatirələrini bölüşüb.
Dominant.az sözügedən statusu təqdim edir:
"1992-ci ilin əvvəli idi. Hikmət Hacızadə bizim iş yoldaşımızdı. Redaksiyamızda oturduğu otağın divarına bir neçə məzəli, maraqlı ifadə yazmışdı. Buna təəccüblənmirdik də. Əslən Şəkidən olan bir adamın yumoru təbii idi. Onun yazdıqları arasında belə bir cümlə də var idi: "Adam kişi olar, kişi də gərək Adam olsun". Hikmət bəydən bu cümlənin açmasını soruşdum. Dedi: "Hər adam Kişi deyil, hər kişi də Adam deyil".
Hikmət bəyin o zaman cəmi 38 yaşı vardı. Amma artıq adını tarixə yazdırmış böyük Kişilərdən biri idi. Həm də adam kimi Adam. İstiqlal tariximizdə, demokratiya mübarizəmizin tarixində, diplomatiyamızın tarixində, dövlət quruculuğumuzun, mülki cəmiyyət quruculuğumuzun, elmimizin, mətbuatımızın tarixində... Hikmət Hacızadə adı var, həmişə də qalacaq.
İctimai proseslərin önündə getsə də, daim kulisində qalmağı bacaran, dərin erudisiyası, dəmir məntiqi, hadisələrə və proseslərə hamıdan fərqli, sağlam yanaşması olan təvazökar bir insan idi Hikmət bəy. Və inanılmaz dərəcədə mehriban. Başqaları kimi özünü "qurudub", qaşlarını düyünləyib böyük və zəhmli lider obrazı "yaratmaq"onun üçün deyildi. Geyimindən tutmuş yerişinə duruşuna, düşüncəsindən, təfəkküründən tutmuş yazısına, danışığına qədər - qəlbən azad bir adam idi. Simpatiyasını da gizlətməzdi, antipatiyasını da. Ancaq bunları da qaydasında ifadə edərdi.
Siyasi Yalquzaq idi Hikmət Hacızadə. Düşüncə dissidenti, ictimai fikir dissidenti, mental ifratçılğa qarşı dissident. Çoxlu sayda adamların arasında Tək idi. Tənha yox, Tək adam. Bu barədə mübarizə yoldaşı olmuş Tofiq Qasımova da çox bənzəyirdi. Amma eyni zamanda hər ikisi bənzərsizdi. Çox maraqlı, səmimi, ağıllı, çox düşünən, az danışan, çox işləyən bir İnsan. Onunla darıxmazdın.
İtirdik belə bir İnsanı. Allah o dünyasını versin! Toplum olaraq kisəmizdən getdi".