Möö vitamini də var. Möö vitamini indiki zamanda çox vacib, çox faydalıdır. Bir dəfə “mööö” deyirsən, oturursan kresloya və — “mööö, rüşvət ver, rüşvət al, məni gör” — deyib olursan ətlik dana. Biz belə danaları çox görmüşük. Sonralar dərisi də faydalı olur, əti də... Anlayan anladı — nə demək istədiyimi. Bu mənzərə hələ çox su aparacaq...
Hələ “girmək vitamini”, “girib çıxa bilməmək vitamini” cari ilin göstəricilərinə görə ölkəmizin iqtisadiyyatına bir xeyli fayda vermişdir — daldan-cibə atılan qəpik-quruşla... Bu yoxuşla üstdən aşağı yuvarlanan, öz kabinetində xumarlanan Mədəniyyət Nazirliyinin əməkdaşları düşüblər vəlvələyə. Nura Surini tələyə salmaq istəyiblər, düşməyib. Bişirmək istəyiblər, bişməyib. Didişmək istəyiblər, didişib, ittifaqları dağılıb!
Mən öz təcrübəmdən bilirəm ki, Mədəniyyət Nazirliyinə mədəniyyəti yox, maddiyyatı bilən şəxslər lazımdır.
2009–2011, 2013–2016-cı illərdə Ucar rayonu Mədəniyyət Evində Bədii Rəhbər vəzifəsində işləmişəm. Rəhmətlik Elmi və Ruslan müəllimlərlə birlikdə bir xeyli tədbirlər hazırlamışam, bir neçə tədbirin ssenarisini yazmışam. Dəfələrlə teatr və qiraət festivallarında işlədiyim yeri təmsil edib mükafatlar almışam. Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm.
İllərdir Ucar rayonunda “məsləhətçi” vəzifəsi boşdur. 2024-cü ildə boş qalan bu iş yeri üçün Nazirliyə müraciət etdim. Nazirliyə dəvət olundum, CV-mi də aldılar və bildirdilər ki, iş təcrübənizə baxmayaraq “dövlət qulluğu” sayılan bu vəzifəni icra edə bilməzsiniz. Fəqət, müqavilə əsasında biz sizinlə işləyə bilərik. Aylarla cavab gözlədim. Cavab gəlmədi. Sonra nazirin özünə məktub ünvanladım. Cavab gəldi: “Bu vəzifə üçün dövlət qulluğu imtahanından keçməlisiniz”.
Sual edirəm:
— Əgər belə idisə, məni Nazirliyə niyə dəvət edirdiniz?
— Niyə əməkdaşınız mənə dedi ki, “1 illik müqavilə ilə əməkdaşlıq edə bilərik”?
Mədəniyyət Nazirliyinə ədəbiyyat, sənət, yaradıcılıq əsla lazım deyil. Lazım olsaydı, yüksək vəzifəli məmurlarının məmurluqdan çox yaradıcılıqla yaxından-uzaqdan qohumluqları olardı.
Elə bu səbəbdəndir ki, abırlarına bürünən istedadlı şəxslər arxa planda qalır, arxalarını böyüdən şəxslər isə sosial platformalarda at oynadıb it ələ salırlar.
Dövlət və dövlətin əlaqədar mexanizmləri elmə və mədəniyyətə sahib çıxmayanda Prezident İlham Əliyevin toxunduğu dil də dil olmaqdan çıxır, el də el olmaqdan çıxır.
Əminliklə deyə bilərəm ki, YouTube-dakı “Kənd həyatı” kimi kanallar Azərbaycan mədəniyyəti və turizmi adına Mədəniyyət Nazirliyindən daha çox iş görür.
Dəqiqliklə deyə bilərəm ki, Azərbaycan musiqisini Türkiyədə və bir çox ölkələrdə Mədəniyyət Nazirliyi yox, Azərbaycan müğənniləri tanıdıb.
Mədəniyyət Nazirliyi nə iş görür?
Əslində bu sualın cavabı həm çox sadədir, həm də çox acıdır: nazirlik kağız üzərində mövcuddur, real həyatda isə fəaliyyətini yalnız “görünən qədər” göstərir. Azərbaycanda mədəniyyətin tanıdılması üçün lazım olan mexanizmlər işləmir, işləsə də keyfiyyət və peşəkarlıq baxımından normal standartlara belə yaxın düşmür.
Mədəniyyət Nazirliyinin Azərbaycan mədəniyyətini tanıtması üçün nə etməlidir?
1. Peşəkar kadr siyasəti qurmaq
Mədəniyyəti tanıtmaq üçün ilk növbədə mədəniyyəti anlayan, sənətin nə olduğunu bilən, illərlə bu sahədə çalışan, festival görmüş, layihə hazırlamış, oxumuş-yazmış adamlar lazımdır.
Yoxsa kabinetdə oturub özünü “fəxri mədəniyyət işçisi” elan edən şəxslərlə heç bir irəliləyiş nə mümkündür, nə də gözləniləndir.
2. Region mədəniyyətinə real investisiya qoymaq
Regionların mədəniyyət şöbələri, mədəniyyət evləri, klublar kağız üzərində möhtəşəmdir — amma real vəziyyət illərlə toz basmış pərdə və işləməyən musiqi aparatıdır.
Rayonlarda istedadlar var, amma onların irəli çıxması üçün şərait yoxdur. Nazirlik bu mərkəzləri müasir standartlarla təchiz etməli, fəaliyyətlərini illik planla yox, real layihələrlə doldurmalıdır.
3. İstedadlı şəxslərə şərait yaratmaq
Hamı bilir ki, istedadlı insanlar ya arxa planda qalır, ya da Bakıdan uzağa düşdüyü üçün heç kim onların adını belə eşitmir.
Nazirlik yeni platformalar qurmalı, müsabiqələr təşkil etməli, regional festivalları bərpa etməli, gənclərə yol açmalıdır. Bu gün bunu edən… YouTube-dakı “Kənd həyatı” kanallarıdır. İroniyaya bax ki, bunu dövlət qurumu deyil, sadə vətəndaşlar edirlər.
4. Azərbaycan mədəniyyətinin xaricdə tanıtımı üçün proqram hazırlamaq
Türkiyədə Azərbaycan musiqisini məşhur edən nazirlik olmayıb — müğənnilər olub.
Xaricdə sərgilər, musiqi gecələri, film festivallarında iştirak üçün ciddi proqram lazımdır. Nazirlik yalnız “iştirak etdik” adlı hesabat hazırlamaqla kifayətlənməməlidir; dünya səviyyəli tədbirlərdə aktiv nümayəndəliyə ehtiyac var.
5. Şəffaflıq və hesabatlıq sistemi qurmaq
Hər bir layihə, hər bir tender, hər bir tədbirin maliyyə hesabatı açıq şəkildə göstərilməlidir. “Mədəniyyət layihəsi” adı ilə büdcədən ayrılan pulların hara getdiyi, kimin cibinə axdığı bəlli olmadığı müddətdə mədəniyyət inkişaf etməyəcək.
6. Dövlət qulluğu bəhanəsini aradan qaldırmaq
Mədəniyyət işçisi dövlət qulluqçusu olmaq məcburiyyətində deyil. Yaradıcılıq sahəsi imtahanla yoxlanmır — işlə, layihə ilə, istedadla ölçülür.
Əgər bir şəxs illərlə mədəniyyət evində çalışıb, festivalda iştirak edib, tədbir ssenarisi yazıbsa — onun qarşısına “imtahan ver, sonra baxarıq” demək sadəcə bürokratik divardır, mədəniyyətə xidmət deyil.
7. Qorunan yox, yaradıcı mədəniyyət siyasəti yürütmək
Mədəniyyət Nazirliyi hazırkı passiv vəziyyətindən çıxmalı, yalnız “mövcud olanı saxlayan” qurum yox, yenilik yaradan, ideya verən, istiqamət göstərən quruma çevrilməlidir.
Əks halda şəhərin mərkəzində keçirilən bir-iki tədbirlə mədəniyyət tanıdılmır.
Nəticə olaraq:
Azərbaycanda mədəniyyətə sahib çıxanlar məmurlar deyil — xalqın özü, sənətdən başı çıxan insanlar, müğənnilər, rəssamlar, aktyorlar və ən əsası, internetdə öz gücü ilə çalışan yaradıcı insanlar olub.
Nazirlik isə hələ də görməli olduğu işləri görmür, görmək istədiklərini isə sadəcə protokollarda qeyd edir.
Mədəniyyət Nazirliyi nə iş görür?
Həlləm-qəlləm… özü də bilmir nə iş görür.
Elçin Aslangil