Poeziyanın Perelmanı bizi tərk etdi

12:23    45 Baxış   
Poeziyanın Perelmanı bizi tərk etdi

Daha bir doğmamızı itirdik. Bu dəfəki ayrılığın adı Məmməd İsmayıl. Yubileyində yazdığım bir yazımda "Poeziyanın Perelmanı" adlandırdığım Böyük Ustad bizi tərk etdi.

Mənə söz vermişdi, sağalıb ayağa qalxanda, eyni maşında Tovuzdakı o balaca cənnətə - Əsrik Cırdaxana gedəcəkdik. Ancaq qalxa bilmədi, gedə bilmədik...

Yox, Məmməd əmi haqqında daha keçmiş zamanda danışmayacam. Çünki o, bizim keçmişimiz deyil ki! Gələcəyimizdə də yeri həmişə olacaq. Bir-birindən dəyərli əsərləri, şeirləri, yazıları, işıqlı xatirəsi ilə bizim sabahımızda da var Məmməd İsmayıl.

Ona görə də rekviyem yaza bilmərəm. Əksinə, onun şad günündə yazdığım bir yazımı təkrar paylaşıram. Məmməd əminin ruhuna şəfa olsun.

Ruhun həmişə şad, məqamın da həmişə uca olsun! Sən bu dünyada Kişi kimi yaşadın, Kişi kimi də köçüb getdin. O bizi yaradan Kişi özü səndən rəhmətini əsirgəməsin! Səni çox sevdik, heç unutmayacağıq, Ustad.

Bu da 85 illik yubileyində sənə həsr etdiyim həmin o yazım:

Poeziyanın Perelmanı və ya qocalmağa gecikən xoşbəxt

Ustad Məmməd İsmayıl haqda deyiləcək o qədər çox söz var ki... İllərlə, onillərlə deyilməmiş sözlər. İllah da o Vətəndən qıraqda olanda deyilməliydi bu fikirlər, təqdirlər. Lap elə tənqidlər də.

Bizdə ədəbi tənqid, bilmirəm, var, ya yoxdur. Ədəbli tənqid isə, deyəsən, heç yoxdur. İki cümlədən sonra mahiyyəti bir yana buraxıb şəxsiyyətə keçmək kimi bir xəstəliyimiz var. Bizdə bir çox hallarda təqdir - bütpərəstlik səviyyəsinə qədər qalxır, tənqid isə "yıxıb sürümək" səviyyəsizliyinə kimi enir.

Ancaq Məmməd İsmayıl bunlardan uzaqda yaşayan və halalca yaşlanan söz ustasıdır. Nə tərifdən göylərə uçan, nə tənqiddən yıxılan bir şəxsiyyət olmayıb və deyil. Məmməd İsmayıl sevgi aclığı da çəkməyib, çörək qıtlığı da. Təkcə bir nisgili olub; Məmməd İsmayıl bir dönəm - ömrünün ən verimli çağlarında Vətən "aclığı", xalq "qıtlğı" çəkib.

Türkiyə, əlbəttə, Şair üçün qürbət ölkə deyildi. Elə olsaydı, Məmməd İsmayıl orda bu qədər uzun müddət yaşaya bilməzdi axı. Amma neyləyəsən ki, Şairin içində, ruhunda bir qürbət vardı.

O, Türkiyədən ədəbi yaradıcılığın, bədii sözün daha geniş meydanına açıldı; Türk dünyasının şairinə çevrildi. Şeirləri dünyanın xeyli dilinə yayıldı. Əvvəl də yazdığım kimi, Məmməd İsmayıl bir dünya şairi oldu. Ancaq çölündəki dünya ona qucağını açdıqca, öz içindəki dünya onu sıxırdı. Dünyada daha çox tanındıqca, Dünyanın qapıları üzünə taybatay açıldıqca, Vətənin pəncərəsi belə üzünə bağlanırdı sanki. Dünyası "genişləndikcə", ölkəsi "daralırdı". Yad diyarlarda adı anıldıqca, öz məmləkətində sanki daha çox "unudulurdu".

Bunlar bir dərd olaraq, Məmməd İsmayılın ruhuna da, gözlərinə də, sözlərinə də çökmüşdü. Bu dərd onu için-için çökdürmüşdü. Bəlkə bu namərd, amansız xəstəlik də elə o mənəvi dərdin fiziki inikasıdır.

Amma ən ağır dərdlər də əsl mərdləri yenə bilmir və Məmməd İsmayıl da dərdlərinə mərdliklə sinə gərdi.

Bu gün o, mənəvi ağrılardan (qismən, ya da əsasən) qurtulub. Ona görə də fiziki ağrılara güc gələ bilir. Çünki ayağı Vətən torpağındadır. Doğma torpaq güclü olur axı. Bu anlamda Məmməd İsmayıl 85 yaşlı xoşbəxtdir; ömrünün bu çağında öz evində, yurdundadır. Bu da doğmalıq duyğusunu doyunca yaşamaq həvəsi verir. Ən azı təskinlikdir. Gecikmiş də olsa, xoşbəxtlikdir.

Bu günlərdə İbrahim Nəbioğlunun bir paylaşımını oxudum. O yazır ki, kainatın riyazi formulu haqqında hipotezi ilk dəfə fransız riyaziyyatçı Anri Puankare ortaya qoyub. Buna görə də o formula da "Puankare teoremi" deyiblər. Ancaq ondan 100 il sonra yəhudi əsilli rus riyaziyyatçısı Qriqoriy Perelman bu hipotezin isbatını verib. Buna görə Perelman prestijli Fields medalına və ABŞ-dakı Kley (Clay) institutunun 1 milyon dollarlıq pul mükafatına layiq görülüb. Ancaq dahi riyaziyyatçı hər iki mükafatdan imtina edib.

Perelmanın o medaldan və puldan imtinası çox düşündürücüdür. Yəqin ki, bunun özəl səbəbləri var. Hər halda halal haqqından imtina edib. Bu, elə-belə deyil.

Məmməd İsmayıl da ömrü boyu halal haqqı olan çox şeydən imtina edib. Rəyasətdən, şöhrətdən, maddiyyatdan üz çevirib gedib. Bircə Ədəbiyyatdan üz çevirməyib. Ən başlıcası kökündən, Vətənindən heç vaxt qopub getməyib. Bir əli Allahının, bir əli isə Xalqının ətəyində olub həmişə. Ona görə də kim onu unutsa da, Allahının və Xalqının yadından heç vaxt çıxmadı və Tanrı imkan verdi ki, Şair ömrünün 85-ci səhifəsini də Xalqı ilə birlikdə yazsın.

Bəli, ustad şair, nasir, publisist, alim və müəllim kimi Məmməd İsmayıl öz adını möhürə çevirdi. Bu səksən beş ilin hər saniyəsini haqq etdi. Haqqını unudanlar olsa da, o, həmişə Haqqın yadındadır və yanındadır.

Məmməd İsmayıl yaşlanmağa tələssə də, qocalmağa gecikmiş xoşbəxtdir. Özü doxsana doğru getsə də, ruhu yaşından çox cavandır; şair təbi hərəkətli, yazıçı qələmi bərəkətlidir. Səhhətindəki mərəz Şairi cismən bir qədər zəifləsə də, o, bu nisbi fiziki zəifliyini belə yaradıcı gücə çevirə bilib. Sevir, sevilir. Düşünür, düşündürür, oxuyur, yazır, oxudur. Yeni bədii "məhsul"larla ruhumuzu doyuzdurur. Bizi əsl poetik Sözə ac qoymur...

Bahəddin Həzi



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar