AY Partiya soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirdi

31 Martt 2022 13:45    687 Baxış   
AY Partiya soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirdi

Azərbaycan Yüksəliş Partiyasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

“31 mart soyqırımına siyasi-ideoloji müstəvidə baxış” mövzusunda keçiriən tədbirdə açılış nitqi söyləyən AY Partiya Başqanının Humanitar məsələlər üzrə müavini Nigar Sultanlı bildirib ki, erməni-rus birləşmələrinin 1918-ci ilin mart soyqırımları nəticəsində on minlərlə Azərbaycan türkü qətlə yetirilib: “Bu soyqırımları insanlarla yanaşı, yaşayış yerləri, kəndlər, qəsəbələr, müəssisələr, milli mətbuatımızın yerləşdiyi redaksiyalara qarşı da törədilib”.

AMEA Tarix İnstitunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı mart soyqırımlarına tarixi cəhətdən baxmaqla yanaşı, siyasi-ideoloji əsaslarının araşdırılmasının da vacib olduğunu bildirib. O, tədbirin təşkili üçün AY Partiyaya təşəkkür edərək deyib ki, ilk dəfə bu mövzuda elm və siyasət adamları birlikdə müzakirə aparır.

M.Ağalarlı çar və Sovet Rusiyasının Türk Dünyasına qarşı daim soyqırımı siyasəti həyata keçirdiyini diqqətə çatdırıb: “Ermənilər isə bu məsələdə həmişə cinayət aləti kimi istifadə ediliblər. Qətliamlar bütün mənalarda törədilib – sosial, mədəni və s.”.

O, Ürkün, Fərqanə və digər soyqırımlarını xatırladıb, 1926-30-cu illərdə 4,8 milyon nəfər əhalisi olan Qazaxıstanda 2,5 milyon nəfərin aclığa məruz qoyularaq öldürüldüyünü bildirib: “Öldürülən qazax türklərinin yerinə ruslar bölgəyə köçürülüb. Buna görə Qazaxıstan əhalisinin xeyli hissəsini ruslar təşkil edir. 1905-1940-cı illərdə ruslar Quzey və Güney Azərbaycanda 40 milyon soydaşımızı qətlə yetiriblər. Təklif edirəm ki, ortaq Türk Soyqırımı Günü elan olunsun. Bu məsələdə ən böyük iş siyasətçilərin üzərinə düşür”.

Daha sonra çıxış edən kulturoloq, professor Mübariz Süleymanlı o dönəmdə Bakının azad edilməsi üçün Qafqaz İslam Ordusunun yaradıldığını xatırladıb, bu ordunun Bakı və digər şəhərlərimizi xilas etdiyini bildirib.

BDU-nun dosenti Boran Əziz isə məruzəsində soyqırımların əslində 1917-ci ilin oktyabrından başladığını deyərək, Cümhuriyyət dönəmində də davam etdiyini diqqətə çatdırıb: “1919-ci ilin martında 300 nəfərin iştirakı ilə mart faciəsinə həsr olunmuş konfrans keçirildi, simvolik olaraq, 31 Mart soyqırımı günü seçildi. Həmin vaxt ölkə ərazisində təziyə mərasimləri keçirilir, ehsanlar verilirdi. Daha geniş tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, Cümhuriyyətin süqutu buna imkan vermədi”.

Boran Əziz soyqırımı ilə bağlı böyük tarixi araşdırmaların aparılmasının, çap olunmasının, başqa dillərə tərcümə edilib yayılmasının vacib olduğunu deyib: “Ümumiyyətlə, bütün soyqırımlarını araşdıracaq şöbənin yaradılması lazımdır”.

“Ermənilərin adını rahat söylədiyimiz halda, rusların günahkar olduğunu deməyə çəkinirik”

Çıxışına “104 il əvvəl olan olub, amma keçən keçməyib”, – deyə başlayan Professor Nəsib Nəsibli isə bildirib ki, bu hadisə istənilən səviyyədə araşdırılmayıb:

“104 il sonra bu hadisədən çıxardığımız dərs nədir? Bu olayın təsiri indiyədək davam edir. Tarixi şüurumuzda bu olay tam əksini tapmayıb. Hadisəni törədən tək ermənilər deyildi. Ermənilər soyqırımını ruslarla birlikdə törədiblər. Amma bu gün biz ermənilərin adını rahat söylədiyimiz halda, rusların günahkar olduğunu deməyə çəkinirik. Halbuki ermənilər rusların maşası idi, bu gün də eyni vəziyyət davam edir. Bunun ən gözəl izahını böyük Məhəmməd Əmin Rəsulzadə verib: “Rusiya tarixi ənənəsində türk-islam düşmənçilyi olan dövlətdir”.

Ruslardan çəkinmək şüursuzluqdur. Biz düşməni tanımalıyıq, adını söyləməkdən çəkinməməliyik. Siyasilər deyə bilmirsə, ən azından ziyalılar bundan çəkinməməlidir. Bir də bu məsələdə bizim göstərdiyimiz müqavimət, aldığımız intiqamlar da yazılmalıdır ki, yeni nəsillərin mübarizə ruhu ölməsin. Axı istər o dönəmdə, istər sonralar bizə qarşı törədilən soyqırımlarına lazımi cavablar vermişik, intiqamımızı almışıq”.

“Əzabkeşlik, məzlumluq erməni kimliyinin kodlarından biridir”

Çıxış üçün söz verilən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Türk və müsəlman sivilizasiyana mənsub xalqların əzabkeş, məzlum kimi göstərilməsi doğru deyil: “Əzabkeşlik, məzlumluq erməni kimliyinin kodlarından biridir. Onlar daim özlərini soyqırımına məruz qalmış xalq kimi təqdim edirlər. İmperiyalar yaratmış, xalqların təhlükəsizliyini təmin etmiş millətdən əzabkeş obrazı yaratmaq, davamlı yas saxlamaq insanlarımızın mübarizə ruhunu, əzmini qırır. Məzlumluq ermənilərin silahıdır. Türk dünyasının ortaq soyqırımı gününün elan olunması təklifinin əleyhinəyəm”.

Daha sonra tarixçi Əkbər Nəcəf çıxışında soyqırımı anlayışının müəyyənləşdirilməsinin vacib olduğunu bildirib: “Ümumiyyətlə, soyqırımı nədir? Bizdə bu məsələ mücərrəddir. Olayı tarixçilərlə yanaşı, hüquqçuların araşdırması, qiymətləndirməsi vacibdir. Xalqların formalaşdırılması müxtəlif anlayışlar üzərində mümkün olur. Məsələn, faciə, qəhrəmanlıq və s. Biz müəyyənləşdirməliyik ki, bu anlayışlardan hansı bizə lazımdır”.

O, ötən əsrdə müxtəlif millətlərə qarşı soyqırımlarının həyata keçirildiyini bildirərək əlavə edib ki, bu faciələr insanlığın faciəsidir.

“Tarixin faciələr üzərində şəkilləndirilməsi doğru deyil”

Professor, tanınmış jurnalist Qulu Məhərrəmli isə belə olayların tarix üçün hansı önəminin olduğunun ortaya çıxarılmasının vacibliyini vurğulayıb: “Təbii ki, ən önəmli məsələ baş verənlərdən dərs çıxarmaqdır. Məsələn, 80-ci ilin sonlarında yüz minlərlə soydaşımız Ermənistandakı tarixi torpaqlarından qovuldu. Bu olay necə sənədləşdirildi? Tarixdə necə qeyd olundu və ya olunacaq? Aktlaşdırma prosesi davam etdirilməli, hadisəyə hüquqşünaslar qiymət verməlidir”.

Qulu Məhərrəmli tarixin faciələr üzərində şəkilləndirilməsinin doğru olmadığını söyləyib: “Amma araşdırma aparıb, həqiqəti ortaya çıxarmaq şərtdir. Belə olaylarda əsas baza tarix olsa da, təbliğat çox vacibdir. Müxtəlif janrlı filmlər çəkilib, dünyaya göstərilməlidir. Tarixi kütləviləşdirmək, yaymaq önəmlidir. Bəzən bu tarix şəxslərin həyatı üzərində dünyaya çatdırılmalıdır”.

O, milləti yeni ruhda tərbiyə etməyin vacib olduğunu da diqqətə çatdırıb.

Tarixçi Elmar Həsənli diqqətə çatdırıb ki, 20-ci əsrdə Azərbaycanda 20-dən artıq soyqırımı törədilib: “Bu olaylarda insan tələfatı ilə yanaşı, nə qədər əlyazmanın, tarixi-mədəni abidənin, yazılı ədəbiyyatın, zinət əşyalarının da məhv edildiyi araşdırılıb, üzə çıxarılmalıdır. Eyni zamanda, təbliğat çox vacibdir”.

Soyqırımlarının mətbuatda əksi ilə bağlı araşdırma aparmış dosent Elza Səmədli isə çıxışında qeyd edib ki, son 100 ildə erməni-müsəlman davası kimi göstərilən olayların kökünə baxmaq lazımdır: “Mən 1905-ci il olaylarının ovaxtkı mətbuatda işıqlandırılması ilə bağlı araşdırma apararkən bir daha əmin oldum ki, tarix təkrardan ibarətdir. Bu, sadəcə erməni məsələsi deyil, hər şey aydındır. AY Partiyaya belə vacib məsələni müzakirəyə çıxardığı üçün təşəkkürümü bildirirəm”.

Dosent Kəmalə Ələkbərova belə olaylara sadəcə tarixçilərin yox, hər bir vətəndaşının mövqeyini bildirməsinin önəmli olduğunu deyib: “Şüuraltımızda bir fikir formalaşıb ki, imperiya dağılmayacaq. Halbuki bunun nə qədər örnəyi var, necə böyük imperiyalar yıxılıb. Tarixdə heç bir şey əbədi deyil. Biz gənclərimizi manqurtlaşma siyasətindən qorumalıyıq. Ən önəmlisi, dilimizin qorunması uğrunda mübarizə aparmalıyıq. Dili olmayan millət dövlət qura bilməz”.

Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev belə tədbirlərin əhəmiyyətinin böyük olduğunu bildirib: “Bəzən müzakirələr gedir ki, özümüzü dünyaya tanıtdırmalıyıq. Əslində dünya bizi çox yaxşı tanıyır, potensialımızı bildikləri üçün davamlı soyqırımları törədirlər. Biz əvvəlcə özümüzü tanımalıyıq”.

Dosent Faiq Ələkbərlinin fikrincə isə, milli kimlik olmadan dövlət qurmaq, ona sahib çıxmaq olmaz: “Böyük dövlətə çevrilmək üçün milli şüurun formalaşdırılması şərtdir”.

Mövzu ilə bağlı geniş diskussiyalar başa çatandan sonra tədbirə yekun vuran AY Partiya Başqanının I müavini Bəhrəm İsmayılov bütün iştirakçılara təşəkkürünü bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar