BNA-da “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı iclas keçirilib

22 Fevral 2021 11:35    405 Baxış   
BNA-da “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı iclas keçirilib

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı video-konfrans formatında iclas keçirilib.

Dominant.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən verilən məlumata görə, BNA İdarə Heyətinin sədri Vüsal Kərimli sənədin ölkəmizin dinamik və hərtərəfli inkişafına təkan verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Milli Prioritetlər uğurla davam edən sosial-iqtisadi inkişafın Vətən müharibəsindən sonrakı dövrdə meydana çıxan yeni çağırışlar və istiqamətləri əks etdirir. Müəyyən olunmuş prioritetlər ölkə iqtisadiyyatının gücləndirilməsinə səbəb olacaq ki, bununla da əhalinin sosial rifahı daha da yaxşılaşacaq.

İdarə Heyətinin sədri xatırladıb ki, bu gün Azərbaycan inkişaf edir və ölkəmizdə yeni qlobal meyarlara uyğun iqtisadi islahatlar həyata keçirilir. Ölkə post-pandemiya və post-konflikt dövrünə qədəm qoyur. 2021‒2030-cu illəri əhatə edən dövr keyfiyyətcə yeni olmaqla strateji mərhələ hesab edilir. 10 il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək. Milli maraqlar, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi bu proqramda öz əksini tapır.

Diqqətə çatdırılıb ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin bir çoxu məhz Milli Prioritetlərə əsaslanır. Növbəti illər üçün də fəaliyyət planları bu sənədin müddəaları əsas götürülməklə hazırlanacaq. Davamlı iqtisadiyyata töhfələr, leqal əmək münasibətlərinin təşviqi və məşğulluğun artırılması, kölgə iqtisadiyyatının azaldılması, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, ətraf mühit, sosial ədalət və inkluziv cəmiyyətin inkişafı Agentliyin fəaliyyətində əsas prioritetlərdəndir. Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlərin əsas hədəfi vətəndaşa xidmət və onun rifahının yaxşılaşdırılmasıdır.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar