"İlin "İstiqlal"çısı" adını almaq istəyirmiş - Vətən Müharibəsinin Mübarizi

13 Yanvar 2021 22:13    184 Baxış   
 "İlin "İstiqlal"çısı" adını almaq istəyirmiş -  Vətən Müharibəsinin Mübarizi

Quliyev Vasif Tahir oğlu 19 fevral 1988-ci ildə Beyləqan rayonunda anadan olub. 1994-2005-ci illərdə həmin rayonun 2 saylı tam orta məktəbində təhsil alıb.

Vasif Quliyev 2006-2007-ci illər ərzində hərbi xidmətdə olub. 2008-ci ildə könüllü şəkildə, yenidən hərbi xidmətinə davam edib, müəyyən kurslar keçib, sonra isə çavuş kimi "N" saylı hərbi hissədə (4 il) xidmət edib. 2012-ci ildə həmin hərbi hissədə (3 il) Kəşfiyyat bölüyünün manqa komandiri vəzifəsində işləyib. 2016 -cı ildən müəyyən təlimlərdən sonra tank sürücüsü kimi xidmətini davam etdirib. O, Aprel döyüşlərində fəal iştirak edib, Lələtəpə uğrunda gedən qanlı vuruşlarda idarə etdiyi tankda xəsarət alıb.

Daha sonra o, 2017-ci ilin 15 mayında çalışdığı hərbi hissədə Snayper bölüyünün manqa komandiri təyin edilib. 06.11.2017-10.12.17 -ci il tarixlərində isə Snayper və iriçaplı "İstiqlal" kursunu bitirmişdi.



26 yanvar 2018-ci ildə "Həmlə" taborunda baş snayperçi, 2019-cu ilin iyulun 5-də isə Snayper manqasının baş snayperçisi təyin edilir.

O, 28 sentyabr 2020-ci il Füzuli, Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə şəhid Quliyev Vasif Tahir oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.




Qeyd edək ki, bütün bu məlumatları şəhidin xanımı Ayşən Dəmirova bildirib və xatirələrini bizimlə bölüşüb:

"Vasif həmişə şəhidlərimizi ehtiramla yad edirdi... İndi Vasifi yad edirik.

O, balaca Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsindən (2017-ci ildə) çox təsirlənmişdi və buna görə də yağı düşmənin bir neçə hədəfini vurduqdan və vurduğu hədəflər rəsmi təsdiqləndikdən sonra boş gilizləri aparıb balaca Zəhra ilə nənəsinin baş daşı üzərinə qoymuşdu. Bununla da özünə bir təsəlli tapırdı ki, onların qisasını ala bilib.


O, bir qəhrəmandır. Haqqında danışdıqca bitməz. Mən bu gün 2 övladıma - oğlumuz Uğur, qızımız Yağmura onun haqqında fəxrlə danışıram və nə qədər danışsam da azdır. Vasif çox yaxşı həyat yoldaşı, gözəl ata idi. Ruhu şad olsun!

Şəhid olduğu gün (28 sentyabr) ailə qurmağımızın 9 illiyi idi. Çox təəssüf... Şəhidlik elə bir zirvədir ki, hər adama qismət olmur. Ondan qalan hər şey, xatirələr, şəkillər, əşyalar sanki bizə bir təsəllidir...

Amma Vasifin çox arzusu ürəyində qaldı, o, Azərbaycanda Mübariz İbrahimovdan sonra ən yaxşı snayperçilərdən biri kimi "İlin İstiqlalçısı" adını almaq istəyirdi. Çünki öz gücünü bilirdi. Çox təəssüf ki, arzuları ürəyində qaldı... Kaş arzusu çin olaydı... Belə qəhrəmanlarımızın adlarını əbədiləşdirmək, gələcək nəsillərə tanıtmaq lazımdır.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin".



Fəridə Aslanova

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar