"Nazirlər Kabinetinin vətəndaşlara evdən çıxmağı qadağan etməyə səlahiyyəti çatmır"

08 İyun 2020 19:24    2684 Baxış   
"Nazirlər Kabinetinin vətəndaşlara evdən çıxmağı qadağan etməyə səlahiyyəti çatmır"
Əslində necə olmalı idi?

Hadisələrin faktiki və hüquqi xülasəsi:

1. Nazirlər Kabineti vətəndaşlara şənbə-bazar günü evdən çıxmağı yasaq edir. Halbuki, buna səlahiyyəti çatmır. Belə qadağa yalnız fövqəladə vəziyyət rejimi çərçivəsində tətbiq edilə bilər.

2. Vətəndaş bu qadağanı pozur və küçəyə çıxır. Vəzifə borcunu yerinə yetirən polis onu həbs edir. Vətəndaş polisə müqavimət göstərir. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə isə cinayətdir.

3. Hadisəni müşahidə edən qonşular polisi təhqir edir və üzərinə zibil atır. Bu xuliqanlıqdır. Ən azı inzibati xəta, ən çoxu isə cinayətdir.

4. Kimlərsə polisə həmin qonşuların kimliyi barədə məlumat verir. Qərb mədəniyyəti çərçivəsində buna vətəndaş şüurluluğu, Şərqdə isə xəbərçilik deyilir.

5. Polis qonşuları çox sərt şəkildə həbs edir. Sanki terrorçuları aparır. Üstəlik həbs edilənlərə geyinmək imkanı vermir və bununla da ən azı milli dəyərlərə riayət etmir. Heç oğru icra başçılarını belə həbs etməyiblər.

Əslində necə olmalı idi? Nazirlər Kabinetinin qərarı ilə razı olmayaraq küçəyə çıxmış prinsipial vətəndaş polisə müqavimət göstərmədən həsb olunmağına imkan verməli və sonra məhkəmədə haqqını tələb etməli idi. Bu, məsələnin hüquqi tərəfidir.

Amma məsələnin mənəvi tərəfi də var: verilən qərarın formal aspektinə varmadan onun zəruriliyi açıq-aşkar olduğu halda ona əməl etmək daha düzgün olmazdımı? Axı prinsipiallıq nümayiş etdirmək üçün o qədər məsələ var ki! Özü də başqalarının sağlamlığı üçün təhlükə yaratmadan...

Əkrəm Həsənov, hüquqşünas


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar