Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırdı

30 Sentyabr 2020 12:58    330 Baxış   
Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırdı
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, müzəffər ordumuza mənəvi dəstək üçün bir neçə konkret təklif irəli sürüb.

Millət vəkillərini öz maaşlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edən xanım Paşayeva həmkarlarını, həmçinin qanvermə aksiyasına dəvət edib.

Dövlətimizin gərəkən ehtiyatlara, o cümlədən yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini xatırladan Millət vəkili, öncəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib: “Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar. İndi Dövlətimiz, Ordumuz güclüdür, Ancaq bizim indiki dəstəyimiz çox önəmlidir. Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir”.

Qənirə Paşayeva ali məktəblərdə hərbi dərslərin bərpasını, orta məktəblərdə isə daha yaxşı təşkili məsələsinə baxılmasını zəruri hesab etdiyini bildirib. Minlərlə gəncimizin səfərbərlik və hərbi çağırış idarələrinə gedərək, cəbhəyə könüllü yazılmasının qürurverici olduğunu, lakin o gənclərin heç olmazsa, ibtidai hərbi bilik və vərdişlərə yiyələnməsinin də xüsusi önəm daşıdığını qeyd edib.

Çıxışında Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinə tərəfdar olduğunu da bildirən xanım Millət vəkili, bu yubiley medalı ilə bağlı müvafiq Qanunda dəyişikliyi dəstəkləyib. Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının özəlliklə son günlər gecə-gündüz fədakarlıqla çalışdığını deyən Qənirə Paşayeva, yubiley medalını, bu xidmətdə çalışanların işinə verilən dəyər kimi xarakterizə edib.

Millət vəkili çıxışının sonunda hər bir vətəndaşımızı, dünya azərbaycanlılarını, bütün haqsevər insanları Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb, ordumuzun tezliklə qəti və tam qələbə çalacağına inamını bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar