Qənirə Paşayeva İstanbulda Qarabağ Zəfərinin ildönümünə həsr olunmuş konfransda çıxış edib

03 Dekabr 2021 22:02    1902 Baxış   
Qənirə Paşayeva İstanbulda Qarabağ Zəfərinin ildönümünə həsr olunmuş konfransda çıxış edib

Milli Məclisin Mədəniyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva İstanbulda Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunmuş konfransda çıxış edib. Türkiyə Əməkli Zabitlər Birliyi (TESUD), İstanbuldakı “Azərbaycan Kültür Evi”, “Anadolu Aydınlar Ocağı” və digər ictimai birliklərin birlikdə təşkil etdiyi möhtəşəm tədbir İstanbuldakı Maltəpə Türkan Saylan Kültür Mərkəzində keçirilib.

Qənirə Paşayeva 44 günlük müharibəni Çanaqqala müharibəsi ilə müqayisə edib, o vaxt olduğu kimi Azərbaycan Vətən Müharibəsində də yalnız görünən bir düşmənlə deyil, “yeddi düvel”lə savaşdığımızı bildirib: “Bu, savaş Azərbaycanın, Türk millətinin ortaq Zəfəri ilə sonuclandı. Yaxşı xatırlayıram, biz müharibədən öncəki hər Türkiyə səfərimizdə “inşallah, növbəti tədbirlərimizi birlikdə azad edəcəyimiz Şuşada, Qarabağda keçirək” deyə arzumuzu söylərdik. Biz o sözləri əslində arzu olaraq demirdik, inam olaraq deyirdik. Budur, Tanrımıza çox şükürlər olsun, tarixi Zəfərimizi qutlayırıq.

Çox şadam ki, bu möhtəşəm tədbirin təşkilində məhz zabitlərimizi, qazilərimizi, şəhid ailələrimizi birləşdirən qurum-quruluşlar öncüllük edib. İstanbulda müalicə alan II Qarabağ müharibəsi qazilərinin də burada olması ayrı bir gözəllikdir. Onları, onların timsalında bütün qazilərimizi, şəhid ailələrimizi, aydınlarımızı ürəkdən salamlayır, alqışlayır, ən xoş diləklərimi yetirirəm!

Əziz paşalarımız, aydınlarımız, gənclərimiz,

bəli, 44 gün boyunca qardaş Türkiyənin hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün dövlət rəsmiləri, Milli Müdafiə naziri, Xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin başqanı, parlamentin əsas partiyaları, çoxsaylı vətəndaş cəmiyyəti institutları, bütövlükdə Türk xalqı Azərbaycanın yanında oldu, mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Bu birlik dünyaya böyük ismarıc oldu. Baxmayaraq ki, Ermənistanın arxasında çox böyük güclər dayanmışdı, baxmayaraq ki, ermənilər 30 ilə yaxın müddətdə şəhər və kəndlərimizi dağıdıb, yerində hərbi istehkamlar, yeraltı, yerüstü hərbi maneələr yaratmışdılar, qəhrəman ordumuz heç nəyə baxmadan irəliləməyi bacardı. “Şuşasız bizim işimiz yarımçıq qalar” deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, prinsipiallığı, siyasi iradəsi düşmənin məğlubiyyətini qacınılmaz etdi.

Şəhidlər verdik, yaralılarımız oldu, cəbhədən uzaq şəhərlərimizə qadağanolunmuş raketlər atıldı amma dövlət-xalq birliyi, qardaşımızın güclü mənəvi, siyasi dəstəyi ölkəmizi Zəfərə apardı.

Bu anlamlı və möhtəşəm tədbirdə 44 günlük Vətən Müharibəsinin əziz şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhunu dərin ehtiramla yad edirik. Ruhları şad olsun! Bütün yaralı qazilərimizin tezliklə öz sağlamlığına qovuşmasını arzu edirəm. Zatən Azərbaycanın, Türkiyənin şəhidləri də, qaziləri də hər iki vətənimiz, dövlətimiz üçün əzizdir. Biz dövlət böyüklərimizin müdrik sözlərini unutmamışıq: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, “Biz bir millət, iki dövlətik”!

Biz bir-birimizin həqiqətlərini dərindən öyrənməli, birimizin problemimizin hamımıza, hamımızın probleminin birimizə də aid olduğunu qəbul etməli, gənc nəsilləri bu ruhda tərbiyə etməliyik. Birlik olan yerdə, “sənin, mənim” anlayışı sıradan çıxır, “bizim” qavramı önplana keçir. Bugünkü bu möhtəşəm tədbiri məhz bu düşüncənin təcallası sayır, təkrar, tədbirin təşkilində əməyi keçən hər kəsə tək-tək təşəkkür edirəm!

Bayrağınız uca olsun”!

Çıxışlardan sonra qarşılıqlı hədiyyə və plaket təqdimi mərasimi keçirilib. Tədbirin təşkilatçı qurumları Q.Paşayevaya plaket və xatirə hədiyyəsi, Q.Paşayeva da öz növbəsində, təşkilatçı qurumların rəhbərlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Komitə sədrinin tədbiri təşkil edən qurumların rəhbərləri ilə də ayrılıqda görüşləri olub. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən yeni mədəni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.









Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar