Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

27 Yanvar 2021 11:05    345 Baxış   
Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəmil Oqtay oğlu Səlimovun anası Təranə Səlimova və şəhid ailəsinin digər üzvləri ilə Milli Məclisdə görüşüb.

Q.Paşayeva şəhidin anasını və ailə üzvlərini işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:

“Əziz şəhid anası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!

Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, özünü Vətən uğrunda fəda edib.
Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Dövlətimiz, xalqımız Cəmil kimi qəhrəman hərbçilərimizi unutmur və heç zaman da unutmayacaqdır.

Bir daha sizi tarixi zəfər münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə də görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Sizi, Sizin timsalınızda bütün şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu.
2016-cı il Aprel döyüşləri, 2020-ci il İyul (Tovuz) döyüşlərində iştirak edən, Azərbaycan Vətən Müharibəsində də iştirak edərək, igidliklər göstərən Zaur Cəfərovun ruhu bugün şaddır.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.
Sizi bir daha təbrik edirəm, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva şəhid zabitin ailə üzvlərinə Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar