Qənirə Paşayeva şəhid Yusif Ələsgərovun valideynləri ilə görüşüb

06 İyul 2022 18:25    6527 Baxış   
Qənirə Paşayeva şəhid Yusif Ələsgərovun valideynləri ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda, Vətən müharibəsinin şəhidi Yusif Ələsgərovun valideynləri ilə görüşüb.

Görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva Azərbaycan dövlətinin ali zirvəsinin şəhid ailələrinə diqqət-qayğısının, respublikanın hər bir vətəndaşı, o cümlədən Millət vəkilləri, məmurlar, işadamları üçün örnək olduğunu vurğulayaraq, şəhid ailələri ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, Yusif Ələsgərovun əziz ruhuna sayğılarını bildirib.

Q.Paşayeva şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Yusif Yaşar oğlu Ələsgərov (14.10.1996, Yuxarı Öysüzlü, Tovuz - 07.11.2020, Xocavənd rayonu) 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi.

Yusif Ələsgərov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 2014-2016-cı illərdə Daxili Qoşunların "N" saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələri sırasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çalışıb.

O, Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi fədakarlıqla iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralansa da, müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

Yusif Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz Tovuzun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Yusif Ələsgərov, Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Prezidentin digər Sərəncamları ilə şəhidimiz həmçinin "Xocavəndin azad olunmasına görə" (24.06.2021), "Şuşanın azad olunmasına görə" (24.06.2021) medalları ilə də təltif olunub.
Ruhu şad olsun!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar