Qızı ölüm ayağında olan ana Vilayət Eyvazova müraciət etdi

22 Oktyabr 2020 13:26    1921 Baxış   
Qızı ölüm ayağında olan ana Vilayət Eyvazova müraciət etdi

Bir müddət öncə xəstə uşağına məxsus sənədlərin olduğu pul qabını itirən Tünzalə Əliyeva adlı Bakı şəhər sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, nazir Vilayət Eyvazova müraciət ünvanlayıb.

Dominant.az vəziyyətin ciddiliyini nəzərə alaraq müraciəti olduğu kimi təqdim edir:

"Hörmətli cənab nazir!


04 oktyabr 2020-ci il tarixində Nizami rayonu, Azər Manafov küçəsi ünvanından, yaşadığım Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 32 ünvanına Maxim taksi xidmətindən taksi sifariş edərək getmişəm. Taksiyə ödəniş edib düşdükdən təxminən 50 metr yaxın məsafə getdikdən sonra içində müəyyən qədər pul, bank kartları, mənim və ağır aplastik anemiya xəstəsi olan qızıma məxsus sənədlərin olduğu pulqabımın üstündə olmamasını aşkar elədim.

Geri gedərək baxdıqda həmin pulqabının yerdə və taksidə olmadığını aşkar edərək, taksi sürücüsündən Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzinə zəng etməyini xahiş etmişəm və zəngdən sonra Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin ərazi polis sahəsinin əməkdaşları əraziyə gəlmiş və ərazidəki obyektlərin mühafizə kameralarında görüntüləri incələmişdir. Həmin görüntülərdən mənə göstərilən hissəsində həmin pulqabının bir şəxsin əlində olduğu açıq aşkar görünürdü.

Ərizəni verdiyim tarixdən 15 gündən çox keçməsinə və pulqabının kim tərəfindən götürülməsinə dair müvafiq görüntülərin olmasına, polisin hərəkətsizliyi ilə bağlı Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzinə təkrar müraciət etməyimə baxmayaraq polis sahəsinin əməkdaşları tərəfindən pulqabının mənə qaytarılması istiqamətində heç bir tədbirlər görülməmiş və ya görülmüşsə mənə məlumat verilməmişdir.

Hörmətli cənab nazir!

Sizdən xahiş edirəm ki, yetkinlik yaşına çatmayan övladımın ağır aplastik anemiya xəstəsi olduğunu, onun yalnız mənim himayəmdə olduğunu və pulqabımda olan sənəd, bank kartları və digərlərinin mənim üçün çox vacib olduğunu nəzərə alaraq, axtarış tədbirlərinin sürətləndirilməsi üçün əməkdaşlarınıza müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə, Tünzalə Tariyel qızı Əliyeva"

Bir daha qeyd edək ki, həmin sənədlərin arasında T.Əliyevanın qızı - ağır aplastik anemiya ilə mübarizə aparan Dilbər Əliyeva məxsus şəxsiyyətini təsdiq edən sənəd və ona dövlət tərəfindən pensiya üçün verilən bank kartı var. Və həmin sənəd olmadığına görə Dilbər Əliyevanı xəstəxana qəbul etmir. Hazırda uşağın durumu çox ağırdı, hər an qanaxmadan ölə bilər. Hər kəsdən xahiş edirik ki, axtarış işlərinin sürətləndirilməsində, o sənədlərin tapılmasında Tünzalə Əliyevaya yardım edəsiniz.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar