Şəhid Mehman Yusifova həsr olunmuş “Ömür karvanım” kitabı təqdim edilib

29 İyun 2022 15:18    4425 Baxış   
Şəhid Mehman Yusifova həsr olunmuş “Ömür karvanım” kitabı təqdim edilib

“QARABAĞ” Ordenli şəhid baş gizir Mehman Yusifova həsr olunmuş, şəhidin bacısı Zəkiyyə Musaqızının müəllifi olduğu “Ömür karvanım” kitabının təqdimat mərasimi keçirilib.

“AZƏRKİTAB”da baş tutan tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “Ömür kitabım” və şəhid baş gizirin həyat yolu haqqında yığcam məlumat verib, təqdimatda iştirak edən qaziləri, şəhidin döyüş yoldaşları və ailə üzvlərini, onların timsalında bütün tədbir iştirakçılarını 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib.

Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hər kəsi salamlayaraq, təqdimatın əlamətdar gün ərəfəsində keçirilməsinin təsadüfi olmadığını, məhz qəhrəmanlığı, qəhrəmanları tanıdan kitabların belə bir günə yaxşı töhfə olduğunu bildirib, ürək sözlərini bölüşüb: “Mehman Yusifov müstəqil Azərbaycanın ən yüksək ordenlərindən biri ilə təltif edilib. O, Cəbrayıl rayonunda şəhid olub. Doğulduğu kənddə - Tovuzun Bayramlı kəndində, canından çox sevdiyi torpağa tapşırılan şəhidimizin son mənzilə yola salınmasında minlərlə insan iştirak edib. Mehman kimi Vətən övladları unudulmur, bir evdən çıxıb, bir xalqın övladına, fəxarət və qüruruna çevrilən oğullar qədirbilən xalqımız tərəfindən həmişə xatırlanacaq. Onun həyat yoldaşı Günel xanım, gül balaları Məhəmməd, Fatimə və Süleyman bu gün bu təqdimatda iştirak edir; Mehmanın döyüş yoldaşları bizimlədir, vətəndaş cəmiyyəti institut­larımızın nümayəndələri, aydınlarımız buradadır. Biz hamımız qəhrəman Vətən oğlunun adının, onun həyat və döyüş yolunun işığına yığışmışıq.

Mən Zəkiyyə bacımıza çox təşəkkür edirəm ki, öz səmimi, xəlqi duyğu və düşüncələrini kitablaşdırıb, onu bizimlə bölüşüb. O, yalnız öz fiziki qardaşından deyil, hamımızın mənəvi qardaşımız olan bir insandan yazıb. Zəkiyyə bacımıza, şəhidimizin ailə üzvlərinə, bütün doğmalarına minnətdarlığımı bildirirəm. Bugünlərdə Tovuzda Mehman Yusifovun anası Gülsüm xanımla da görüşdük, ətraflı söhbət etdik. Biz şəhid analarını, şəhid ailəsi üzvlərini qürurlu gördük. Gördük ki, qəhrəman şəhidlərimizin ailə üzvləri özləri də vətəndaşlıq, vətəncanlılıq, xeyirxahlıq nümunəsidir.

Mən “Ömür kitabı”nı çox səmimi bir kitab hesab edirəm. Zəkiyyə bacımızın ürək sözləri, qardaşının həyatını ən ilk gündən əbədiyyətə uğurlandığı günədək çox səmimi şəkildə qələmə alıb. Bacımızın şeirləri də səmimidir, xəlqidir və yazarının Vətənə bağlılığını, imanını büruzə verir. Zəkiyyə xanıma yeni yaradıcılıq uğurları diləyirəm!

Bəli, xalqımız son iki ildə bayramları əsl bayram dadında, ovqatında keçirə bilir və buna görə, şəhidlərimizin əziz ruhuna borcluyuq. Ruhları şad olsun”!
Millət vəkili Arzu Nağıyev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olmuş qəhrəman şəhidimizin 2016-cı ilin Aprel döyüşlərində də mərdliklə savaşdığını xatırladıb, 44 günlük müharibənin ilk günlərindən Cəbrayıl, Füzuli döyüşlərində xüsusi xidmətlər göstərdiyini bildirib. Millət vəkili vurğulayıb ki, Mehman Yusifov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərib, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən qətiyyət nümayiş etdirib.
Arzu Nağıyev Mehman Yusifov kimi qəhrəman hərbçilər haqqında yazmağın məsuliyyətli iş olduğunu vurğulayıb, müəllifə yeni uğurlar arzulayıb.
“Regional hüquqi və iqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, “Şöhrət “ordeni laureatı Tahir Əmiraslanov, “Quran” hafizləri Natiq Şükürov, İlkin Həsənzadə, jurnalist Rauf İlyasoğlu, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova, şəhidin həyat yoldaşı Günel Yusifova, şəhidin döyüş yoldaşları təqdimatda çıxış edib, ürək sözlərini, kitab haqqında fikirlərini bölüşüblər.

Sonda kitabın müəllifi, şəhidin bacısı Zəkiyyə Musaqızı çıxış edib, təqdimatın təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, “Ömür karvanı”nı oxucular üçün imzalayıb.
Qeyd edək ki, Mehman Musa oğlu Yusifov (18.07.1979, Bayramlı, Tovuz – 05.10.2020, Cəbrayıl rayonu) 1985-1996-cı illərdə Tovuz rayonunda Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Mehman Yusifov, 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu uğurla bitirib. Müdafiə Nazirinin 10.07.2002-ci il tarixli Əmri ilə XTQ-də xidmətə göndərilib. Müdafiə Nazirinin 25.06.2013-cü il tarixli Əmri ilə ona baş gizir hərbi rütbəsi verilib. O, 2016-cı ilin 2-5 aprelindəki döyüşlərdə öncəbhədə savaşıb.

Baş gizir Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum zamanı fədakarlıqla döyüşüb, Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov şəhidliyindən sonra “Qarabağ” yüksək hərbi ordeni ilə təltif edilib (09.12.2020).

O, həmçinin “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020) medalları ilə təltif edilib. Öncəki illərdə isə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı (2008), III dərəcəli “Qüsursuz xidmətə görə” medalı (2012), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı (2013), II dərəcəli “Qüsursuz xidmətə görə” medalı (2016), “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı (2018) təltif olunub.

Mehman Yusifoun həyat və döyüş yoluna işıq salan “Ömür karvanım” Zəkiyyə Musaqızının ilk kitabıdır. Kitabın redaktoru AYB üzvü, Əlimərdanlı Aşıq Nəcəf ocağının nümayəndəsi Məzahir Alıyev, məsləhətçisi tanınmış şair-publisist Vaqif İsaqoğludur. Kitab “İMZA” Nəşrlər evində bu ilin may ayında gün üzü görüb.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar