Şəhid polisin xanımının Vilayət Eyvazovun qəbuluna düşməsinə kim mane olur - NAZİRƏ MÜRACİƏT

13 Yanvar 2021 09:55    424 Baxış   
Şəhid polisin xanımının Vilayət Eyvazovun qəbuluna düşməsinə kim mane olur -  NAZİRƏ MÜRACİƏT

Birinci Qarabağ müharibəsində şəhid olmuş polis leytenantı Sadıqov Nurəddin Oruc oğlunun həyat yoldaşı Sadıqova Kifayət Əli qızı Azərbayсan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.

Dominant.az müraciətin mətnini olduğu kimi təqdim edir:


“Cənab Daxili İşlər naziri Vilayət Eyvazov!

Həyat yoldaşım polis leytenantı Sadıqov Nurəddin Oruc oğlu Birinci Qarabağ müharibəsinə növbədənkənar qatıldı və 1992-ci ildə Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid oldu. Onun ruhuna ehtiram olaraq 1999-cu ildə bizə doğulduğu Tovuz rayonu Alakol kəndində əkin üçün 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verdilər. Torpaq sənədləşdirildi, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, Dövlət reyesterindən Çıxarış və digər bütün sənədlər oğlumuz Rəşad Sadıqovun adına özəlləşdirildi.

Buna baxmayaraq, illərdi torpağımızdan istifadə edə bilmirik. Çünki torpağımız Rusiyada yaşayan, ikili vətəndaşlıq daşıyan (həm Azərbaycan, həm Rusiya) iş adamı, “Haça-Qaya-1” kiçik müəssisəsinin təsisçisi Eldar Sadıqov tərəfindən zəbt olunub. Qarabağ müharibəsində bir gün belə iştirak etməyən, savaş gedən vaxtı Rusiyada başı biznes qurmağa, sərvət yığmağa qarışmış Eldar Sadıqov torpaq bölünəndən sonra iddia edib ki, torpaq 1996-cı ildə ona verilib. Halbuki torpağın Eldar Sadıqovun adına Dövlət aktı barədə arxivdə və mövcud elektron bazada heç bir məlumat aşkar edilməyib. Heç 1996-cı ildə kolxoz və sovxoz mülkiyyətində olan torpaqların kimlərinsə mülkiyyətinə verilməsi mümkün olmayıb.

Cənab nazir!

İllərdir ki, bu haqsızlıqla üz-üzəyik. Bu müddət ərzində qapısını döymədiyim dövlət qurumu qalmayıb. Dörd ilə yaxındır ki, məhkəmə qapılarında qalmışıq, artıq məhkəmə iclaslarının sayını belə itirmişəm. Puluna güvənən Eldar Sadıqov illərdir ki, bizi arxasız, kimsəsiz, pulsuz görüb əzməklə məşğuldur, hətta şah hesab olunan qanunları belə satın alıb. Belə ki, Tovuz Rayon Məhkəməsinin (Ədil Məmmədov), Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (Rəşad Mamedov), Gəncə Apelyasiya Məhkəməsinin (İspəndiyar Səfiyev) hakimləri dövlət qurumları tərəfindən mənə verilmiş torpağa aid sənədlərə əhəmiyyət vermədən qarşı tərəfin xeyrinə qərar çıxarıb. Bu səbəbdən Gəncə Apelyasiya Məhkəməsindən Ali Məhkəməyə kasasiya şikayəti vermişik və indiyə qədər düz 3 dəfə Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin haqsız qərarına xitam verib.


Hörmətli Vilayət Eyvazov!

Mənə, “Nə olsun ki, şəhid ailəsisən. Sən kimsən ki, sənə torpaq veriblər?! Torpaq sahəsi mənimdir. İstəyirsən get ver məhkəməyə, onsuz da hər yerdə mən qalib gələcəm” – deyərək sağalmaz söz yarası vuran, xəstəliyə salan Eldar Sadıqov bizi kimsəsiz gördüyündən başımıza bu oyunları açır. Mən də, həyat yoldaşım Daxili İşlər Nazirliyinin əməkdaşı, polis olduğuna görə bu qurumu özümə arxa-dayaq bilmişəm, illərdir Daxili İşlər nazirinin ünvanına məktublar ünvanlamışam, nazirin qəbuluna düşmək üçün dəfələrlə müraciət etmişəm. Təəssüflər olsun ki, həm Sizdən öncəki nazirin, həm də Sizin qəbuluna düşməyim mümkünsüz olub, məktublarım isə Təhlükəsizlik İdarəsinə, Abşeron Rayon Polis Şöbəsinə, Tovuz Rayon Polis Şöbəsinə yönləndirilib. Həmin qurumlarda qəbul olunmuşam, ancaq heç bir nəticəsi olmayıb.

Cənab nazir!

Sonuncu dəfə ötən il Sizin qəbulunuza düşmək üçün müraciət etdim, düşündüm ki, məni bir ana, bir bacı kimi dinləyib, dərdimə çarə edə bilərsiniz. Lakin sizinlə də aramıza “sədd çəkdilər”, iki gün səhərdən axşama qədər soyuqda, yağışın altında nazirliyin binasının qarşısında gözləsəm də, qəbulunuza düşə bilmədim. Birinci gün qəbulunuza yazılmaq üçün axşam saat 9-a qədər gözlədim, qəbul günü isə bəzi şəxsləri qəbul etdilər, məni yox, ağlaya-ağlaya geri qayıtdım. Nazirliyin kadrlar şöbəsində Aybəniz adlı bir xanımla da dəfələrlə telefonla danışmışam, dərdimi demişəm, xahiş etmişəm ki, qəbulunuza düşməyə kömək etsin, ancaq o da heç bir kömək etməyib.

Hörmətli nazir!

Çarəsiz qaldığımdan Sizə media vasitəsiylə müraciət etməyə məcbur oldum. Sizdən artıq dərəcədə xahiş edirəm ki, şəhidimin ruhunu şad etmək üçün, işlərinizin çoxluğuna baxmayaraq, məni bir neçə dəqiqəlik olsa belə, qəbul edəsiniz, dərdimi dinləyəsiniz. Öncədən həm öz adımdan, həm də övladlarım adından Sizə təşəkkür edirəm!

Hörmətlə: Sadıqova Kifayət Əli qızı”


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar