Şəhidim - and yerim! - ÜÇ AYIN ƏSGƏRİ

24 Yanvar 2021 23:09    907 Baxış   
Şəhidim - and yerim! -  ÜÇ AYIN ƏSGƏRİ

Şəhid yazılarına görə qeydlər aparmaq üçün tutduğum dəftərin ilk səhifəsi Xaçmaz rayonu, Xudat şəhər sakini, 20 may 2002-ci il təvəllüdlü Məlikməmmədov Elvin Elçin oğluna aiddir... Mən bu dəftəri tutmaq istəməzdim heç... 18 yaşlı bu açılmamış qönçədən göz yaşlarıma boğularaq yazı yazmaq istəməzdim heç... Şəhid dəftərləri ayırmaq, şəhid kitabları dərc etdirmək istəməzdim heç... Mən gül üzlü, təmiz qəlbli, mərd, cəsur igidlərimizin mundar erməni vəhşilərinin əliylə şəhadətə qovuşmasını da heç istəməzdim... Neyləyək ki, taleyimiz belə gətirdi, alnımıza qara xətlə bu yazı yazıldı...

...Elvin üç ayın əsgəri olub. Vətənə oğul borcunu yerinə yetirib doğma ocaqlarına geri dönəcəyinə söz vermişdi. Və bu fikirlərini ən təsirli formada gündəliyinə qeyd etmişdi. Elə bil özündən bir xatirə qalsın deyə tələsirmiş kimi.



Elvinlə10 il eyni sinifdə oxumuş əmisi qızı Mayisə göz yaşlarını boğa bilmir: “Onu mənim kimi kimsə tanıya bilməz. Uşaqlığımız, gəncliyimiz, məktəb illərimiz, hətta boş vaxtlarımız da birlikdə keçib. Həm əmi uşaqları, həm də dost idik onunla. Gül qədər incik salmazdı özündən kimsəni. Yaşından böyük, ağayana davranışı və hərəkətləri ilə müəllimlərin və sinif yoldaşlarının dərin hörmətini qazanmışdı. Elvinin yoxluğuna inana bilmirəm. Heç vaxt da inanmayacam”.



Daha sonra, əlləri titrəyə-titrəyə Elvinin gündəliyini mənə uzadır. Elvin yazıb: “Mənə görə narahat olmayın. Hər şeyə dözəcəm. Daima dik durmağa çalışacağam. Xidməti borcumu şərəflə yerinə yetirib evə dönəcəm. Allah səbr versin. Amin inşallah. 02.07.2020”.

Xidməti borcunu ödəmək üçün üç ay fürsəti olacağını bilmirdi amma. Mənfur düşmənin xaincəsinə tuşladığı gülləsinə tuş gələcəyini də təxmin edə bilməzdi, güman ki... Çünki arzuları bol idi. Yaşamaq həvəsi çox idi. Baxmayaraq ki, əsgər getdiyi gün gündəliyinə şeirdən bu parçanı da yazmışdı:

Əsgər oldum mən də Azərbaycana,
Haqqını, südünü halal et ana!
Şəhid olsam qəbrim üstə ağlama,
Bayramlarda bayram payı saxlama...
Haqqınızı halal edin...

Niyə yazmışdı bu şeiri, nəyə işarə edirdi, bunu özündən başqa kimsə bilmir və bilməyəcək də... Axı o zaman müharibədən söhbət belə getmirdi. Elvinin ürəyinə daman o qorxu, təlaş hardan qaynaqlanmışdı? İntuisiyamı, gələcəyi duyma fəhmimi? Amma Elvin bu barədə kimsəyə bir söz belə olsun deməmişdi. Ürəyinə damanları, sövq-təbii hiss etdiklərini kağızlara köçürmüşdü.



Elvin 2019-cu ildə Xudat şəhərindəki 1 saylı orta məktəbi bitirmişdi. 7 illik musiqi təhsili də vardı. Nəfəs alətləri kursunda oxumuşdu. Klarnetdə gözəl çalmağı vardı. Dost və qohum məclislərində bacarığını sevə-sevə göstərirdi. Romantik idi, duyğuları, arzuları, istəkləri böyük idi.

Ata-anasının, qohumlarının, sinif yoldaşlarının, dostlarının dediklərinə görə, Elvin çox zəhmətkeş idi. Valideynlərinə heç vaxt əziyyət verməzdi. Onlara yük olmaq istəməzdi. Ta uşaqlıqdan özünü zəhmətə alışdırmışdı. Evin böyük oğlu olduğundan (özündən kiçik qardaşları Elnur 2004, Ceyhun isə 2008 təvəllüdür) elə bil atasıyla bərabər evin ikinci dayağı, köməyi kimi hiss edirdi özünü. Ağır-yüngül deməzdi, bütün işlərə girişərdi. Təki ailəsinə azacıq da olsa köməyi dəysin. Dostcanlı idi, böyük-kiçik yeri bilən idi. Buna görə də məhəllədə, elə Xudatın özündə onun xətrini istəyənlər çox idi.

Əsgəri xidməti iyulun 2-də Goranboy rayonunun Ballıqaya deyilən ərazisindən başlamışdı. Sentyabrın 9-da andiçmə mərasimində Elvinin əsgəri cərgədə məğrur, dik duruşunu görüb valideynləri necə qürur və fərəh hissi keçirmişdilər. Həmin gün doyunca söhbətləşmişdilər onunla. Elvin arzu və xəyallarını dilə gətirməmişdi. Sadəcə ata-anasına dönə-dönə onları çox sevdiyini, zəhmətlərini, haqq-saylarını, üzərində çəkdikləri əziyyətləri itirməyəcəyini, onlara layiq oğul olacağını, onları utandırmayacaqlarını bildirmişdi...

Andiçmədən bircə həftə sonra, sentyabrın 15-də Elvini Tərtərdəki 703 saylı hərbi hissəyə köçürürlər. 12 gün sonra isə müharibə başlayır və Azərbaycan ordusunun gücündən qorxan, çəkinən erməni quldurları dinc əhalini hədəfə alırlar. Ən çox hücuma məruz qalan ərazi Tərtər rayonu olur. Və oktyabrın 4-də mənfur ermənilərin atdıqları növbəti mərmi hərbi-hissəyə düşür və Elvin də əsgər yoldaşları ilə birlikdə şəhid olur. Halbuki Elvin və onun kimi yeni çağırışçılar hərbi təlimlərə yenicə başlayırdılar. Düşmən daha amansız oldu. Doğrudur, ordumuz düşməndən qisasını yetərincə aldı. Amma təəssüf ki, bu qisas yalnız şəhidlərimizin ruhlarını şad etməyə yetər.



Anası Hicran xanım içinə düşən yanğıdan qıvrıla-qıvrıla, əl-ayağı titrəyərək, həyəcandan nəfəsi tıncıxaraq kəsik-kəsik səslə əlavə edir: “Elvin andiçməyə gedərkən bizə demək istədiklərini baxın bu dəftərə necə yazmış...” Və bərk-bərk sinəsinə sıxaraq qoxladığı dəftərçəni mənə uzadır. Oxuyuram: “Ana – qədri bilinməz bir varlıqdır. Mənim üçünsə anam hər şeydi: Görən iki gözüm, döyünən ürəyim, tutan əllərim, yeriyən ayaqlarım, vuran nəbzim və ən əsası isə yaşamağa olan həvəsim və səbəbimdi. Səni çox sevirəm canım anam. Allah sənə və atama dəyməsin inşallah. Sizi bizim üstümüzdən əskik eləməsin. Deyiləcək çoxlu, o qədər gözəl sözlər var ki...yazmaqla bitməz. Nə isə, özünüzə yaxşı baxın. İnşallah rəbbim qismət eləsə görüşərik. Həyatımın yaşama səbəbləri: baş tacım Anam, fəxrim Atam!”.

18 yaşlı bir gəncin içində nə qədər böyüklükdə ata-ana, dost-sirdaş sevgisi, vətənə, insanlığa nə qədər böyük məhəbbət olarmış? Elvin ömrünün ən gözəl çağına qədəm qoymuşdu. Tükənməz arzularla, bitməz istəklərlə dolu ürəyi ilə gələcəyə sonsuz ümidlərlə boylanırdı. Kim bilir qəlbində özünə hamıdan gizli, məhrəm bir dünya da qurmuşdu. O dünyasında yaşayacaqlarını da ölçüb-biçmişdi bəlkə. Hələ söyləməyə macal tapmadığı sözləri, yaşamağa möhləti olmadığı arzularını demirik. Olmadı. Hamısı yarımçıq qaldı. Eynilə Elvinin 18 il, 4 ay, 14 günlük qısa, lakin mənalı ömrü kimi... Nur içində uyu, gül üzlü şəhidim. Şəhadətin əbədiyyətin olsun.

Əntiqə Qonaq, Əməkdar jurnalist





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar