Seymurun özü ilə bağlı arzuları yarımçıq qaldı, amma Vətənlə bağlı arzuları yerinə yetdi

20 Noyabr 2020 10:03    119 Baxış   
Seymurun özü ilə bağlı arzuları yarımçıq qaldı, amma Vətənlə bağlı arzuları yerinə yetdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Seymur Hüseyn oğlu Mehdiyevdən yazıb.

Həmin yazını təqdim edirik:


Şəhid Seymur Hüseyn oğlu Mehdiyev 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində doğulub.

Seymur orta təhsilini Tovuz şəhər Mahir Ələkbərov adına orta məktəbdə, orta ixtisas təhsilini isə Azərbaycan Texniki Universiteti nəzdindəki Bakı Nəqliyyat və Rabitə Kollecində alıb. 2017-ci ildə həqiqi hərbi xidmətiə gedən Seymur, Goranboy istiqamətində xidmət keçib. Topçu idi Seymur – manqa komandiri, kiçik çavuş olub.

II Qarabağ müharibəsi başlamamışdan öncə – dövlət sərhəddinin Tovuz istiqamətində bu ilin iyulunda baş vermiş düşmən hücumu vaxtı cəbhəyə getməyə cəhd edib. O zaman cəhdi baş tutmasa da, sentyabrda hərbi komissarlığa gedib və nəhayət istəyinə çatıb. – Seymur II Qarabağ müharibəsinin içtirakçısı olub və döyüşlərə atılıb. Anasına “birdən şəhid olsam, ağlamazsan ha..!” – deyə halalaşıb yola düşən Seymur, anasının “a bala, səni ha tərəfə aparırlar?” sualına “Hər yer Vətəndir, ana, hara gedəcəyimizin nə fərqi var?” deyə cavab verib...

Səsi öncə Tərtərdən gəlib Seymurun, sonra Füzulidən. Fürsət tapan kimi zəng edirmiş. Anası Nüşabə Mehdiyeva deyir: “Seymur gedəndən yuxum ərşə çəkilmişdi. Hər zəngində mənə təsəlli verir, elə hey, “özünə yaxşı bax, ana”, deyirdi. Deyirdi, “Qoy qayıdım gəlim. Səni tanımayanlar da “Seymurun anası” deyə tanıyacaq. Burda düşmənin başını əzə-əzə gedirik”. Sən demə, balam məni şəhid olub tanıdacaqmış.
Atası hələ də özünə gələ bilmir. Deyir, elə bil özü, yüyürə-yüyürə Şəhid olmağa getdi”...

Şəhidimizin əsas döyüş yolu Füzulidən keçib. Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı və digər kəndlərin alınmasında top atəşləri ilə erməniyə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib. Füzulidə olanda ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Oktyabrın 24-də yenə anasına zəng edib, atası ilə, qardaşı ilə də danışıb; ağır döyüşlər getdiyini, ordumuzun qəhrəmanlığı sayəsində düşmən hərbi qüvvələrinin pərən-pərən düşdüyünü bildirib. “Biçirik onları, iti qovan kimi qovuruq, qaçırlar qorxaqlar, qaçırlar. Murdar ayaqları bir də bu torpağa dəyməyəcək” – deyib Seymur.

Ertəsi gün, oktyabrın 25-də Mehdiyevlər ailəsinə Seymurun şəhid olması xəbəri çatıb. Cəmi bir gün öncə ümid, inam dolu gələn o şaqraq səs əbədi susub..! O səsin yiyəsi bir də zəng etməyəcək, bir də danışmayacaq... amma şəhid adı ilə əbədi inam aşılayan bir ünvana çevrilib. Şəhidlərimizin ölməz ruhu səcdagahımızdır.

Oktyabrın 26-da Seymur canından əziz bildiyi Vətən torpağına tapşırılarkən, onunla vidalaşmağa gələnlərin ucu-bucağı olmayıb... “Balam məni belə tanıdacaqmış, nə biləydim? Onun məclisinə kimlər gəldi... Tanıdığımız-tanımadığımız yüzlərlə ziyalı... “Oğlunuz fəxrimizdir” – deyə bizə başsağlığı verdilər. Bu bizə qürur verir, əlbəttə.

Əlbəttə, hər ana övlad toyu arzulayar, hər ana o toyda qol qaldırıb oynar... Seymurum Tanrının dərgahına yüksəldi. Ana qəlbim sızlasa da, yenə Vətən sağ olsun! Vətəni oğullar qoruyar. Bilirəm ki, Vətən uğrunda şəhid olanlara “ölüb” demirlər. İndi xalqımız Ordumuzun zəfərini qeyd edir. O zəfərdə mənim oğul balamında payı var. Tarix yazılanda, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə, oğlumun da adı çəkiləcək. Neçə ki yaşayıram, bu, mənə bəsdir.

Seymurumun özü ilə bağlı arzuları yarımçıq qaldı, amma Vətənlə bağlı arzuları yerinə yetdi”...

Doğrusu, Şəhid Anasının bu ibrətamiz ürək sözündən sonra əlavəyə, şərhə ehtiyac duymuram... Yalnız onu demək istəyirəm ki, bu Vətən, bu Xalq, qəhrəman oğullar və o oğulları yetişdirən ata-analarla ucalır!

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar