Ümid Partiyası Bərdədə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror aktı ilə bağlı beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə, Avropa Birliyinə, AŞPA-ya, İslam Ölkələri Təşkilatına, Qoşulmama Hərəkatına üzv dövlətlərə müraciət ünvanlayıb.
Dominant.az sözügedən müraciətin mətnini təqdim edir:
"İki gündür Ermənistan rəhbərliyi dinc Azərbaycan vətəndaşlarının raket atəşinə tutulmasına göstəriş verib. Onlarla vətəndaşımız həlak olub, yüzə yaxın dinc sakin yaralanıb.
Hədəf seçilən Bərdə rayonu təmas xəttindən və döyüş bölgəsindən çox uzaq olsa da, Ermənistan rəhbərliyi bu addımı atmaqla bir daha ölkəsinin terrorçu və cinayətkar olduğunu sübut edir.
1988-ci ildən başlayaraq Ermənistan dinc vətəndaşlarımıza qarşı terror əməlləri həyata keçirtməkdən çəkinməyərək, Meşəli, Qaradağlı, Xocalı, Narışlar, Ağdaban faciələrini gerçəkləşdirmiş, Bakıda və müxtəlif ərazilərdə dinc vətəndaşlara qarşı terror həyata keçirdərək yüzlərlə insanın həyatına son qoymuşdur.
Ümid Partiyası bu gün işğal olunmuş torpaqların azad olunması istiqamətində Ali Baş Komandan və Ordumuz tərəfindən atılan bütün addımları dəstəkləməklə yanaşı, beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə, Avropa Birliyinə, AŞPA-ya, İslam Ölkələri Təşkilatına, Qoşulmama Hərəkatına üzv dövlətlərə müraciət edir:
1992-ci il 2 mart tarixində Azərbaycan BMT-yə üzv qəbul edilmiş, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanımışdır.
Bu gün biz sizlərin də tanıdığı sərhədlərimiz çərçivəsində Ermənistan və havadarları tərəfindən işğal olunmuş ərazilərimizi Ermənistanın işğalçı qoşunlarından və ayrı-ayrı ölkələrdən muzdla gətirilmiş, Cənubi Qafqazı təhlükə mənbəyinə çevirən terrorçulardan təmizləyirik.
Lakin ərazilərimizin bir qismini terrorçu və işğalçılardan təmizlədiyimiz an başqa bir terrorla üz-üzə qalmışıq. Döyüş bölgələrindən çox uzaqda olan ərazilərimiz bombalanır, dinc sakinlər, uşaqlar, qadınlar, qocalar həyatlarını itirirlər.
Sizləri ikili standartlarla yanaşmağa, işğalçı tərəflə işğala məruz qalana eyni münasibət, bəzən işğalçını dəstəkləmək siyasətinə son qoymağa, Azərbaycanı müdafiə etməyə, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasına yardım etməyə çağırırıq.
Əks təqdirdə, Azərbaycan vətandaşları son nəfərinə qədər bir yumruq kimi birləşərək düşməni öz torpaqlarından çıxarmaq üçün vuruşacaqdır.
Sülhə, barışa, dinc yanaşı yaşamaya töhfə vermək istəyirsinizsə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması üçün ona təzyiq etməli, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması üçün hüququ əsas götürməli, baş verənlərə məqsədləriniz və maraqlarınız baxımından deyil, beynəlxalq hüquq və ədalət çərçivəsində qiymət verməlisiniz.
Ümid Partiyası".