44 günlük vətən mübarizəmizdə ağır şərtlərdə döyüşən igid əsgərlərimizlə yanaşı, çətin şəraitdə böyük şücaət göstərək onların canlarının keşiyində dayanan, həyatlarını xilas edən qəhrəman həkimlərimiz də tarix yazdı.
Şamaxı rayonunun Birinci Çaylı kənd sakini, Tibb xidmətinin kapitanı Məğrur Məmmədov da bu qəhrəman həkimlərimizdən biridir. Türkiyənin Ankara şəhərində, Gülhanə Askeri Tıp Akademisində təhsil alan və işləyən Məğrur müharibənin başladığı ilk gündən etibarən Azərbaycana qayıdıb və son günədək ön cəbhədə xidmət göstərib.
Qəhrəman həkimimiz xüsusi peşəkarlıq göstərərək öz canı-qanı bahasına gecə-gündüz demədən, yorulmadan əsgərlərimizin xidmətində dayanıb. Ön cəbhədən gətirilən yaralılara ilkin tibbi yardım göstərən gənc həkimimiz onların müvafiq xəstəxanalara daşınmasına kömək göstərib.
Adı kimi məğrur olan Məğrur həkim və onun timsalında bütün qəhrəman həkimlərimiz, səhiyyə işçilərimiz vaxtında edilmiş müdaxilələrlə yüzlərlə əsgərimizi həyata qaytarıb, onların yaralarına şəfa olublar. Tarixi qələbəmizin iştirakçılarından olan belə cəsur həkimlərimizlə qürur duyuruq. Vətən sizi unutmayacaq.