ABŞ Azərbaycan-İran sərhədlərində “üzür” - TƏHLİL

28 Martt 2023 19:33    10112 Baxış   
ABŞ Azərbaycan-İran sərhədlərində “üzür” - TƏHLİL

ABŞ Dövlət katibi Antoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı Azərbaycan-İran münasibətlərinin Vaşinqtonun strateji maraqlarına təsirini bu cümlə ilə ifadə etdi:

“Azərbaycanın İranla uzun sərhədi var və onun qorunması lazımdır”.

Qulağa xoş gəlsə də, bu fikrin təhlükəli tərəfinə dair versiyanı da canlandırmaq vacibdir: Görəsən, bu, ABŞ-nin Azərbaycanı müharibəyə sürükləmək planının tərkib hissəsidirmi?

Suala birmənalı cavablar vermək çətindir. Ancaq daha məntiqlisi belə səslənir ki, ABŞ-nin məqsədi Azərbaycan-İran müharibəsini başlatmaq deyil. O, İrana qarşı həmlələrində Azərbaycanın resurslarından yararlanmağı qarşıya prioritet qoyur.

İranın Azərbaycana qarşı hədə-qorxu siyasəti, hərbi güc nümayişi ilk növbədə onun Azərbaycan dövlətinin müstəqilliyi, mövcudluğu ilə barışmaqda çətinlik çəkməsinin məhsuludur.

İkinci gücəndiyi məqam Azərbaycanın Ermənistanı məğlub etməsi, regional düzəndəki yerini hərbi qüdrəti və xarici siyasət kursu ilə bərkitməsidir.

Xarici siyasət məsələləri və daxili idarəetmə mövzularında Azərbaycanın ABŞ ilə mübahisələri olsa da, bu, tərəfdaşlığın mayasına zərrə də xələl gətirmir.

Əksinə, Azərbaycanla ABŞ beynəlxalq nizamın titrəyişinin həmin birgə maraqların tektonik plitəyə itələnməməsi üçün tərəfdaşlığı keyfiyyətcə yeni fazaya keçirirlər.

Ələlxüsus, İrandan artan təhdidlər, onun ABŞ-nin dünya siyasətinə qarşı müqaviməti, Rusiya ilə Ukraynadakı müharibəyə qarşı ox yaratması Ağ Evi daha diqqətli olmağa vadar edir.

Buna görə də İranın genişlənmə siyasətinə qarşı ciddi tədbirlər görmək lazımdır, çünki Tehran Vaşinqtonun cızdığı “qırmızı xət”ləri tapdalamaq həddinə qədər yetişir.

İkinci bir tərəfdən, İran Xəzər dənizindəki donanmasını da təhlükəsizlik mühitinə qarşı inkişaf etdirə bilər.

Bu, ABŞ-nin dəstəklədiyi neft-qaz layihələrinin təhlükə altına atılması riskləri barədə düşündürür.

Ümumilikdə, İran istər dənizdən, istərsə də qurudan fəaliyyətlərini terrorçu-təxribatçı şəbəkələri ayaqda tutaraq həyata keçirməkdə maraqlı tərəf kimi görünür.

Cənab Blinkenin sərhədlər vurğusu təkcə quru zolaqlarını əhatə etmir, o, həm də dənizdən gələ biləcək təhlükəli siqnallara qarşı tədbirlərin görüləcəyinə işarə verir.

Lakin Blinken məsələnin digər hissəsini dilə gətirməkdən çəkinir. Belə ki, Azərbaycanla Ermənistanın tamhüquqlu sülhü imzalaması Bakının Zəngəzur dəhlizinin açılması şərti əsasında baş tutmalıdır.

Ancaq Zəngəzur dəhlizinin açılması, daha doğrusu, onun geostrateji əhəmiyyəti İran üçün pis ssenaridir.

Təzadlıdır ki, ABŞ ilə İran Zəngəzur dəhlizi mövzusunda Ermənistanın mövqeyindən çıxış edən tövrə sahibdirlər, hərçənd ki, Vaşinqton böyük ölçüdə həmin koridorun əleyhinə deyil. Məntiqlə, ABŞ İranın Zəngəzur dəhlizi üçün yaratdığı maneələri aradan qaldırmaq gücünü göstərməlidir – söhbət diplomatik-siyasi üsullarla İranın ram edilməsindən gedir.

Digər yandan, Türkiyənin regionda artan nüfuzu İran mollalarını narahat edir, ABŞ Ankaraya da dəstəkləyici mexanizmlər verməyi artırmalıdır. Bu, NATO-nun genişlənmə strategiyasına uyğun qurulmalı və İranı dalanda saxlamaq üçün böyük bir həmlə kimi inkişaf etməlidir.

İrana qarşı total real müharibə yox, İranın regionda pozucu təsirlərini aradan qaldıran həmlələr Azərbaycan üçün sərfəlidir.

Azərbaycan xarici siyasətinin İran istiqamətini Türkiyə, ABŞ, İsrail, hətta Rusiya ilə koordinasiya edir, məqsəd regionda avantüra ilə real təhdidlərin ölçülərini fərqləndirməkdir.

PROQNOZ:

Azərbaycanla ABŞ beynəlxalq terrorizmlə mübarizə çərçivəsində İranın proksi qüvvələrinin regiona gəlişinin qarşısında sədd çəkmək üçün müzakirələr aparacaq.

Türkiyə-ABŞ-İsrail üçbucağında Azərbaycan sərhədlərinin mühafizəsi öhdəlikləri üçtərəfli qaydada masaya qoyula bilər.

ABŞ Azərbaycanın geosiyasi, ticari və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətinə görə Xəzər dənizi hövzəsinin Azərbaycan seqmentində müdafiə potensialının artırılması öhdəliyi ilə çıxış etməkdə qərarlı görünür.(oxu.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar