Araşdırmaçı jurnalistlər İran əsilli azərbaycanlı milyarderi izləməyə başladı...

08 Dekabr 2021 18:42    260 Baxış   
Araşdırmaçı jurnalistlər İran əsilli azərbaycanlı milyarderi izləməyə başladı...

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsindən (OCCRP) jurnalistlər ABŞ-ın Mayami şəhərində İran əsilli qalmaqallı azərbaycanlı milyarder Rza Zərrabın izinə düşüblər və onu təqib etməyə başlayıblar. virtualaz.org xəbər verir ki, izləmə nəticəsində Rza Zərrabın milyonlarla dollar dəyərində lüks malikanədə yaşadığı, lüks həyat tərzi keçirdiyi və gənc sevgililəri ilə əyləndiyi, habelə atçılıq mərkəzini idarə etdiyi üzə çıxıb.

Xatırladaq ki, Rza Zərrab İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyalarını pozmaq, çirkli pulların yuyulması və digər ittihamlarla həbs edilmişdi. Lakin daha sonra o, Federal Təhqiqatlar Bürosu ilə anlaşaraq azadlığa buraxılmışdı və bir neçə il ərzində barəsində heç bir məlumat əldə etmək mümkün olmurdu. Bu yaxınlarda isə Rza Zərrabın “Aaron Goldsmith” ad-soyadı ilə yeni pasport aldığı və Mayamidə atçılıq mərkəzi açdığı üzə çıxmışdı. İndi isə OCCRP onun izinə düşüb və onun gündəlik yaşayışını, kimlərlə əlaqəsinin olduğunu araşdırıb.

OCCRP, Law&Crime və “Miami Herald”'ın birgə araşdırmasında üzə çıxıb ki, Zərrab ABŞ-da daimi yaşamaq və işləmək üçün sənəd alıb. Həmin sənəd “Aaron Goldsmith” kimliyi ilə verilib. Zərrab həmin ad altında özünə bank hesabları açıb və at yetişdirmə biznesini qurub. Lakin Mayami ətrafında və atçılıq idmanı dairələrində onu “Richard Ferrari” kimi tanıyırlar. Zərrab bır sıra sənədləşmələrdə özünü bu cür təqdim edib.

Məlum olub ki, Rza Zərrab Mayamidə bundan əvvəl 29 yaşlı peşəkar at təlimçisi qızla birlikdə yaşayıb. Həmin qızın kimliyi təhlükəsizlik baxımından açıqlanmır, bildirilir ki, o, Zərrabla “Richard Ferrari” kimi 2020-ci ilin ortalarında tanış olub. Tezliklə onlar Mayamidə hovuzu, beş yataq otağı olan geniş malikanədə yaşamağa başlayıblar. Lakin həmin qadın Rza Zərrabın əsl kimliyini öyrənəndən sonra narahat olub və ondan uzaqlaşıb, polisə müraciət edib. Zərrab tərəfindən təqib edildiyini, başına pis hadisə gələ biləcəyindən qorxduğunu deyib.

Həbs olunmazdan əvvəl Türkiyədə müğənni Ebru Gündəşlə evli olan Rza Zərrab həmin qadından ayrılandan qısa müddət sonra bu dəfə 22 yaşlı at təlimçisi Amanda Perkovski ilə münasibət qurub. Bu ilin iyul ayında onun həmin qızla fotosu “Aaron Goldsmith” adına açılmış Facebook hesabında yer almışdı.

Araşdırmada deyilir ki, Rza Zərrab əvvəlki cinayət ortaqları ilə əlaqə saxlamaqda davam edir və onun ABŞ-dakı lüks yaşamı üçün pullar offşor şirkətlər üzərindən daxil olur. O, saxta kimlik istifadə edərək atçılıq biznesinə və cins atların yetişdirilməsinə yatırımlar qoyub.

Jurnalistlər iyul ayında Zərrabı onun Mayami Coconut Grove məhəlləsindəki evinə qədər təqib ediblər. Yol boyu Zərrab mobil telefonda yüksək səslə türkcə kiminləsə danışırmış. Daha sonra o, sürücüsü olan “Cadillac”a minərək bölgədən uzaqlaşıb. Onun hazırda Mayamidə körfəz mənzərəli, 3.6 milyon dollarlıq malikanədə yaşadığı bildirilir. Məlum olub ki, Zərrab Mayamiyə yerləşəndə özünü “Jhon Kaplan” kimi təqdim edib və Türkiyədən getdiyini deyib.

Xatırladaq ki, Rza Zərrab 2016-cı ildə ABŞ-da həbs edilmişdi və 130 il həbsə məhkum edilmişdi. Lakin o, həbsxanada FTB ilə anlaşdı və İrana qarşı sanksiyaların pozulması işində Türkiyənin "Halkbank" bankının əleyhinə ifadə verərək azadlığa çıxmışdı. Həbsxanada olduğu müddətdə Rza Zərrab həbsxana nəzarətçilərinə rüşvət verib, qaldığı kameraya qadınlar və içki gətirib, özəl yeməklər sifariş verib. Bütün bunlar ABŞ-ın həbsxanalar sistemində böyük qalmaqala səbəb olmuşdu.

(virtualaz.org)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar