Bir əsrlik diplomatik əlaqələrin son 30 ili - Güclü gələcək üçün yola davam

14 Yanvar 2022 15:26    483 Baxış   
Bir əsrlik diplomatik əlaqələrin son 30 ili -  Güclü gələcək üçün yola davam

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə kəsilmişdi. İki ölkə arasında bu istiqamətdə əlaqə, təxminən, 72 il sonra, 1992-ci il yanvarın 14-də bərpa olundu. Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.

İki dövlət arasında diplomatik münasibətlərə dair bəzi faktlara nəzər salaq: Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılıb. 1993-cü ilin yanvar ayında İstanbulda, 2004-cü ilin aprelində Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis olunub. Türkiyənin Azərbaycanın paytaxtı Bakıda səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş konsulluqları fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra iki dövlət arasında az qala 72 il əvvəl yarımçıq qalmış işlər davam edir. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yaradılmış problem idi.

1918-ci ildə erməni-bolşevik birliyi Azərbaycanı işğal etmiş, həmin ilin martında ölkənin müxtəlif bölgələrində dinc sakinləri soyqırıma məruz qoymuşdular. Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılmış Qafqaz İslam Ordusu Nuru Paşanın başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yardımına gəlmişdi. 12-14 min Osmanlı əsgərindən ibarət Qafqaz İslam Ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə, təqribən, 20 min olub. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq, Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-cı ilin noyabrınadək fəaliyyət göstərib.


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenə ermənilərin və havadarlarının işğalı ilə üzləşdi. Türkiyə yenə onun yanında oldu. 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədini bağlamış və indiyədək bu qapı ermənilərin üzünə bağlıdır. Türkiyə bütün beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı haqlı mövqeyini müdafiə edir. 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Gününü birlikdə qeyd edib paradı birgə qəbul etməsi Qafqaz İslam Ordusunun 102 il əvvəl yarımçıq saxladığı işin başa çatdırılmasının göstəricisi idi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda da bu qardaş dövlətin dəstək və yardımını vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq”.

Azərbaycan da bütün beynəlxalq tədbirlərdə və təşkilatlarda Türkiyəni eyni ilə müdafiə edir. Bununla Türkiyənin ərazi bütövlüyü, terrorçuluğa qarşı mübarizəsinə töhfəsini verir. Prezident İlham Əliyev təbrik məktubunda bu məsələni də qeyd edib: “Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”. 2021-ci il iyunun 16-da Şuşa Bəyannaməsinin qəbul edilməsi Azərbaycan və Türkiyənin Zəfər Gününü birgə qeyd etməsinin məntiqi nəticəsidir. Bu sənəd iki dövlət arasında yeni dünya düzənində əməkdaşlıq və əlaqələrin də əsasını qoyub. Bəyannamə regional və beynəlxalq təhlükəsizlik üçün də qarant sayılır. Çünki Azərbaycan və Türkiyə müttəfiqliyi üçüncü tərəfə qarşı deyil, əməkdaşlığa, sülhə, inkişafa əsaslanır, bölgədə təhlükəsizliyi, dövlətlərin ərazi bütövlüyünü, suverenliyini təhdid edənlərə qarşıdır: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”.



Azərbaycan və Türkiyə əlaqələri həm də beynəlxalq iqtisadi və nəqliyyat layihələrinin reallaşması ilə müxtəlif dövlətlər arasında əlaqələrin yaranmasına yardım edir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb. 1992-ci il noyabrın 1-də iki dövlət arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında” imzalanan saziş 1993-cü il yanvar 23-dən qüvvəyə minib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP və ”Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki dövlət arasında bütün sahələrdə əlaqələrin qlobal iqtisadiyyatın inkişafına verdikləri töhfənin göstəricisidir. Azərbaycanla Türkiyə bu kimi əməkdaşlığı ilə beynəlxalq energetika təhlükəsizliyinə də yardım edir.

İki dövlətin qardaşlıq və dostluq əsasında yaranan əlaqələri Orta Asiya türk dövlətləri ilə birgə əməkdaşlığa təkan verib. Bu əlaqələr və münasibətlər nəticəsində Türk Dövlətləri Təşkilatı yaranıb. Azərbaycan və Türkiyənin mövcud münasibətləri türk dövlətlərinin bir-birinə yaxınlaşmasına və etibar etməsinə təkan verib.

İki dövlət regional əməkdaşlığa da üstünlük verir. İki dövlətin Gürcüstan, İran, Türkmənistan, Qazaxıstan, Rusiya ilə ayrı-ayrılıqda üçtəfərli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifahına öz töhfəsini verməkdədir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Cənubi Qafqazda yaranmış yeni şərait əməkdaşlıq üçün daha münbit vəziyyət yaradır. Azərbaycan və Türkiyənin irəli sürdüyü “3+3” formatında əməkdaşlıq təşəbbüsü buna örnək olar bilər. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsün Türkiyə tərəfindən dəstəklənməsi də bu istiqamətdə atılan mühüm addımlardan sayılır.

Beləliklə, Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və əlaqələrin inkişafı 72 il əvvəl yarımçıq qalmış planların, layihələrin daha əhatəli reallaşmasıdır. Qeyd edək ki, Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 1918-ci ilin avqustunda qurulan əlaqə 30 il əvvəl yenidən bərpa edildi. Osmanlı və Xalq Cümhuriyyətinin varisləri bu müqqədəs yolu uğurla yürüyülər.

Report.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar