Əliyevin ağlasığmaz planı: Qarabağda əslində nə baş verdi?

14 Noyabr 2020 13:00    15188 Baxış   
Əliyevin ağlasığmaz planı:  Qarabağda əslində nə baş verdi?

- 9 noyabrda əslində nə baş verdi?
- Azərbaycan Ordusu #Xankəndinin bir addımlığında niyə dayandı?
- Sülhməramlılar niyə bölgəyə daxil oldu və niyə məhz ruslar?
- Rusların etdiyi əslində nədir, yaxud onlar nəyi göstərməyə çalışır?
- Azərbaycan gerçəkdə nəyi qazandı?

İlham Əliyevin ağlasığmaz planı: məğlublar və qaliblər olaraq haçalanmış cəmiyyəti düşündürən sualların cavablarını soyuq başla təhlil edərkən, baş verənlərə belə bir ad verə bilərik. Çünki Əliyev təkcə müharibəni yox, münaqişəni də qazandı, həm də 30 illik problemin müəllifinin – Rusiyanın əli ilə...

9 noyabr, #Şuşanın azad olunmasından bir gün sonra: istiqamət Xankəndi idi, Araikin sonradan etiraf etdiyinə görə, şəhərdə 200-ə yaxın erməni hərbçisi qalmışdı və şəhərin azad edilməsi çətin deyildi, amma Azərbaycan ordusu dayandı, çünki hər şey planın bir parçasıdır.

- Günün sonuna yaxın #Rusiya helikopteri Naxçıvan sərhədində vuruldu;
- Prezident Xocavəndin 70-ə yaxın kəndinin azad olunduğunu rəsmiləşdirdi;
- Noyabrın 9-dan 10-na keçən gecə məlum bəyannamə imzalandı;

(Prezidentin 9 noyabrda – bəyannamənin imzalanmasından saatlar öncə Baydeni ABŞ prezidenti seçilməsi münasibəti ilə təbrik etməsini də bir kənarda yadda saxlayın).

Rusiya Azərbaycanı dayanmağa məcbur etmək üçün helikopter təxribatını törətdi. İlk ehtimal bu idi və məntiqli görünürdü də, hərçənd burada diqqətdən qaçan kiçik bir detal var: Azərbaycanı dayanmağa məcbur etmək üçün bu addıma gedən Rusiya niyə 9 noyabrda – Azərbaycanın Bayraq Günündə (bundan sonra Qələbə günü) bunu etsin?! Yaxud bəyannamənin müəddaları bir neçə saatın içindəmi hazırlanmışdı?

- Hərbi əməliyyatların ana hədəfi Ermənistanı kapitulyasiyaya məcbur etmək idi;
- Şuşanın azad edilməsindən sonra düşmən çıxılmaz vəziyyətə düşdü;
- Ordu döyüşərkən məlum bəyannamə üzərində iş aparılırdı, Nikol Paşinyanın 4 gün ərzində “yoxa çıxması”nın səbəbi də əslində kapitulyasiya aktının müzakirə edilməsi idi;
- Və bu akt 9 noyabrda, məhz Azərbaycanın Bayraq günündə imzalanacaqdı;

Helikopter təxribatı Rusiya və Ermənistan daxilində kapitulyasiyaya qarşı olanların planı idi və hədəflərindən biri də bölgədə Rusiya və #Türkiyəni müharibənin açıq tərəflərinə çevirmək idi. Bunu hər üç paytaxtda – Ankarada, Bakıda, Moskvada anlayırdılar. Oyun baş tutmadı.

Əliyevin ikinci və həlledici gedişi: #sülhməramlılar.
Sülhməramlılar niyə gəlməli idi sualına gəlməsəydi nə olardı sualı kontekstində cavab axtaraq:

- Müharibəni qazanacaqdıq, amma bitməyəcəkdi;
- Müharibənin bitməməsi azad olunan ərazilərə əhalinin qayıdışına mane olacaqdı;
- Ermənilər Paşinyanı devirəcək və Rusiyanın dəstəyi ilə yeni hücumlar edəcəkdi;
- Və ən əsası müharibə bitsə də, münaqişə davam edəcəkdi;

Bakı ordu ilə müharibəni qazandı, diplomatiya ilə münaqişəni bitirdi.

Niyə rus sülhməramlıları? Tarixi yaddaş fonunda cəmiyyətdə haqlı olaraq yaranan sualın cavabı bəlkə də İlham Əliyevin ağlasığmaz dediyimiz planının ən vacib detalıdır.
1. Rusiya bölgəyə girəcəkdi və biz onların düşmən tərəfindən deyil, bizim tərəfimizdən, bizim şərtlərimiz altına girməsini həyata keçirməklə neytrallaşdırdıq;
2. Sülhməramlıların ruslar olması Ermənistanın kapitulyasiyaya imza atmasını şərtləndirən əsas amildir;
3. Bundan sonra Rusiya Ermənistanı münaqişəni yenidən başlanması üçün silahlandırmayacaq (ən azı qarşıdakı illərdə bu baş verməyəcək);
4. “Azərbaycan ermənilərə qətliam törətdi” təxribatının qarşısı alındı (bu təxribata hazırlıq getdiyi dəqiqdir);
5. Və münaqişəyə müəllifinin əli ilə son qoyuldu, bu ən mühüm məqamdır;

Bu, prosesin bir tərəfidir, görünməyən tərəfinə, Əliyevin böyük oyununa baxaq:

Birincisi, Rusiyanın əli ilə Minsk qrupunun digər iki üzvü – ABŞ və Fransa oyundan kənarlaşdırıldı;
- Fransanın prosesə müdaxiləsi bəyanatdan o tərəfə keçmir, çünki bölgədə sülhü təmin edən ruslardır.
- Başı seçkiyə qarışmış ABŞ da yalnız bəyanat verə bilir: Bayden demokratların ənənəvi siyasəti olan anti-Türkiyə və erməniyönümlü olaraq tanınır; müharibənin uzanması #Bayden Amerikasının Ermənistan mövqeyindən müdaxiləsi riskini artırırdı; İlham Əliyev məhz Baydeni təbrik etdiyi gün münaqişəni həll etdi və bu, heç də təsadüfi deyil;
İkincisi, Rusiyanın özünü qalib hesab etməsinə şərait yaratdı; Moskvaya mesaj verildi: “Bəli, Rusiya bölgədə hakimdir, biz bunu qəbul edirik”.

Bu, ABŞ və Fransanın oyundakənar buraxılması, Türkiyənin bölgəyə Azərbaycanın qarantı kimi daxil olmasını təmin etmək üçün incə, həm də tarixi gedişdir. Əliyev Türkiyəni bölgəyə gətirmək, münaqişənin region ölkələri tərəfindən həll etmək üçün Rusiyaya hakim olduğunu göstərdi: sağı göstərib solu vurmaq kimi...

Və bütün bunları oxuduqdan sonra yenə “#Xankəndi, #Xocalı və #Xocavəndin adı niyə açıqlanmadı” deyə soruşursunuzsa...
- Azərbaycanın ərazi bütövlüyü bərpa olundu demək bu ərazilərin də azad olunduğu deməkdir;
- Bu ərazilərdə də Azərbaycan bayrağının dalğalanacağı, Azərbaycan qanunları ilə idarə olunacağı, Azərbaycan milli valyutasının dövriyəyə buraxılacağı rəsmi şəkildə elan olunub;

Buna da inanmayanlar üçün:
- Xocavəndin ermənilərin ən çox yaşadığı Hadrut qəsəbəsi də daxil olmaqla böyük hissəsi azad olunub;
- Xocalıda ermənilər demək olar ki, yaşamır: Ağdərədə yaşayanlar müharibənin ilk günlərində tərk etdilər;
- Xankəndidə yaşayanlar da gediblər;

Bu rayonların adlarının açıqlanmaması planın bir parçasıdır: Azərbaycan münaqişəni həll etdi; Dağlıq Qarabağa heç bir status vermədi; erməni qoşunları tamamilə çıxarılacaq; ermənilərə bizim vətəndaşımız kimi yaşamaq hüququ verilir və onlar üçün bu ərazilər ayrılır;
Burada rəsmi sənədlə reallıq arasındakı fərqi anlamalıyıq: erməni əhalisi orada yaşayacaqmı? Qarabağdan Ermənistana gedənlərin dedikləri bu sualın cavabının birmənalı olaraq yox olduğunu göstərir. Dövlət hər şeyi açıqlanmamalıdır, açıqlamayacaq da...

Və rusların hamını narahat edən addımlarının səbəbi də budur: sülhməramlıların komandanının Araiklə görüşü, Putinin Qarabağla bağlı fərman imzalaması...

Ermənilər Xankəndidə sonuncu dəfə 30 faiz – 17 min əhalinin qaldığı açıqlanmışdı, lakin xarici media son qalanların da şəhəri tərk etdiyini yazırlar. Bu, rusların gözləmədiyi vəziyyəti yaratdı:

Ruslar Araiklə görüşür, Qarabağla bağlı fərman imzalayır və bununla erməniləri qayıtmağa inandırmağa çalışır, çünki Rusiyanın planı Qarabağda yaşayacaq erməni əhalisi üzərindən bölgədə varlığını davam etdirməkdir. Amma reallıq başqadır, rəsmi Bakının baş verənlərə səssiz qalması da çox şey deyir. Erməni əhalisi geri qayıtmayacaq və zamanı çatanda Rusiyanın sülhməramlı missiyasına da ehtiyac azalacaq. #Bəyannamədə də 4 il yarımdan sonra tərəflərin birinin istəyi ilə missiyaya son qoyulması əksini tapıb.

Rusiya Qarabağda “Pirr qələbəsi” qazandığını sülhməramlılar bölgəyə girəndə anladı, özünü “hakim” göstərmək çabaları da bundan qaynaqlanır.

Artıq imzalar atılıb: Əliyev Rusiyanın əli ilə münaqişəni Azərbaycanın xeyrinə həll etdi, Rusiyanın əli ilə Ermənistanın kənar dəstəyini kəsdi və Rusiyanın əli ilə Naxçıvandan dəhliz açaraq, türk coğrafiyasının əsrlərdən gözlədiyini layihəni gerçəkləşdirdi: bunun nəticələrini zamanla görəcəyik.

Və baş verənlərə böyük tabloda baxanda nə görürük?
Azərbaycan Ermənistana yox, münaqişənin müəllifinə - Rusiyaya qalib gəldi, həm də rusların öz əli ilə...

Asif Nərimanlı

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar