"Ermənilər Kəlbəcər yolunu bağlasa, biz də Laçın koridorunu bağlamalıyıq"

19 Yanvar 2021 20:39    780 Baxış   
"Ermənilər Kəlbəcər yolunu bağlasa, biz də Laçın koridorunu bağlamalıyıq"

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonunun Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər.
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Dominant.az-a açıqlamasında baş vermiş bu xoşagəlməz hadisəyə münasibət bildirib.

A.Əsədli qeyd edib ki, ermənilər növbəti dəfə həyasızlıqlarını nümayiş etdirirlər: "Bu nədir? Kim kimə haqq iddia edir? Kim kimə nəyi qadağan edir? Bu həm ermənilərin, həm də rusların özbaşınalığıdır, buna başqa ad vermək olmaz. Birincisi, ermənilər cavab versinlər görək, Ermənistana qohumlarını görməyə gedib-gəlmək üçün Kəlbəcər yolundan istifadəni hansı statusda etmək istəyirlər – Azərbaycan vətəndaşı kimi, yoxsa qondarma Qarabağ “Respublikasının” “vətəndaşı” kimi? Məncə, bu prinsipial məsələdir. Çünki Azərbaycan vətəndaşı kimi gedib-gələcəklərsə, o zaman rus sülhməramlısına deyil, Azərbaycan orqanlarına müraciət etməlidirlər. Yox, əgər qondarma “vətəndaşlıqla” gedib gələcəklərsə, o zaman əziyyət çəksinlər, Laçın koridoru üzərindən, o da HƏLƏLLİK, gedib gəlsinlər və yolu bağlamasınlar".



"İkincisi, Azərbaycanın inşaat yük maşınları yolun istənilən ərazisindən keçərkən Azərbaycan sərhədləri daxilində hərəkət edirlər. Kimin ixtiyarı var ki, bizim hüquqən və faktiki ərazimiz olan yolun hər-hansı bir hissəsində bizə əngəl olsunlar? Sırf vəziyyəti ağırlaşdırmamaq üçün oraya, hələlik XTQ yeridilmir, amma gələcək səfər ermənilər orada XTQ-mizi görəndə onlar üçün gec olacaq. Baxın, onlar demirlər ki, biz də Azərbaycan daxilində istifadə edək bu yoldan, tam tərsinə, deyirlər ki, Ermənistana keçmək üçün istifadə edək. Orada sərhəd keçidi yoxdur. Deməli gediş-gəliş də ola bilməz. Belə olan halda ermənilərin tələbi Azərbaycanlıların o yoldan istifadə azadlığı ilə eyniyyət təşkil etmir. Yəni, tələblərini bizim halal haqqımızla eyniləşdirmək istəyərək hiyləyə əl atırlar", - deyə partiya sədri əlavə edib.

Anar Əsədli rus sülhməramlılarının hadisəyə anormal müdaxiləsinə də aydınlıq gətirib: "Rusiyalı sülhməramlı onlara bütün bunları izah etmək yerinə, azərbaycanlılarla danışacağını deyir. Görünür ümid edir ki, işdir, birdən Azərbaycan tərəfi “hə” desə, sülhməramlılar üçün də bu bir fürsət olacaq ki, Azərbaycan-Ermənistan sərhəddinin həmin hissəsində Laçın koridoru kimi ikinci bir koridoru açıb nəzarətini əllərində saxlasınlar. Bəlkə də, bu yol ermənilərə yox, elə rusların özünə lazımdır, ermənilərin dili ilə səsləndirirlər? Bilmək olmaz. Həmin rus komandir Azərbaycanlı həmkarları ilə görüşəndə bizimkilər də video çəkəcəklərmi? Mən belə fikirləşirəm ki, çəkməlidirlər və ermənilərin də görməsini təmin etməlidirlər. Yoxsa ki, hər səfərində qarşı tərəfin qurama səhnələşdirilmiş videolarını görməkdən bezmişik. Bizim onlara cavabımız da adekvat olmalıdır".

"Ermənilər deyir ki, əgər bu yoldan onlara istifadə haqqı tanınmasa, yenə yolu bağlayacaqlar. Neylək. Biz də buna qarşı Laçın koridorunu bağlayacağımızı deməliyik və lazım olarsa ETMƏLİYİK! O zaman görərik, kimin iradəsi güclüdür. Hesab edirəm ki, ermənilərin bu güc nümayişinə ən qısa zamanda lazımi orqanlar tərəfindən cavab verilməli və bu cavab içtimailəşdirilməlidir. Partiya olaraq ermənilərin bu həddinibilməz hərəkətinə qarşı atılacaq bütün addımlara dəstək verəcəyimizi buradan da bildirmək istəyirəm", - deyə müsahibimiz vurğulayıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar