“Ermənistan istəyinə çata bilməyəcək” – Vaşinqton görüşünün detalları

22 Oktyabr 2020 13:51    511 Baxış   
“Ermənistan istəyinə çata bilməyəcək” –  Vaşinqton görüşünün detalları

Oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə görüşü planlaşdırılıb. Ehtimal edilir ki, görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq.

Bəs Vaşqinton görüşü münaqişənin həll edilməsində əhəmiyyətli rol oynaya bilərmi?

Mövzu ilə bağlı “BakuPost”a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin müharibə fazasına keçməsindən bir müddət sonra sakitlik nümayiş etdirirdi: “ABŞ-dakı seçkilər ucbatından Dağlıq Qarabağla bağlı olan məsələdə dirijorluq demək olar ki, Rusiyaya verilmişdi. Lakin təbii ki, ABŞ-ın bölgədə çox ciddi hədəfləri var idi, eyni zamanda ABŞ BMT Təhlükəsizlik Şurasının üzvüdür və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Buna görə də ABŞ-ın münaqişə ilə bağlı fikirləri onun bu təşkilatlarda məsuliyyət daşıması baxımından çox vacibdir”.


Politoloq vurğulayıb ki, Amerikanın NATO-dakı nümayəndəsi Azərbaycanın sərhədləri çərçivəsində ermənilərin yaşaması ilə münaqişənin həllinin mümkünlüyündən bəhs edib: “Bu, Azərbaycan üçün kifayət qədər ciddi məqamdır. Birbaşa olaraq onu göstərir ki, Vaşinqton ərazi bütövlüyünün Azərbaycan tərəfindən təmin edilməsində maraqlıdır. Elə müharibə başlayandan indiyə qədər Böyük Britaniyanın Azərbaycandakı səfirinin 2 dəfə ölkəmizə dəstəyini ifadə etməsi, həmçinin ABŞ tərəfindən sakitlik nümayiş etdirilməsi, İsrail-Azərbaycan arasında kifayət qədər intensiv siyasi əməkdaşlıq onu göstərirdi ki, bu istiqamətdə Azərbaycan xüsusi diplomatik uğurlar əldə edib”.

Z.Məmmədov qeyd edib ki, rəsmi Vaşinqtonun Cənubi Qafqazdakı mövqeyi heç də Ermənistanın mövqeyi ilə üst-üstə düşmür: “Məhz bunu görən Ermənistan prezidenti Armen Sarkisyan ötən gün təlaş içində Brüsselə səfər edib və NATO ölkələrini Türkiyəyə qarşı siyasi təzyiq vasitələrindən istifadə etməyə çağırıb. Amma görünən odur ki, Ermənistan istər KTMT, istərsə də NATO istiqamətində göstərdiyi səylərə baxmayaraq məqsədinə çata bilməyəcək. Ümumilikdə isə XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan və Ermənistanın baxış bucağı ABŞ tərəfinə çatdırılacaq, lakin hər hansı nəticənin əldə edilməsi nikbin görünmür”.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar