Ermənistandakı hərbi hissədə qiyam: Əsgərlər qorxudan fərarilik edir

24 Fevral 2021 16:50    413 Baxış   
Ermənistandakı hərbi hissədə qiyam:  Əsgərlər qorxudan fərarilik edir

Ermənistandakı hərbi hissələrdən birində çağırışçı əsgərlərin məzuniyyətdən hərbi hissənin daimi dislokasiya bölgəsinə qayıtmaq istəməməsi ilə əlaqədar insident yaşanıb.

Bu barədə "Sputnik” Ermənistan məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 23-də hərbi qulluqçular və onların yaxınlarından ibarət bir qrup əsgərlərin daimi dislokasiya bölgəsinə qayıtmasına mane olmağa cəhd göstərib. Nəticədə hərbi hissənin ərazisində iğtişaş yaşanıb, bəzi əsgərlər isə hadisədən istifadə edərək hərbi hissənin ərazini özbaşına tərk ediblər.

Hərbi hissənin komandanlığı xidməti araşdırma başladıb, polis fərarilik etmiş əsgərlərin axtarışına başlayıb. Onların barəsində cinayət işi qaldırılıb.

Ermənistanda baş vermiş hadisənin kökündə bir neçə səbəb dayana bilər. İlk növbədə görünən odur ki, ermənilər hələ də "Dəmir yumruğun” onlarda yaratdığı sarsıntını unuda bilməyiblər. Çünki fərarilik üçün səbəblərdən elə birincisi qorxu - Azərbaycanın 44 gün ərzində hərb meydanında əbədi olaraq erməni hərbçilərin yaddaşlarına həkk etdiyi, kabuslarına çevrilmiş dərsdir. Erməni əsgəri hətta bu gün Dağlıq Qarabağda xidmət etməyəcəyini bilsə də, öz vətənində belə xidmətdən qorxur. Müzəffər Azərbaycan ordusunun şanlı əsgərinin silueti bəlkə də rüsvayçı şəkildə məğlub olmuş Ermənistan ordusunun hər bir əsgərini qarabaqara izləyir, onların şüurlarında vahimə yaradır. Ona görə də hətta kilometrlərlə uzaqda belə erməni əsgərləri fərarilik etmək üçün çalışır.

Digər bir səbəb isə Ermənistanın özündə və müvafiq olaraq ordu sıralarında hökm sürən acınacaqlı vəziyyətdir. Rüşvət, özbaşınalıq kimi amillərin at oynatdığı Ermənistan ordusunda hər bir imkandan məhrum, təchizatı və təminatı aşağı şəkildə xidmət aparmaqdan əsgərlər də cana gəlib. Ona görə də əllərinə düşən ilk fürsətdə hərbi hissəyə qayıtmamaq üçün qaçmaq qərarına gəliblər.

Ermənistandakı hərbi hissədə baş vermiş hadisə dünyanın, o cümlədən də bizim cəmiyyətimizdə rüsvayçılıq kimi qəbul edilə bilər. Amma kim bilir, bəlkə humanizm yerinə terroru, insanlıq yerinə vandallığı sevənlər fərarilikləri ilə də öyünür, bunu adi qəbul edir...

Hər halda bizim üçün üstəlik də hərbi əməliyyatların dayandığı dinc dövrdə hərbi hissədən fərarilik etmək Ermənistan tarixi üçün növbəti qara ləkədən başqa bir şey deyil


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar