Ermənistanın “uzatma diplomatiyası” və Paşinyan inkarçılığının iflas yolu

16 Oktyabr 2020 23:46    496 Baxış   
Ermənistanın “uzatma diplomatiyası” və Paşinyan inkarçılığının iflas yolu

Ermənistanın baş naziri Nikol Paşinyan Dmitri Kiselyova müsahibəsində hər zaman olduğu kimi “qırmızı xətti” keçdi. Görünən bu idi ki, Kiselyov baş nazirin fərqli nə isə səsləndirməsinə ümüd edirmiş. Paşinyan ya jurnalistin bu istəyini ümumiyyətlə başa düşmədi, ya da rus dilini ingilis dili kimi düz əməlli anlamadığından ciddi məntiq çatışmazlığı yaşadı. Hər halda ağlında olanı dedi – Dağlıq Qarabağın öz müqəddaratını təyin etmə hüququ üzərində dayandı. Başqa sözlə, müstəqillik üzərində. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə kifayət qədər açıq tekstlə bildirdi ki, ölkəmiz heç bir halda Qarabağın müstəqilliyi ilə barışmayacaqdır. Buradan gəlinən qənaət belədir ki, hərbi əməliyyatlar davam edəcək.

Bəli, Paşinyan və onun administrasiyası geri çəkilmək niyyətində deyil. Əslində Ermənistanın baş naziri niyyətini iki gün öncə xalqa müraciətində bildirmişdi. O demişdi ki, indiyədək aparılmış danışıqlar əvvəl beş, sonra iki rayonun Azərbaycana qaytarılmasını əsas tuturdu və buna razı deyil. Ermənistanın baş naziri belə söyləməklə faktiki olaraq özündən əvvəlki ölkə liderlərinin bir növ, Azərbaycana güzəştə getmək niyyətlərini ortaya qoyur. Müharibə nəticəsində çoxsaylı hərbi texnika, canlı qüvvə, ən əsası torpaq itirən Paşinyan üçün bu deyimdən yaxşı sığorta ola bilməz. Yəni sabah erməni analarına deyəcək və deyir ki, övladlarınız torpaq uğrunda getdilər. Torpağın Ermənistana məxsus olub-olmamasına gəlincə isə, bax burada Paşinyanın sələflərinin “əməyi” xüsusi vurğulanmalıdır.

Sarkisyan və Koçaryanın təmsil olunduqları “Qarabağ klanı” illər ərzində xalqı kifayət qədər doldurdu, daha doğrusu xəstələndirdi. Onların sayəsində Ermənistan cəmiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir davam edən danışıqlardan və əldə olunan nəticələrdən, müəyyənləşdirilmiş nizamlama prinsiplərindən xəbərsiz oldu. Sarkisyan və Koçaryan xalqı bir növ, eyforiyaya köklədi. Təxminən belə - torpağı tutmuşuq, rahat olun, biz də Azərbaycanla boş-boş danışıb başının altına yastıq qoyuruq.

Paralel şəkildə bufer zona yaratmağa başladılar, istehkamlar qurdular, tunellər qazdılar, silahlandılar. Yəni faktiki olaraq Dağlıq Qarabağın ətrafındakı 7 rayonun yüksəkliklərini sırf hərbi məqsədlər naminə istifadə etdilər. Danışıqlara sadiq qalaraq Azərbaycana torpaq qaytarmaq niyyəti olan hansı hakimiyyət Kəlbəcərdə, Füzulidə və digər yerlərdə istehkamların qurulmasına pul xərcləyərdi? Demək ki, əsas məqsəd vaxt uzatmaq imiş. Etiraf edək ki, dünya birliyinin, xüsusən də ATƏT-in Minsk Qrupunun zaman-zaman dəyişən Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin dəstəyi ilə bu işi kifayət qədər ustalıqla bacardılar. Amma hesablamadıqları bir məqam oldu. Az öncə haqqında söz açdığımız yastığı bizim deyil, özlərinin, yəni erməni xalqının başının altına qoydular. Və buna görə sıravi ermənilər bu gün də böyük ölçüdə cəbhədə nələrin baş verdiyindən xəbərsizdir. Yastıq obrazılı desəm, o qədər yumşaqdır ki, sıravi ermənilər Ermənistanın Müdafiə Nazirliyinin Azərbaycanın hər gün 10-15 hərbi helikopterinin, 15-20 qırıcı təyyarəsinin, 50-60 tankının və digər hərbi texnikasının vurulduğu, təxminən 100-200 hərbçisinin məhv edildiyi yalanı ilə bəslənir. Xəbər yayırlar ki, bu gün Azərbaycanın 3 briqadasını məhv etdik, heç kəs bu cəfəng, heç bir hesablamalara gəlməyən avantürizmi yoxlamağı ağlından keçirmir. Amma bu bəslənilmənin əks effekti olacaq və proseslər məhz ona doğru gedir.

Məsələyə ideoloji baxımdan yanaşan erməni beyin mərkəzləri müəyyən konsepsiyalar da hazırlamışdılar. Azərbaycanlıların Qarabağı unutmasına yönəlik hesablar qurmuşdular. Belə fikir irəli sürmüşdülər ki, 20,30, 40 ildən sonra nəsillərin dəyişməsi ilə Azərbaycanda Qarabağ məsələsinə loyal baxışlı nəsil formalaşacaq. Əlbəttə, hesablaya bilmədikləri bir çox məqamlar oldu və bunu 2016-cı ilin aprel müharibəsindən sonra etiraf etməyə başladılar. Gördülər ki, Azərbaycanın I Qarabağ savaşı dönəmindən sonrakı nəsli əldə silah döyüşür. Demək ki, daha fərqli nələrisə düşünmək lazım imiş. Buna isə Ermənistanda 2018-ci ildə baş vermiş inqilab mane oldu.

İllərdir Ermənistan cəmiyyətində ordunun güclü olduğuna dair mif yaradılıb. Nikol Paşinyan erməni xalqına müraciətində həmin mifi özü də bilmədən dağıtdı və ittiham yolu tutdu. Dediyimiz kimi, guya özündən əvvəlkilərin Azərbaycana torpaq qaytarmaq niyyətinin olduğunu, bununla qətiyyən barışmadığını vurğuladı. Təxminən belə - mən yaxşıyam, onlar pisdir. Amma reallıq budur ki, həmin o pislər 30 ilə yaxın müddətdə ikili standartlı dünyanı danışıqlar oyunundakı rollarını mahir ifa etmişdilər.

Bu gün Paşinyan indiyədək ermənilərə dəstək göstərməyə köklənmiş dünyanın, xüsusən də Cənubi Qafqazın düzənini pozmağa girişib. Proseslər göstərir ki, Sorosun parçalamaq layihəsi olan Ermənistanın baş nazirinin timsalında erməni kartını işə salanlar vəziyyəti düzgün hesablamayıblar. Buna görə də ermənilər tarixin müxtəlif mərhələlərində olduğu kimi taleyin ümüdünə buraxılıblar. Bu isə onu göstərir ki, Dağlıq Qarabağ məsələsi ona köklənərək regionda möhkəmlənmək istəyənlər üçün iflasa çevriləcək. Bu iflasda ən pay sahibi isə Azərbaycan və Türkiyədir.

"Baki-Baku.az"

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar