Generaldan Cənubi Qafqazla bağlı CİDDİ XƏBƏRDARLIQ - Rusiya İranla birləşib...

04 Martt 2023 22:34    2033 Baxış   
Generaldan Cənubi Qafqazla bağlı CİDDİ XƏBƏRDARLIQ -   Rusiya İranla birləşib...

Xocalı görüşündən sonra Qarabağdakı erməni separatçıları xeyli aktivləşib. Onların sülhməramlıların gözü qarşısında səngər qazdıqlarının görüntüləri yayılıb. Ordumuz Ağdam və Xocavənd rayonları istiqamətində qanunsuz fəaliyyət göstərən erməni hərbi dəstələrinin 3 videomüşahidə kamerasını sıradan çıxarıb.

Qarabağdakı separatçılara və silahlı erməni dəstələrinə cəsarəti kim verir?



Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general-mayor Yücel Karauz Musavat.com-a açıqlamasında bildirib ki, Qarabağdakı separatçılara və silahlı erməni dəstələrinə sadəcə bir ölkə və beynəlxalq təşkilat dəstək vermir. Onların içərisində mənfəət qrupları var:

“Hansı ki, birdən artıq dövlətin, beynəlxalq təşkilatın maşası durumunda dəyişən konyukturaya uyğun zaman-zaman Rusiyadan, Avropa İttifaqından, Fransadan cəsarət alırlar. Onlar zaman qazanaraq Bişkek razılaşmasında olduğu kimi, Ermənistanın təslim olmasına dair razılaşmanın sülh müqaviləsinə çevrilməməsi, imperialist güclərin maşası olma durumunun davam etdirilməsi, Cənubi Qafqaza sülhün gəlməməsi üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirirlər”.

Generalın sözlərinə görə, görünən odur ki, Rusiya Qarabağ məsələsində təşəbbüsü yavaş-yavaş itirir:

“Bunun səbəbi Rusiyanın gündəm maddəsinin Ukrayna olması, ABŞ-ın, Avropa İttifaqı və NATO-nun artan təzyiqidir. Dolayısı ilə Rusiya üçün Qarabağ məsələsi hazırda 2-ci, 3-cü yerdədir. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası var, Qarabağda rus sülhməramlıları var. Rusiya İranla işbirliyini davam etdirərək balanslaşdırma aparmağa, Avropa və ABŞ-ın fəaliyyətlərini boşa çıxarmağa çalışır. Digər tərəfdən isə Azərbaycanla münasibətləri qorumağa çalışır, Qarabağ məsələsinin beynəlxalq hüquq və Azərbaycanın haqqı çərçivəsində həllinə ən azından “yox” demir”.



“Qərblə Rusiyanın Qarabağla bağlı toqquşması mümkündürmü” sualına Yücel Karauz belə cavab verib:

“Qərblə Rusiyanın Qarabağ mövzusunda toqquşması hələ ki, mümkün deyil. Çünki məsələ Qarabağ deyil. Qərb və Rusiya Qafqazda cəbhə açarsa, toqquşma ola bilər. Amma bu toqquşma Qarabağ toqquşması olmayacaq. Sadəcə Qərb, NATO və ABŞ-ın Rusiyaya yeni bir cəbhə açması formasında ola bilər. Ancaq Rusiyanın Ukraynadan sonra ikinci bir cəbhəni açmağa gücü yoxdur. Qərb də ikinci cəbhənin açılmasına tam hazır deyil. Hər kəs uyğun zamanı gözləyir. Bunun üçün vaxta ehtiyac var. Çünki savaş birdən-birə başlaya bilməz. Dolayısı ilə Ukrayna müharibəsini unutmaq olmaz. Belə ki, Krım savaşından sonra aparılan 8 illik hazırlıqdan sonra cəbhə açıla bilmişdi”.

General vurğulayıb ki, baş verən proseslər, Azərbaycanın düzgün siyasəti Qarabağda yaşayan ermənilərə həllin sülh, sabitlik və çıxış yolunun açarının Azərbaycan vətəndaşı kimi Qarabağda yaşamaq olduğunu göstərəcək:

“Başqa yolları yoxdur. Çünki Ermənistanın hazırkı durumu, Rusiyanın, Avropanın vəziyyəti, olaylara müdaxilə imkanları ermənilərə 1992-ci ildəki davranış üsullarına fürsət verəcək halda deyil. Yeni vəziyyət yaranıb, Şuşa Bəyannaməsi var.



92-ci ildəki Azərbaycan yoxdur. Azərbaycan öz ordusu, xalqı ilə regional gücə çevrilib. Bu, Azərbaycanın haqq davasıdır. Qarabağın Azərbaycan torpağı olması olayı daha da gücləndirir. Mən inanıram ki, bütün bu əsaslar Qarabağdakı erməniləri Azərbaycana yaxınlaşdıracaq, onlar Azərbaycan vətəndaşı olmaq üçün yavaş-yavaş müraciət edəcəklər. Qarabağda separatçı-terrorçuların sülhməramlıların gözü qarşısında səngər qazması o deməkdir ki, onların oranı “atəş topu” halına gətirəcək provokativ davranışları davam edəcək.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhəd xəttinə gəlməsi isə orada yaşayan ermənilərə “tək deyilsiniz, biz sizə dəstək olmağa gəldik” deyə bir göstəricidir. Lakin Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyəti altında yaşamaqdan və Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa şansları yoxdur”. (müsavat.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar