İlham Əliyev Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsini qəbul edib - FOTO

25 Avqust 2022 14:22    4386 Baxış   
İlham Əliyev Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsini qəbul edib -   FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dominant.Az xəbər verir ki, nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə yaxşı təmasların mövcud olduğunu bildirərək, Koreya Parlamenti sədrinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb və So Byoq Sunun səfərinin də əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib.

Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə “göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini deyib.

Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəalllaşmasının zəruriliyini bildirib, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğulayıb.

Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda dağıntılar, vandallıq aktları törətdiklərini, şəhərlərimizi və kəndlərimizi tamamilə məhv etdiklərini bildirib, hazırda həmin ərazilərdə Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələrini həyata keçirdiyini deyib, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd edib.

So Byoq Sun Koreya Respublikasının Prezidenti Yun Sok Yolun salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Koreya Prezidenti Azərbaycana böyük marağının olduğunu vurğulayıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib.

Bundan əvvəl 2009-cu ildə ölkəmizə səfər etdiyini bildirən So Byoq Sun paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat hissi doğurduğunu deyib, Azərbaycanın qazandığı nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik edib.

So Byoq Sun Prezident İlham Əliyevin ölkənin inkişafı naminə göstərdiyi böyük səyləri Koreyanın keçmiş prezidenti Park Çunq Hinin fəaliyyəti ilə müqayisə edib. O deyib ki, Park Çunq Hi məhz xalqın gücünə güvənərək Koreyanı çox inkişaf etmiş ölkəyə çevirib.

Sonra So Byoq Sun Koreya Prezidentinin məktubunu dövlətimizin başçısına təqdim edib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar