Makronun siyasi şantajı Fransanı hara aparır? - TƏHLİL + FOTO

16 Aprelel 2023 18:46    2773 Baxış   
Makronun siyasi şantajı Fransanı hara aparır? - TƏHLİL + FOTO

Tarixinin gərgin dövrünü yaşayan Fransanı etirazlar bürüyüb. Əvvəlcə "sarı jiletlilər"in, indi də "pensiyaçılar"ın etiraz aksiyaları ilə qaynayan ölkə çıxış yollarını arayır. Gərginlik o həddə çatıb ki, pensiya islahatlarına etiraz edən fransızlar artıq öz narazılıqlarını ifadə etmək üçün ən təhlükəli yolu – radikalizmi seçiblər. Polislə qarşıdurma pik həddə çatıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Prezident Emmanuel Makronun pensiya islahatına qarşı etiraz edənlərin sayı milyon yarımı ötüb. Pensiya yaşının iki il artırılması təklifinə fransızların böyük əksəriyyəti “yox” deyir. Özü də bu, Makronun prezidentliyi dövründə ilk hadisə deyil. O, indiyə qədər qeyri-populyar iqtisadi siyasətinə görə irimiqyaslı etirazlarla qarşılaşıb. Problem ondadır ki, Makron təşəbbüsünü zorla qəbul etdirməyə çalışır, parlamenti buraxmaqla hədələyir. İnsanları özündən çıxaran hal həm də o olub ki, prezident etiraz edən vətəndaşları “kütlə” adlandırıb.



Dünya ölkələrinə demokratiya dərsi keçən Fransa digər ölkələrdə etirazlara dəstək verdiyi halda, ölkəsindəki etirazları qan içində boğur. Təsdiq olunmuş rəqəmlərə görə, minə yaxın insan həbsxanalara salınıb, polislə toqquşmalarda ciddi xəsarət alanlar var. Bu da görünür, fransızsayağı demokratiyanın bir təzahürüdür. Başqa bir məsələ Fransada yaşanan zorakılıqlara beynəlxalq insan haqları təşkilatının göz yummasıdır və ikili standartlar burada da özünü göstərir.

Qayıdaq qalmaqallı pensiya islahatına. Yeni qanuna görə, bu ilin sentyabrın 1-dən etibarən hər il təqaüd yaşı üç ay artırılacaq və 2030-cu ildə 64 yaşa çatdırılacaq. Bununla yanaşı, tam təqaüd almaq üçün fasiləsiz işləyərək ödəniş etməyin gərəkdiyi müddət 43 ilə çatdırılır. 43 illik iş stajı olmasa, Fransa vətəndaşı çox cüzi miqdarda təqaüd alacaq. Son sosioloji sorğuların nəticələrinə görə, fransızların 71 faizi təqaüd islahatlarına görə hökumətin və Makronun istefasını istəyir. Respondentlərin 65 faizi etiraz aksiyalarının davam etdirilməsinə zərurət duyulduğunu deyib. Makron iddia edir ki, pensiya yaşının artırılmasının yalnız iki alternativi var: ya pensiyaları azaltmaq, ya da pensiya sistemindəki boşluqları maliyyələşdirmək üçün vergi təzyiqini artırmaq. Hələlik bunlardan birincisinə üstünlük verilir.



Xatırladaq ki, E.Makron vəzifəsinin icrasına 2017-ci ildə Fransa iqtisadiyyatını canlandırmaq üçün “köklü islahatlar” vədləri ilə başlayıb. Təbii ki, pensiya islahatı prioritetlər siyahısında idi. Üstəlik, islahatın orijinal versiyası pensiya yaşının daha əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tuturdu - 67 yaşa qədər. Lakin o zaman Makronun islahatı “sarı jiletlilər”in etirazları ilə üzləşdi. Makron 2022-ci il prezident seçkilərində də pensiya islahatlarını aktuallıq baxımından birinci yerə qoydu. Onun məntiqinə görə, bu seçkilərdə qələbə o deməkdir ki, fransızlar yenidən ona kompleks islahatlar üçün etimad mandatı verib. Amma ən böyük problem Makronun partiyasının keçən il Milli Assambleyada çoxluğu itirməsidir. Parlamentdə çoxluğun olmaması və müxalifətin səslərindən asılılıq prezidentin genişmiqyaslı islahatlardan imtina etmək məcburiyyətində qalması demək idi. Bununla belə, Makron ikinci dəfə pensiya islahatı layihəsini parlamentə təqdim etməklə özünü risk etməkdən çəkinməyən “prinsipial siyasətçi” kimi göstərməyə çalışıb.


“Sarı jiletlilər”in siyasi mərkəzinin yaradıcısı Tyerri-Pol Vale hesab edir ki, hakimiyyət tərəfindən aparılan pensiya islahatına görə Fransada sosial partlayış baş verəcək. Onun sözlərinə görə, etirazçıların sayında müəyyən azalma müvəqqətidir və böhran yaxın həftələrdə pik həddə çatacaq. Makron sosial gərginliyin artmasına baxmayaraq, pensiya islahatını davam etdirəcək. “İnsanların qəzəbi daha da artacaq. Etiraz hərəkatı bir neçə həftəyə bitmir”, - deyə vurğulayıb.

Fransalı siyasətçi, Avropa Parlamentinin keçmiş deputatı və “Vətənpərvərlər” hərəkatının lideri Florian Filippo isə deyib ki, “prezident ciddiyə alınmadığını dərk etmir”.



Hazırda diqqət çəkən məqam deputatların pensiya islahatı qanun layihəsini son formada rədd edəcəkləri təqdirdə parlamentin aşağı palatasının buraxılmasının mümkünlüyüdür. İndiki mərhələdə hakimiyyət “deputatları islahatın qəbuluna səs vermənin zəruriliyinə inandırmağa” ümid edir. Pensiya islahatları ilə əlaqədar yaranmış gərgin vəziyyətə baxmayaraq, Makron ölkədə tezliklə institutsional islahatlar da təqdim etməyə hazırlaşır. Bu islahatların da qeyri-müəyyən olduğu bildirilir. İlk səlahiyyəti dövründə iki cəhddən sonra tərk etdiyi Konstitusiya islahatını yenidən gündəmə gətirən Makron ona qarşı çoxsaylı iradların olacağını yaxşı bilir. Əksəriyyət Makronun xoşagəlməz tendensiyasına da diqqət çəkib. Vurğulanır ki, Makron çox sayda məsləhətləşmələr aparsa da, yekunda öz bildiyini edir. Məsələn, ölkənin pensiya islahatı ilə bağlı qaynadığı bir vaxtda yeni islahatların gündəmə gətirilməsi təəccüb doğurur. Yeni islahatlarda 7 illik prezident mandatının bərpa edilməsi məsələsi də yer alır. Baş nazir vəzifəsinin ləğvi, deputatların sayının azaldılması, eləcə də parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi və digər məsələlər də yeni islahatlar paketinə daxildir.

Beləliklə, hadisələrin gedişatı Fransa və onun hakimiyyəti üçün yaxşı heç nə vəd etmir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar