Məğlubun sözü keçmir

12 Yanvar 2021 18:14    93 Baxış   
Məğlubun sözü keçmir

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bəlli olduğu kimi, bu üçtərəfli görüşün məqsədi hər üç liderin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatın gerçəkləşdirilməsinin gedişini, başqa sözlə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair addımları müzakirə etməkdi.

Azərbaycan bu görüşə qalib tərəf olaraq, Rusiyanın tərəfdaşlıq, qonşuluq jestlərini qiymətləndirərək qatılmışdı. Bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

Danışıqların nəticəsi olaraq, yeni Bəyanat imzalanıb. Tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə edib.

Gəlin həmin bəndi və bu bənd haqqında Azərbaycan Prezidentinin fikirlərini olduğu kimi xatırlayaq:
“9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan Prezidenti 10 noyabr 2020-ci ildə Xalqa Müraciətində deyirdi: “Xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”.
Beləliklə, Moskva görüşü Azərbaycan Prezidentinin qətiyyətinin, prinsipiallığının yeni sənədlə təsbit və inkişafı deməkdir. Yeni Bəyanat 10 noyabr Bəyanatının məhz 9-cu bəndinə əsaslanır, o bənd məhz Azərbaycan prezidentinin təkidi ilə Bəyanata salınıb və Azərbaycan üçün, normal qonşuluq edə bilən bütün tərəflər, yeni tərəfdaşlar üçün çox önəmlidir. Burada ölkəmizin coğrafi mövqeyinin bizə qazandırdığı üstünlüklər, ölkə başçımızın, Müzəffər Ordumuzun əldə etdiyi tarixi zəfər sayəsində siyasi iradə ilə sabitlik və perspektiv qazanmış oldu.
“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”! – Ümummilli Liderin bu tarixi kəlamı, üçtərəfli Bəyanatın icrası ilə birgə yeni imkanlar, yeni çağırışlarla bir daha öz parlaq təcəssümünü, ifadəsini və təsdiqini tapmış olacaq. – O yol ki Azərbaycanın regionlarını birləşdirəcək, Naxçıvanı blokadadan çıxaracaq; “Tarixi İpək Yolu”, “Meğri Yolu”, yaxud “Türk Yolu”, başqa sözlə, “Azərbaycan Yolu” olaraq, necə deyərlər, dünəni bugünə, bugünü sabaha daşıyacaq. Biz tarixin dünənində vardıq, bugün varıq, sabah, əlbəttə, var olacağıq. Naxçıvanla Zəngilan arasında qara zolaq kimi mövcud olan “Uğursuz dövlət”in hakimiyyəti isə, uzağı 100 il öncələrdə bu torpaqlarda dövlət olaraq şəkillənib – dünəni yoxdur, bugünü bərbaddır, iqtisadiyyatı tənəzzül vəd edir – məğlub ölkədir; sabahı – özündən asılı deyil...

Digər tərəfdən, əgər yolun mədəniyyət siqlətini qəbul ediriksə, o zaman yenə əyani müqayisə imkanı yaranır: ermənilər bütün dövrlərdə bizim mədəniyyətimizdən bəhrələnib, təsirlənib və bir qədər də “irəli gedərək”, bizim mədəni irsimizi erməniləşdirmək, özününküləşdirmək xətti tutub. Elə yalnız bu yöndə onlarla fakt sadalamaq olar. Yüksək olan, güclü olan, yaxşı olan mənimsənilmiş sayıla bilər, kimsə, özündə olanı, özününkündən daha zəif irsi niyə özününküləşdirmək istəsin, ondan nityə təsirlənsin ki? Deməli, Ermənistan cəmiyyəti yaradıcı yox, mədəniyyət istehlakçısı kimi təsnif edilə bilər. Bax, bütün bu və bənzəri olaylar, üçtərəfli Bəyanatın tam gücü ilə həyata keçdiyi vaxt istehlakçı ilə istehsalçını, üstünlə yenilmişi, imkanlarla imkansızlıqları, doğru ilə yalanı... avtomatik olaraq eyni müstəviyə daşıyacaq, müqayisə imkanı hər kəs üçün əlçatan olacaq. Erməni siyasi-hərbi rəhbərliyinin uzunmüddətli yalanları ilə aldadılmış erməni cəmiyyəti, gerçəklikləri daha aydın şəkildə, praktik müstəvi üzərində maddiləşmiş formada görüncə, yeni münasibətlər sistemi yaranacaq. Məsələn, Ermənistanda normal cəmiyyət quruculuğu, bizim Dağlıq Qarabağ bölgəmizdəki ermənilərin Azərbaycan vətəndaşlığından şərəf duyması, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” daşımaqçün can atması sürətli bir proses olacaq. Əlbəttə, seçim onlarındır: Azərbaycanla mehriban davranmaq bir seçimdir – bu xilas seçiminin alternativi isə erməni cəmiyyəti üçün uçurumdur...

Beləliklə, üçtərəfli Bəyanat bir daha təsdiq edir ki, Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Respublikamız hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, bu mövqeyini qoruyur və qoruyacaqdır.

Əlbəttə, indi bütün region ölkələri maraqlı olmalıdır ki regionumuz bundan sonra davamlı və təhlükəsiz inkişafla təmin olunsun. Biz, müharibə lazım olunca müharibə etdik, gücümüzü göstərdik. Əbədi müharibə olmur, müharibə bir tərəfli ziyan vurmur; o, son çarə olaraq meydana çıxır və nəticələri ilə sonrakı dönəmə təsir edir.

Prezident İlham Əliyevin dediyi kimi, “Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.

Bir sözlə, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Üçtərəfli Bəyanatın mətni, özəlliklə, humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması dediyimizi təsdiq edir. Yəni, rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı da alınmayacaqdı. Bu, faktiki olaraq Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Reespublikamız öz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də, qardaş Tükiyə ilə bağlarını gücləndirəcək, ölkəmizin geoiqtsadi önəmi və əlbəttə, gəlirləri artacaq. Buraya tranzit daşımaları, ticarət, turizm sektoru və s. daxildir.

Moskva görüşü öncəsi Ermənistan rəhbərliyinin xəstələnməsi, habelə Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi tərəfindən Moskva görüşünün pozulmasına cəhdlər – görüşdən imtinaya çalışmalar heç bir sonuc verməmiş oldu. Paşinyan iri qara çanta ilə görüşə qatılsa da, o qara çantadakılar bir işə yaramadı. Nə, Ermənistan tərəfinin hərbi əsir kimi qələmə verdiyi erməni terrorçuları, nə qondarma rejimin statusu, nə də “Minsk qrupu formatı”nda danışıqların bərpası və s. masaya və Bəyanata yansımadı.

Paşinyan hökumətinin özünün və erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etməkçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyi alınmadı.

Məğlubların sözü keçmir!

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə PAŞAYEVA
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar