Ölkənin yarısı eyforiyadadır, yarısı depressiyada

23 Noyabr 2020 21:53    1242 Baxış   
Ölkənin yarısı eyforiyadadır, yarısı depressiyada

Ölkədə yenə parçalanma var. Ölkənin yarısı eyforiyadadır, yarısı depressiyada. Realist olmaq lazımdır. Öncə depressiyada olanlarla bağlı:


1. Ordumuzun, igidlərimizin haqqını yemək olmaz. Gözəl bir savaş oldu. Nə puası, nə texnikası, o igidlər orda can qoymasaydı, heç nə edə bilməzdik.

2. 2 ay əvvəl xəyalını qurduğumuz torpaqlar azad oldu, çox daha az torpağımız işğalda qalıb. İllərlə başımızda olan dərd, problem bütün dünyanın diqqət mərkəzinə çevrildi. Həmçinin dostumuzu, düşmənimizi bir daha tanıdıq. Mövzu aktuallaşdığı üçün dünyada problemin lobbiçiliyini daha çox yürütmək şansımız yarandı.

3. Milli birlik artdı. İllərlə Rusiyanın, İranın ölkəyə buraxdığı maya batdı. Gördülər ki, bu ölkə üçün hər zaman ən önəmli məsələ Vətən məsələsi olacaq. Bir iki çürük də çıxdı, onları da yazdıq dəftərə.


4. Şuşa, Kəlbəcər, Ağdam, alınan bölgələr bundan sonra bizim ruh yüksəkliyimizə, ermənilərin çökməsinə səbəb olacaq. Hər anlamda bu savaşdan qalib çıxdıq. Bu gün ruh düşkünlüyü şəhidlərimizə haqsızlıqdı, sevinin, zamanı gələndə yenə savaşacağıq.

Eyforiyada olanlara:

1. Rus ölkəmizə qoşun yerləşdirməyə nail oldu. Bundan sonra işimiz daha çoxdu. Təhlükə daha çoxdu. İkiqat diqqətli olmalıyıq. İndi torpaqlarımızda bir deyil, iki düşmən var artıq.

2. Kimsə "sevinməyin" demir, amma narahat olanları da xainlikdə suçlamayın, onlar sizdən az sevmir Vətəni. Kimsəni incitməyin, xalqı parçalamayın.

3. Bu günə qədər eləmədiyini edir Rusiya, qondarma qurumun separatçı rəhbəri ilə bir masa arxasına oturub bizim torpağımızı müzakirə edir. Bunu bir az da bizi ruhdan salmaq üçün edir, amma fakt faktdır və bununla bağlı ciddi tədbirlər görülməlidir.

4. Ölkənin müstəqilliyi təhlükədədir, Rusiya bayraqları ilə bu gün Bakıda küçəyə çıxanlar sabah Rusiyadan "bizi müdafiə elə" xahişini də edə bilər. Hər ehtimalı dəyərləndirməkdə, tədbiri əldən verməməkdə fayda var.

Ümumilikdə, ölkəmizin bir güc göstərisi olan 44 günlük savaş Rusiya üçün də ciddi mesaj idi. Torpağımız üçün, dövlətimiz üçün savaşmağa hazır olduğumuzu gördülər. Heç nə əvvəlki kimi deyil. Hər şey bizdən asılıdır, bir az da milli birliyə, bir az daha məntiqli yanaşmaya, bir az daha mübarizəyə ehtiyac var. Hər şey gözəl olacaq!

Aynur İmran

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar