Özünü təmizə çıxarmağa çalışan Mehdiyevə 12 açıq sual

08 İyul 2020 15:09    2078 Baxış   
Özünü təmizə çıxarmağa çalışan Mehdiyevə 12 açıq sual
AMEA-nın prezidenti Ramiz Mehdiyev nəhayət ki, danışdı. Susqunluğun daşını birdəfəlik atmaq istəsə də, bacara bilmədi. Ona veriləcək suallar çoxdur. Mənim də suallarm olacaq. Dünən axşamtərəfi yaydığı bəsit və arqumentsiz açıqlaması məni vadar etdi ki, təkrar Ramiz Mehdiyev mövzusuna qayıdım. Adı üstündə olsa da, akademik tərzə qətiyyən uyğun gəlməyən mətnin sahibində elmi idrakın hansı səviyyədə olduğunu bir daha özü bizlərə nəsib etdi.

Bir haşiyə: Heydər Əliyevin dövründə elmlər namizədi olan "filosof" Heydər Əliyevdən sonra təkcə ağlagəlməz sıçrayışla Azərbaycan elminin zirvəsinə qalxmadı. O həm də siyasi gücünü yüksəltməyə nail ola bildi. Hökmən vaxtı, məqamı gözləmək lazım gəlirdi. İlham Əliyevi Ramiz Mehdiyevə görə tənqid edənlərdən biri də mən olmuşam. Lakin işin içini bilənlər üçün “boz kardinal”ın nə qədər təhlükəli sima olduğu hər kəsə gün kimi aydın görünürdü. Komanda da dönüklər çox idi. Bu vəziyyətdə qüvvələrin birləşməsinə imkan vermək olmazdı. Hakimiyyətdaxili çarpışmaların dərinləşməsini arzu etməsə də, onu nəzarətdən kənarda saxlaya da bilməzdi.

Ən doğrunu prezident özü seçdi. Ağıllı, tədbirli və balanslı siyasətin yürüdülməsi vacib siyasi şərt olaraq Prezidentin qarşısında dağ kimi dayanırdı. Bu dağı aşmaqdan ötrü hər hansı siyasi çoşğunluğun nümayişi yolverilməz idi. Proseslər hakimiyyətin tədbirli fəaliyyətini tələb edirdi. Prezident İlham Əliyevin səbri buna çatdı və Administrasiya rəhbərini Novxanıdakı malikənəsinə göndərə bilməsə də, Moskvanın səlahiyyətli nümayəndəsinin Ağ Saraydan ayaq səslərini birdəfəlik kəsməyə nail oldu. "Akademik" hər cür xəyanətə əl ata bilərdi. Bürokratik aparatda polad kimi bərkiyən adam sonda dövlət başçısının qarşısında kağıza köçürdüyü üç-dörd cümləlik minnətdarlıq sözlərini zorla oxuyaraq 7-ci mərtəbədəki iş otağını yığışdırmağa yollandı. Beləliklə, o, Sarayı boynundakı Heydər Əliyev ordeni ilə birdəfəlik tərk etdi. Açıqlamasında R. Mehdiyev yenə əqidəsinə sadiq olduğunu bəyan edir. Və barəsində yazılanlara cavab olaraq bildirir ki, ona qarşı aparılan bu kompaniyada əksini tapan fikirlərin heç birinin həqiqətlə əlaqəsi yoxdur. Demək ki, özünü aydan-arı, sudan duru görən bu adam haqqında yazılanların hamısını böhtan və uydurma adlandırır. Elə isə ondan aşağıdakı suallarıma cavab verməsini xahiş edərdim:

1. Heydər Əliyevə qarşı 90-cı illlərdə aparılan hücumlarla mübarizədə niyə görünmürdünüz? Nə mane olurdu sizə?

2. Sov. KP. MK-nın katibi yoldaş Kapitanovun iştirakı ilə keçirilən plenumda Vəzirovun sualına cavabınızı xatırlayırsınızmı?

3. Özünü sadiq və sədaqətli adam hesab edən Mehdiyev Mütəllibovun qəbulunu tərk edərkən onun köməkçisinə dediyi sözləri yadından çıxarmayıb ki?

4. Heydər Əliyevin Naxçıvandan Bakıya döndüyü zaman hava limanına gəlməyə sizə nə mane olurdu?

5. Eldar Salayevin N. Nərimanov metrostansiyasının yanındakı Elmlər Akademiyasının balansında olan binadan ayırdığı YAP-ın mənzil qərargahında ölkənin görkəmli ziyalılarının Heydər Əliyevlə görüşündə niyə görünmədiniz?

6. Elmlər Akademiyasının dairəvi salonunda keçirilən akademik Həsən Əliyevlə vida mərasiminə dəvət edilsəniz də niyə gəlmədiniz?

7. Əliyevlər və Paşayevlər ailəsinin yumşaq desəm, sizə xoş olmayan münasibəti nədən irəli gəlir?

8. Prezident Heydər Əliyev 1998-ci ildə Gəncə şəhərində seçki mitinqinə səfəri zamanı mənə etdiyiniz zəngdə dediyiniz sözləri unutmamısınız ki?

9. Respublika Sarayında YAP-ın qurultayı başlamazdan öncə sarayın səhnəsində məni bir qırağa çəkib, rəhmətlik Abbas Mustafayev və onu sizin üzərinizə yönəldənlərin kimliyi barədə etdiyiniz söhbət yadınızdadırmı?

10. Taleyüklü informasiya və məlumatlar Prezidentə yetişməmiş sizə çatdırılırdısa, bu, nə ilə izah oluna bilər?

11. İqtidaryönlü "Dövran" qəzetini Əli Həsənovla siz məhkəməyə verərkən nə məqsəd güdürdünüz? Bununla bağlı Heydər Əliyevin hər ikinizə dediyi ağır sözlər yadınızdan çıxmayıb ki?

12. Sabiq deputat Şəfiqə xanım Məmmədovaya qarşı kin və qəzəbiniz nədən qaynaqlanırdı?

Hələlik bu qədər. Əliyevlərə “sadiq” adamın suallarıma cavabı maraqlı olardı?!

Eldar Sabiroğlu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar