Putindən Paşinyana növbəti diplomatik şapalaq

29 Oktyabr 2020 22:53    1007 Baxış   
Putindən Paşinyana növbəti diplomatik şapalaq

Rusiya prezidenti Vladimir Putinin sabaha - 30 oktyabra təxirə salınmış Cenevrə görüşü öncəsi Qarabağla bağlı "5+2" variantını yenidən gündəliyə gətirməsi Paşinyan hökumətinə vurulmuş növbəti diplomatik şapalaq sayıla bilər.

Aşkar görünür ki, Rusiya da tələsir və 3 noyabra - ABŞ-dakı seçkilər başa çatanadək Paşinyan hökumətinin danışıqlar masası arxasına keçməsində, hansısa öhdəliklərə imza atmasında maraqlıdır.

Paşinyan isə nəyin bahasına olursa-olsun, daha bir neçə gün müqavimət göstərməyə və 3 noyabradək hər hansı razılaşma əldə edilməsindən yayınmağa çalışır.

Onun və arxasında duran Qərbdəki lobbinin bütün hesabı Co Baydenin qələbəsinə hesablanıb. Çünki Baydenin seçilməsi Rusiyaya qarşı sərt siyasətin yürüdülməsi demək olacaq və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün Qarabağ münaqişəsindən də istifadə edilməsi variantı gündəmdə olacaq. Bu variantda yeni ABŞ administrasiyası açıq şəkildə antirus Paşinyan hökumətini müdafiə edəcək...

Trampın yenidən seçilməsi variantında isə bölgədə Rusiya və Türkiyə əməkdaşlığına üstünlük veriləcək ki, bu variantda da Qarabağ məsələsinin həllində Rusiya və Türkiyənin birgə qəbul etdiyi "sülh planı" işə düşəcək.

İndi Paşinyan hökuməti qeyri-real təkliflərlə ya sabahkı - 30 oktyabr görüşünü növbəti dəfə pozmalı, daha 3 gün müqavimət göstərməli və bu müddət ərzində də erməni əsgərlərinin Azərbaycan Ordusunun tapdağı altında necə əzildiyini seyr etməli, ya da Cenevrədə Trampın mövqeyini gücləndirəcək həll planına dəstək verdiyini göstərməlidir...

Hər iki variantda isə Paşinyan üçün seçilən yol aydın görünür: o, Ermənistanın hərbi və diplomatik masada əldə etdiyi 30 illik üstünlüyü məğlubiyyətə çevirmiş axmaq və satqın lider kimi hakimiyyətdən devriləcək, hətta Rusiyaya bağlı qüvvələr tərəfindən öldürülmə ehtimalı da var!

Elə Paşinyan özü də bu aqibətin onu gözlədiyini bildiyindən, özünü sonadək mübarizə aparan lider kimi təqdim etməyə və yaxınlaşan məğlubiyyəti Ermənistan əhalisinin artıq qırılmış savaş əzminə bağlamağa çalışır...

Bu gün qondarma "DQR"-in separatçı lideri Araik Arutunyanın çarəsizcə "Düşmən Şuşanın 5 kilometrliyindədir" çağırışını da, əslində, Paşinyan komandasının bu yöndəki son çırpıntıları saymaq olar. Yəni, "ya kömək edin, ya təslim oluruq".

Dua edək ki, sabahkı danışıqlara ən böyük töhfəni, inşallah, bu gecə Azərbaycan Ordusu verəcək!

Allah Ordumuza tezliklə Şuşaya qələbə bayrağımızı sancmağı nəsib eləsin!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar