Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib. O qeyd edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib.
Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib.
Baş nazir, həmçinin, bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, Paşinyanın dediyi fikirlər, etiraflar hamıya çoxdan bəllidir:
“Bu məsələ haqqında Azərbaycanın və beynəlxalq ictimaiyyətin məramı bəllidir, təzə bir şey yoxdur. Sadəcə olaraq erməni tərəfi göstərmək istəyir ki, guya təzə fikirlər səslənir. Mən hesab edirəm ki, Paşinyan bununla siyasi elitasını reallığa qaytarmaq istəyir. Çünki onların iqtidar və müxalifət elitası real əsası olmayan fantaziya içərisində yaşayırdılar. Potensialı olmadan bu cür siyasəti 30 il ərzində həyata keçiriblər. Erməni xalqına gəldikdə isə onlar əvvəlcədən də bu prosesləri dəstəkləmirdi. Çünki münaqişənin əvvəlində Qarabağda 137 min erməni yaşayırdı. İndi isə onların sayı 20-25 min olar. Ermənistanı götürsək, münaqişədən qabaq üç milyon dörd yüz minə yaxın əhali vardı. İndi real vəziyyət göstərir ki, orada əhali kəskin azalıb. Erməni xalqı bu müddət ərzində siyasətə inanmırdı, insanlar qaçırdı. Çünki bilirdilər ki, bunun gələcəyi yoxdur. İndi isə məğlubiyyətdən sonra ilk növbədə Ermənistana lazımdır ki, real siyasət həyata keçirsin. Bu da Paşinyanın cəhdidir.
Sabiq nazir qeyd edib ki, Ermənistanın Azərbaycan qarşısında iki seçim şansı var:
“Azərbaycan və Türkiyə öz sülh çağırışlarını hər zaman edib. Eyni zamanda, Azərbaycan öz tərəfindən bildirib ki, hər iki varianta hazırdır. Həm sülhə, həm də müharibəyə. Dekabrın 24-də cənab Prezidentin Hadrutda açılışını etdiyi Komanda hərbi briqadası onu göstərir ki, orada yaşayan ermənilər ya qanuna tabe olacaq, ya da güclə qarşılaşacaqlar. Bu bəyanatlar ilk növbədə Ermənistana lazımdır. Bununla da Paşinyan sülhə hazır olduğunu göstərməyə çalışır. Guya reallığa çağırışlar edir, amma ona qarşı müqavimət var. Bu bir növ düşünülərək atılan addımlardır. Gəlin, hadisələri qabaqlamayaq və gözləyək, real baxımdan hansı addımlar atılacaq”.