Qarabağdakı sülhməramlılar tərəfə çevrilib - ŞƏRH

13 Yanvar 2022 15:20    189 Baxış   
Qarabağdakı sülhməramlılar tərəfə çevrilib -  ŞƏRH

Dünyanın heç bir bölgəsində sülhməramlılar münaqişələrin həllinə yardım etməyib. Çünki bu missiyanın daşıyıcıları həm də öz ölkələrinin maraqlarını təmsil edirlər. Sülhməramlılar daha çox tərəflərdən birinin maraqlarını dəstəkləyir. Elə bu tərəfkeşlik yeni münaqişənin yaranmasına zəmin hazırlayır. Bundan başqa, bir ölkə ərazisində başqa sülhməramlı missiyanın mövcudluğu həm də həmin dövlətin hərbi mövcudluğu deməkdir. Tarix onların olduqları dövlətə ziyan vurduqlarını artıq dəfələrlə təsdiqləyib. Bosniya və Hersoqovina, Mali, Mərkəzi Afrika Respublikası, Çad, Kosovo, Əfqanıstan, Kəşmir və digər yerlərdə baş verənlər buna sübutdur.

30 il əvvəl, 1992-ci il fevralın 25-26-na keçən gecə isə Rusiyanın 366-cı motoatcı sülhməramlı alayı Azərbaycanın Xocalı şəhərində erməni terrorçuları və separatçıları ilə birlikdə Xocalı soyqırımını törətməklə missiyasına qarşı çıxmışdı. 366-cı alayın yeri 1985-ci ildə Şəmkirdən Xankəndiyə dəyişdirilmişdi. Alayın hərbi şəhərciyi isə onu Şuşa ilə birləşdirən yolun yanında, şəhərin yuxarı hissəsində yerləşdirilmişdi. Azərbaycan tərəfi hesab edir ki, bu yerdəyişmə Zaqafqaziya Hərbi Dairəsinin rəhbərliyi ilə yüksək vəzifəli ermənilərin gizli danışıqlarına əsasən baş verib. Başqa sözlə, bu yerdəyişmə Rusiya generalları ilə ermənilərin Azərbaycan torpaqlarının işğalına hazırlıq da sayıla bilər. 366-cı motoatıcı alayın iştirakı ilə törədilən Xocalı soyqırımı nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qoca olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Aylarla mühasirədə saxlanılan Xocalı hücum nəticəsində yerlə-yeksan edilib.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanata əsasən, Rusiya sülhməramlıları Azərbaycanda yerləşdirilib. Onların fəaliyyəti sənədin 3-cü və 4-cü maddələri üzrə müəyyənləşdirilib:

“3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.

6-cı maddəyə əsasən: “...Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Bu maddələrdən göründüyü kimi, Rusiya sülhməramlıları yerləşdirilsə də, Ermənistan Silahlı Qüvvələri hələ də Azərbaycan ərazisində qalır. Bundan başqa, Laçın dəhlizi üzrə hər iki istiqamətdə hərəkətin təhlükəsizliyinə Azərbaycan tərəfin nəzarətinə şərait yaradılmır. 2020-ci il noyabrın 13-də Ermənistan vətəndaşı Norayr Mirzoyan və başqaları “RQD-5” markalı əl qumbarasını Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin postuna atıb. Rusiya sülhməramlılar onu saxlasa da, bir müddət sonra sərbəst buraxıblar. Bu terrorçu isə ölkəsində qəhrəman kimi qarşılanıb. Sülhməramlıların tərəfkeşliyi səbəbindən Mirzoyan barəsində indiyədək cinayət işi başlamayıb.

Fransa prezidentliyinə namizəd Valeri Pekres sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizindən keçərək qanunsuz olaraq Azərbaycan ərazisinə gəliblər. Rusiyalı hərbçilər nə terrorçunu, nə də Pekresi yolxayıblar. Bu, Rusiya hərbçilərinin missiyasına uyğun fəaliyyət göstərmədiyini deməyə əsas verir. Belə çıxır ki, sülhməramlıların məsuliyyətsizliyi və ya görməzliyi səbəbindən dəhliz vasitəsilə ermənilər istənilən qadağan olunan hərbi texnika və başqa maddələri, hətta narkotik maddələri belə daşıya bilər.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Laçın dəhlizindəki vəziyyətdən danışaraq belə hadisələrin Azərbaycan tərəfini qıcıqlandırdığını deyib. Prezidentin sözlərinə görə, Pekresin yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye və bir deputat olub: “Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar”. Dövlət başçısı sülhməramlıların fəaliyyətindən narazılığını gizlətməyərək bu tip halların qarşısını almağa çağırıb.

O, Qarabağa Ermənistan tərəfdən giriş-çıxışa sülhməramlıların icazə verdiyini də vurğulayıb: “Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir". Dövlət başçısı sülhməramlıların Laçın dəhlizi ilə Azərbaycan ərazisinə daxil olan maşınların 91 faizini yoxlamadığını vurğulamaqla əraziyə Azərbaycan tərəfin dəqiq nəzarət etdiyini bildirib: “Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır”.

Prezident çıxışında Ermənistanla Azərbaycan arasında şərti sərhəddə baş verən olaylara da diqqəti çəkib. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti daha çox Ermənistanı qane edir. Bundan ruhlanan Ermənistan rəhbərliyi və siyasiləri iki ölkə arasında sərhədə də üçüncu qüvvənin yerləşdirilməsinə çalışırlar. Buna görə də onlar sərhəddə müxtəlif təxribat və diversiya törədirlər. Ermənistan tərəfi 10 noyabr bəyanatının maddələrinə əməl etməkdənsə, regionda gərginliyi artırmağa çalışır. Regionda onsuz da üçüncü dövlətin, Rusiyanın hərbçiləri mövcuddur. Ermənistanın apardığı pozuculuq və işğalçılıq siyasəti nəticəsində onlar bölgəyə yerləşdirilib. Bu, azmış kimi, rəsmi İrəvan indi də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarını sərhədə yerləşdirməyə səy edir. Bu, çox gülünc iddiadır. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər hələ müəyyən edilməyib. Həmin üçüncü qüvvə hara yerləşəcək. Odur ki, ermənilərin bu iddiasına dəstək verənlərin, ilk növbədə, sərhədlərin demarkasiya və delimitasiyasına diqqət ayırması daha məntiqli olardı.

Bölgədə müvəqqəti yerləşən Rusiya hərbçilərinin terrora göz yumması, xarici ölkə vətəndaşlarını Azərbaycan ərazisinə buraxması ermənilərin tərəfini saxlamasını təsdiqləyən faktlardır. Hadisələr sübut edir ki, sülhməramlılar münaqişə zonalarında üçüncü tərəfdir. Bu baxımdan Rusiya sülhməramlıları Azərbaycandakı fəaliyyəti, ermənilərə tərəfkeşliyi ilə öz maraqları və şərtlərini təmin edirlər. Belə vəziyyət isə regionda gərginliyin artmasına şərait yaradır.

Sülhməramlıların xidmətinin 1 il 2 ayı başa çatıb, 3 il 10 ayı isə qalır...

Report.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar