Qars müqaviləsi 100 yaşında

11 Oktyabr 2021 13:59    338 Baxış   
Qars müqaviləsi 100 yaşında


13 oktyabr 1921-ci ildə Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə (Osmanlı) Türkiyə və üç Cənubi Qafqaz ölkəsi(Azərbaycan SSR, Gürcüstan SSR və Ermənstan SSR)arasında qarşılıqlı səmimi dostluğa və etimada söykənməsini nəzərdə tutan tarixi “Qars müqaviləsi” imzalanıb.

Tərəflər arasında əldə edilən razılığa əsasən, həmin müqavilənin 5-ci bəndinə edilmiş 3-cü əlavədə nəzərdə tutulmuş ərazilər daxilində Naxçıvan vilayətində Azərbaycan SSR himayəsi altında muxtar ərazi yaradılması nəzərdə tutulmuş və 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb.

Bu il “Qars müqaviləsi”nin imzalanmasından 100 il keçir və bu hadisə Türkiyə və Azərbaycan arasında dərin tarixi bağların mövcud olduğunu göstərən ən önəmli sənədlərdən biridir. Tarixi “Qars müqaviləsi”nin imzalanması ilə Naxçıvan MSSR-in Azərbaycan SSR-in tərkibində qorunub saxlanılması təminat altına alınmış oldu. Təbii ki, bu hadisə həm o dövr üçün, həm də indiki dövr üçün vacib əhəmiyyətə malikdir. Məhz buna görədir ki, “Qars müqaviləsi” istər SSRİ dövründə, istərsə də ondan sonrakı dövrdə Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda baş verən proseslərə xüsusi əhəmiyyət daşıyıb.
Onu da xüsusilə qeyd etmək mümkündür ki, II Dünya Müharibəsində qalib gəlməsi SSRİ-nin iştahını daha da artırıb və hətta “Qars müqaviləsi”nin ləğv edilməsi istiqamətində dəfələrlə cəhd göstərilib, amma beynəlxalq güclərin və Türkiyənin qətiyəti sayəsində uğursuzluqla nəticələnib.
Naxçıvan MSSR Azərbaycan SSR-in himayəsinə verilsə də, (Osmanlı) Türkiyənin Naxçıvan üzərində təminatçı ölkə statusunu qoruyub saxlaması SSRİ qurulduqdan sonra Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilən ərazilərin taleyini yaşamasına imkan vermədi. Tarixi “Qars müqaviləsi” həmçinin SSRİ-nin dağılmasından sonra da Cənubi Qafqazda baş verən proseslərə ciddi təsir göstərdi.
SSRİ-nin parçalanmasından sonra Cənubi Qafqazda baş verən proseslər, xüsusilə 1992-1993-cü illərdə Ermənistanın Azərbaycanın keçmiş Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğalı zamanı da tarixi “Qars müqaviləsi”nin mühüm rol oynadı.

Müqavilənin şərtlərinə əsasən, Türkiyə Naxçıvan Muxtar Respublikası üzərində təminatçı ölkə statusuna malik olduğunu xatırlatdı və Naxçıvanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasına imkan vermədi. Türkiyə hər zaman tarixi “Qars müqaviləsi”ni rəhbər tutaraq Naxçıvan MR-ə bütün mümkün, xüsusilə də hərbi sahədə öz dəstəyini göstərmiş və bugün də bu dəstək davam etməkdədir.

Tarixi “Qars müqaviləsi” təkcə Naxçıvan MR-in deyil, eyni zamanda Cənubi Qafqazda daimi şəkildə sülhün, sabitliyin qorunub saxlanılması və gələcək perspektivləri baxımından mühüm əhəmiyyətə malik sənəd hesab edilə bilər. II Qarabağ savaşında Azərbaycanın inamlı zəfər əldə etməsində heç şübhəsiz ki, bu müqavilənin mühüm əhəmiyyəti olduğunu qeyd etmək olar. Tarixi “Qars müqaviləsi”nə nəzər saldıqda görə bilərik ki, (Osmanlı)Türkiyənin imzaladığı bu müqavilə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı da əhatə edir. Ona görə də imzalanmış bu tarixi müqaviləni yalnızca Türkiyə-Azərbaycan əlaqələri baxımından deyil, eyni zamanda Türkiyə-Cənubi Qafqaz əlaqələri baxımından da dəyərləndirə bilərik.

Bugün Türkiyə-Azərbaycan və Türkiyə-Gürcüstan əlaqələrinin inkişafında bu müqavilənin mühüm rolu olduğunu qeyd etmək mümkündür. Azərbaycanın Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin arasında imzalanmış 15 iyun 2021-ci ildə “Şuşa bəyannaməsi” siyasi və hərbi nöqteyi-nəzərindən tarixi “Qars müqaviləsi”nin davamı kimi qiymətləndirilir.

Tarixi “Qars müqaviləsi”nin imzalanması eyni zamanda iki faktı sübut etmiş oldu:

Birincisi, Türkiyə və Cənubi Qafqaz arasındakı əlaqələrin kökü yeni deyil, 1 əsrdən artıqdır. Ona görə də Türkiyənin Cənubi Qafqazda baş verən proseslərdə aktiv şəkildə yer alması tamamilə doğrudur.
İkincisi, Türkiyənin imzaladığı tarixi “Qars müqaviləsi” Azərbaycanın daha çox parçalanmasının qarşısını almaqla yanaşı, Türkiyə-Azərbaycan əlaqələrinin daha dərinləşib inkişaf etdirilməsinə təkan verdi.

Azərbaycan Yüksəliş Partiyasının Analitik Qrupu


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar