Qırx dörd gündə əldə olunan qələbənin nəticələri bütün sahələrdə qorunmalıdır

15 Noyabr 2020 13:19    657 Baxış   
Qırx dörd gündə əldə olunan qələbənin nəticələri bütün sahələrdə  qorunmalıdır

2020-ci ilin iyul ayından Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada əldə edilməsi haqqında qanun qüvvəyə mindi. Qanuna görə, keçmiş SSRİ vətəndaşları əvvəlki vətəndaşlığını saxlamaqla Rusiya vətəndaşlığına qəbul olunmaq imkanı əldə etdilər. Qanunun müəllifləri yaxşı bilirdilər ki, Federal Vətəndaşlıq haqqında Qanununda bu dəyişiklik qonşu ölkələrə problem yaradacaq. Belə ki, ikili, yaxud üçlü vətəndaşlıq, şəxsin vətəndaşı olduğu ölkənin hər hansı birində hərbi xidmət, borc öhdəlikləri, aliment ödənişi kimi öhdəliklərdən yayınmağa şərait yaradır.

Əslində, bu qanunun görünməyən tərəfləri və syasi məqsədləri var. Belə ki, bu qanunun əsas məqsədlərindən biri keşmiş SSRİ vətəndaşlarını həm də Rusiya vətəndaşı kimi sənədləşdirməklə həmin şəxslər vasitəsi ilə qonşu ölkələrə siyasi təsirin artırılmasından ibarətdir.

Bu qanunla Rusiya həm də indiki vəziyyətdə Azərbaycan siyasətinə təsir edə bilər.

Belə ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarında yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması zaman tələb edir. Bu müddətdə yəni Rusiya sülhməramlılarının nəzarətində olduğu müddətdə onlara rusiya vətəndaşlığı verilməsi gündəmə gətirilə bilər və vəziyyət daha çətinləşdirilə bilər.

Həmin rayonların sakinləri doğum faktına görə Azərbaycan vətəndaşları hesab olunsalar da, Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edə və ya Azərbaycan pasportu almaq üçün ərizə ilə müraciət etməyə bilərlər. Bu vəziyyətdən istifadə edən Rusiya Federasiyası isə həmin şəxslərə öz pasportlarını, vətəndaşlığını verə, daha sonra isə həmin rayonlarda yaşayan vətəndaşlarının müdafiəsinin təmin olunması üçün davamlı "tədbirlər"ə başlaya bilər.

Hesab edirik ki, hazırkı vəziyyətdə Azərbaycan adını çəkdiyim rayonlarda yaşayan və qeydiyyatda olan şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyət məsələsinə bir daha aydınlıq gətirməli və onların Azərbaycan vətəndaşları olmasını hansısa formada bəyan etməlidir.

Daha dəqiq ifadə etsək, qanun 1988-1991-cı illərdə Ermənistandan gələrək Azərbaycanda məskunlaşan qaçqınları Azərbaycan vətəndaşı olaraq tanıdığı kimi, həmin rayonlarda hazırda qeydiyyatda olan şəxslərin də Azərbaycan vətəndaşları olmasını təsdiq edən ayrıca norma müəyyən etsə, daha yaxşı olar.

Əlövsət Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar