Rusiyalı sülhməramlılar: Gerçək məramınız nədir?

14 Dekabr 2020 15:02    860 Baxış   
Rusiyalı sülhməramlılar:  Gerçək məramınız nədir?

Köhnə Tağlar və Çaylıqqaya kəndlərində ordumuzun əməliyyatlarından sonra sosial şəbəkələrdə Rusiya sülhməramlıların tərtib etdikləri xəritələr dolaşır.

Xəritələrdə həmin kəndlər Rusiya sülhməramlılarının fəaliyyət zonasına şamil olunub.

Ermənilər, təbii ki, ektaza düşüblər. Düşmən az qala atılıb-düşür bəs bitdi, rusiyalı sülhməramlılar qarabağlı banderloqları himayə edirlər, Azərbaycan həmin kəndlərdən əlini üzsün və sair və ilaxır.

Vəziyyət nə yerdədir?

Rusiyalı sülhməramlılar yeni xəritələr çəkərək yeni əraziləri ələ alırlar? Ermənilər sevinməkdə haqlıdırlar?

Əsla düşünmürəm.

Çünki belə deyil.

Soyuqqanlı, rasional şəkildə baş verənlərə ötəri nəzər salaq.

Xəritələrə diqqətlə baxın. Görürük ki, "yeni ərazi"də müşahidə məntəqələri yoxdur.

Belə ərazidə silahlı tiqranoidlərin Azərbaycan Ordusunun hərbçiləri ilə birbaşa təmasda ola biləcəklərini nəzərə alsaq, Qarabağda rusiyalı sülhməramlıların fəaliyyətdə olduqları bütün başqa ərazilərdə olduğu kimi, burada da müşahidə məntəqəsinin (MM) mövcudluğu mütləq şərtdir.

MM yoxdur, yəni rusiyalı sülhməramlılarının Köhnə Tağlara girişi müvəqqətidir.

Rusiya XİN-i və Müdafiə Nazirliyi ilə əlaqə saxladım, sülhrməramlıların Qarabağdakı fəaliyyət prinsiplərini bir daha dəqiqləşdirdim.

Yazdığım kimidir, yəni onların kəndə girişi müvəqqətidir.

Yadınıza salın: Ağdamı silahlı ermənilər boşaltmamışdan əvvəl bu rayonun da əraizisinin bir qismi xəritələrdə yaşıl rəngdə idi, yəni rusiyalı sülhrməramlıların nəzarətindəki ərazi kimi göstərilmişdi.

Bəs indi? Məncə, aydındır.

Bundan başqa, həmin ərazidə silahlı tiqranoidlər artıq yoxdur.

Həmin terrorçuların bir qismini əsgərlərimiz məhv edib, bir qismi Laçın tərəfə qaçıblar.

Orada da tutulacaq, zərərsizləşdiriləcəklər. Şübhəniz olmasın.

Özünü həmin kəndlərin "icma başçısı" elan etmiş, Xankəndindəki "Milli İntibah" adlı karikatura partiyasının sədri Hayk Xanumyan deyib ki, bəs kəndlər "Azərbaycanın nəzarətində deyil". O, Dağlıq Qarabağdakı xuntanın "bayraq" adlanan əskisini də kəndin girəcəyinə sancıb.

Bu nəyisə dəyişirmi? Əsla.

Qarabağlı ermənilər sabah başqa ərazidə də həmin əskini qaldırıb "bura bizimdir" deyərək Rusiya sülhməramlılarının fəaliyyət zonasının genişləndirilməsini tələb edə bilərlər.

Bilərlər, amma kimsə onlara icazə verməyəcək.

Bir daha baxırıq xəritələrə.

Xəritələrdə "Dağlıq Qarabağ Respublikası" kəlməsi yoxdur. Yəni qondarma "DQR" yoxdur, "qarabağlı ermənilərin statusu" da yoxdur.

Azərbaycan rəhbərliyi və Ali Baş Komandanımız da bunu söyləyir.

Beynəlxalq hüquq var. Həmin hüquqa, BMT Nizamnaməsinə, çoxsaylı beynəlxalq təşkilatların sənədlərinə və bəyanatlarına nəzər salaq. Bütün sənədlərdə Qarabağ ölkəmizin ayrılmaz, tərkib hissəsi kimi göstərilib.

Bəhs etdiyim səbəbdən Qarabağ ərazisində İSTƏNİLƏN (!) dəyişikliklər mütləq şəkildə Azərbaycanla razılaşdırılmalıdır.

Məzkur səbəbdən də Rusiya sülhməramlılarının yaydığı xəritədəki son dəyişikliklər silahlı ermənilərin ərazidən çıxmaları üçün "humanitar dəhliz"in yaradılması ilə bağlıdır.

Proses rusiyalı sülhməramlıların nəzarətindədir və bu səbəbdən onların fəaliyyət zonası azacıq cənuba tərəf genişlənib.

Proses davam edir.

Ağdam rayonundakı olaylar təkrarlanır.

Silahlı banderloqlar çıxırlar, onların arxasınca rusiyalı sülhməramlılar prosesi başa vurub çıxacaqlar. Xəritə də əvvəlki vəziyyətinə qayıdacaq.

Rusiya Federasiyasının sülhrməramlı qüvvələri Qarabağda ərazilər ələ keçirməklə məşğul olmurlar və onların fəaliyyəti Bakı ilə razılaşdırılmış missiya çərçivəsindədir.

Gələk general-leytenant Rüstəm Muradovun başçılıq etdiyi Rusiya sülhməramlı missiyasının dünən yaydığı operativ fəaliyyət xəritəsinə.

Bu xəritə, təbii ki, anormallıq və absurddur. Nə məqsədlə yayılmasından asılı olmayaraq.

Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına kimsə ixtiyar verməyib ki, Azərbaycan ərazilərini istədiyi kimi, volüntarist formatda və tələsikliklə "fəaliyyət zonası"na daxil etsin.

Təbii, anlayıram, müvəqqətidir, rusiyalı sülhməramlılar Köhnə Tağlar kəndindən çıxacaqlar, lakin Azərbaycan ictimaiyyətində ciddi qəzəb, habelə narahatlıq doğuran belə addım atılmamalıdır.

Çünki Rusiya tərəfinin belə davranışı ən azı təəssüf və təəccübə səbəb olur.

Qarabağdakı rusiyalı sülhməramlılar gün bir, bəzənsə gündə bir neçə dəfə xəritə çəkəcəklər, Ermənistan ermənilərini və qarabağlı erməniləri cuşa gətirəcəklər, sonra da bunu "sülhyaratma missiyası" adlandıracaqlar?

Budur sülhməramlılılıq?

Xeyr, bunun başqa adı var: Rusiya Qarabağdakı sülhməramlı missiyanın fəaliyyət zonasının əks olunduğu xəritələrlə manipulyasiya etməklə noyabrın 10-da imzaladığı öhdəliklərinə əməl etmir, anlaşmanın şərtlərini pozur, səlahiyyət çərçivəsini aşkar şəkildə aşır.

Rəsmi Moskva unutmamalıdır ki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir.

Bu səbəbdən də Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar!

Bir daha xatırladım: Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərinə sığınmış erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq.

Rəsmi Moskva əla bilir ki, rusiyalı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsini vətəndaşlarımız birmənalı qarşılamamışdılar. Bu olay çoxsaylı suallara, nigaranlığa, cəmiyyətin bəlli qruplarının narazılığına səbəb olmuşdu. İndi yaşananlarsa rusiyalı sülhməramlılara olan inam limitini lap aşağı salır, hətta heçə endirir.

Biz İkinci Qarabağ Savaşı günlərində Rusiyanın Ermənistanı intensiv silahlandırmasını da unutmamımışıq. Gəncə, Bərdə və Tərtər şəhərlərini ermənilər məhz Rusiyanın Ermənistana verdiyi, daha doğrusu, bağışladığı silahlar vasitəsilə vurmuşular, atəşə tutmuşdular.

Onu da anlayırıq ki, Rusiyadakı bəlli qüvvələr Ukrayna, Gürcüstan, Moldova, Belarus və başqa ölkələrdə gerçəkləşdirdikləri planları Azərbaycanda təkrarlamağa cəhd göstərirlər.



Amma alınan deyil, çünki həmin planlar puç olacaq.

Bakıda keçirilmiş Zəfər Paradında meydandan keçən və düşməndən qənimət götürülmüş hərbi texnikanın az qala istisnasız olaraq hamısı Rusiyanın Ermənistana hədiyyə etdiyi texnikalar idi. Azərbaycan əsgəri isə bu texnikanı ya məhv etdi, ya da qənimət götürdü.

Elə həmin dairələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakından qıcıqlandıqlarını, pərişan qaldıqlarını da istisna etmirik.

Rusiya birdəfəlik anlamalıdır ki, belə davranışlar, belə addımlar Azərbaycanda anti-Rusiya meyllərinin güclənməsinə səbəb ola bilər.

Və belə addımların hər birinin, Azərbaycana qarşı edilən hər cəhdin ağrısını, acısını Ermənistan çəkəcək.

Moskva gec də olsa, bunu dərk etməlidir.

Elçin Alıoğlu
Milli.Az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar