Rusiyanın yırtıcıdan fərqlənməyən təcavüzkar “sülh göyərçini”

23 İyun 2021 20:49    398 Baxış   
Rusiyanın yırtıcıdan fərqlənməyən təcavüzkar “sülh göyərçini”

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransında növbəti dəfə Qarabağdan danışıb və Dağlıq Qarabağda münaqişənin bitməsində məhz Rusiyanın həlledici töhfəsinin olduğunu bildirib. Özünü Dağlaq Qarabağın ixtiyar sahibi sayan Putin, demək olar ki, ölkəsində keçirdiyi hər konfrans və iclasda Dağlıq Qarabağdan söz açır və Qarabağda söz sahibi olması ilə bağlı eyham vurur. Lakin artıq hər kəsə məlumdur ki, Rusiya nəinki münaqişənin bitməsinə tövhə verib, əksinə, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin alovlanması, illərlə davam edən gərginliyin artması və kulminasiya nöqtəsinə çatmasının səbəbkarı məhz Rusiya olub və hər fürsətdə münaqişəni körükləyib. Çünki regionda söz sahibi omaq üçün böyük dövlətlər kiçik dövlətlər arasında münaqişə yaratmaq və onu qoruyub saxlamaqla çirkin planlarını həyata keçirir və həmin ölkələri diqtəsində saxlayır. Bunun ən böyük təcrübəsi də elə imperialist və işğalçı Rusiyanın mövqeyidir. Necə ki, Rusiya bu işğalçılıq niyyətlərini nüfuzu və diqtəsini getdikcə itirdiyi Gürcüstanda, Ukraynada və Moldovada həyata keçirib və indi də Cənubi Qafqazda guya münaqişəni özünün bitirdiyini deməklə, məğlubiyyətini ört-basdır etmək istəyir.

Göründüyü kimi, bütün imperialist ölkələr kimi Rusiya da daxili sosial-iqtisadi böhran və siyasi represiyaları xarici siyasətlə, daha doğrusu, təcavüzlərlə balanslaşdırmaq istəyir. Özünü hər bölgəyə sırayan və sıramağa cəhd edən Rusiya qaramatlığını həm də sülhməramlılar adı altında həyata keçirir və sülh və təhlükəsizlik adı altında münaqişə tərəflərini bilavasitə deyil, tərəfkeşlik nümayişi sərgiləməklə düşmənçiliyi davam etdirir. Bununla da Rusiya sülhməramlılar çətiri altında münaqişəni qoruyub, saxlayır və kənardan özünü "sülh göyərçini" kimi göstərir. Amma nədənsə həmin "göyərçin"in ayaqları yırtıcı pəncəsindən qətiyyən fərqlənmir.

Tarixə nəzər salanda da görürük ki, XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda münaqişələrlə müşayiət olundu və bu hadisələrdən ən çox əziyyət çəkənlər məhz Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə yaşayan dinc azərbaycanlılar oldu. Sovet İttifaqı dağılsa belə, Rusiyanın özünü imperialist ittifaqın varisi sayması və post-sovet ölkələri üzərində söz sahibi hesab etməsi bu düşüncədən irəli gəlir və bu ölkələr arasında yaradılan münaqişə ilə diqtəsini sirayət etdirir. Necə ki, hər dəfə post-sovet ölkələri arasında yaranan münaqişələrdə Putin münaqişə tərəflərini Rusiyaya dəvət edir və onları sakitləşdirməklə həm bu coğrafiyaya, həm də dünyaya ismarıc göndərir. Ona görə də Moskvanın tarixən manipulyasiya etdiyini, periferiyasında münaqişələr yaratdığını nəzərə alaraq, əsas məqsədi anlamaq elə də çətin deyil.

Digər tərəfdən, Rusiyanın regionda balans yaratmaq bəhanəsi ilə Ermənistana birmənalı dəstək verməsi, pulsuz silahlarla təmin etməsi və müxtəlif sahələrdə maddi dəstək göstərməsi də təbii ki, tragikomediyadan başqa bir şey deyil. Çünki Rusiyanın münaqişənin tərəfləri arasında balans yaratmaq öhdəliyi yoxdur. Öhdəliyi olmadığı halda isə belə bir cəhdi yalnız münaqişəni qoruyub, saxlamaq və tərəfləri diqtəsində saxlamaq istəyindən irəli gəlir. Yəni, Rusiya özünün bilavasitə aid olduğu münaqişələrin ədalətli həllində ona görə maraqlı deyil ki, əks halda, təsir imkanları aşağı düşəcək. Bir sözlə, Rusiyanın nəinki regionda, özünü sıradığı bütün coğrafiyalardakı davranışları heç bir standartlara uyğun gəlmir. Təbii, azalmaqda olan bu nüfuz Azərbaycanda da təsir imkanlarını itirəcək və suverenliyimiz, ərazi bütövlüyümüz yenidən bərpa olunacaq. Ən azından, artıq regionda qardaş Türkiyə kimi yeni rəsmi oyunçu, qüdrətli müttəfiqimiz var.

Mərahim Nəsib



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar