Sülhməramlıların mövcudluğu ordumuzun qarşısında əngəl deyil

29 Dekabr 2020 13:04    607 Baxış   
Sülhməramlıların mövcudluğu ordumuzun qarşısında əngəl deyil

Dövlətə inam əsasdır!

Dünən yenə şəhidimiz oldu. Allahdan şəhidimizə rəhmət, yaralı hərbçimizə şəfalar diləyirəm.

Diversiya qruplarının mövcudluğu, bu haqda yayılan məlumatlar yenə gərginlik yaradır.

Xalqımızın narahatlığı anlaşılandır. Qalib xalq kimi Xankəndidə oturmaq və ən önəmlisi daha şəhid verməmək istəyimiz təbiidir.

Proses buna doğru gedir.

Ermənistan rəhbərliyi diversiya qruplarından özünü uzaq tutur, onlarla əlaqəsin olmadığını deyir. O zaman buradan iki nəticə çıxır.
Birincisi odur ki, deməli, bu silahlı tör-töküntülər başqa birindən dəstək alırlar. Yəni dəstəyi Ermənistandan almırlarsa, o zaman onlara "sülhməramlı" qüvvələr yardım edir.

İkincisi isə budur ki, madəm, Ermənistan həmin silahlı dəstələrlə əlaqəsinin olmadığını bildirir, o zaman onlarla aparılacaq mübarizə üçtərəfli atəşkəs Bəyannaməsi çərçivəsinin xaricindədir. Azərbaycan dövləti istənilən şəkildə onları məhv edə və lazım gələrsə, genişmiqyaslı hərbi əməliyyat keçirə bilər. Heç kim - Ermənistan, ya da Rusiya buna mane ola bilməz.

Burada əsas məsələ dövlətimizin, müttəfiqlərimizin və ordumuzun qətiyyəti deyil. Onların necə qətiyyətli olduğunu dost da, düşmən də gördü.

Məsələ ölkə daxilində bir sıra insanların və qüvvələrin (kimi bilərəkdən, kimi bilmədən) rəsmi dövlət siyasətimizə güvənsizlik yaradacaq bəyanatlarla çıxış etməsidir.
Bizim hər zaman dediyimiz bir düstur var: Azərbaycan və Türkiyə dövlətlərinin yürütdüyü siyasətə güvənir, dəstək veririk. İndi də bu fikirdə və mövqemizdə qalırıq. Aydın məsələdir ki, millətimizin mənafeyi və maraqları naminə hər məsələ birdən görülə bilmir. Zamana, dərin hazırlıqlara ehtiyac var. Ona görə də bizim maraqlarımız bunu tələb edir ki, insanlarda ruh düşkünlüyü yaradacaq apokaliptik çıxışlara son verilsin.

“Rusiyanın maraqları Rusiya üçündür”, - bunu Putin son mediakonfransında açıq dedi. Maraq sülh deyil, işğaldır, Qafqazda əbədi qalmaqdır, isti dənizlərə enməkdir.

Bunu biz bilirik də, Azərbaycan və Türkiyə dövlətləri əvvəldən bilmirdimi?

Əlbəttə, bilirdi. Sadəcə, addım-addım bu reallığı bizim xeyrimizə dəyişirlər. Bu, bir ya da iki ildə həll olunacaq məsələ deyil.

Çox gedişli, uzaq perspektivlərə tuşlanan ağır zəka oyunudur. Bunu Rusiya da artıq anlayıb və qarşısını ala bilmir.

Təəssüf hissi ilə dəfələrlə vurğulamışıq ki, biz Şimal ayısının son tamaşalarını qansız izləyə bilmirik.

Heç kim zənn eləməsin ki, sülhməramlıların mövcudluğu bizim ordumuzun qarşısında əngəldir. Zaman yetişəndə bunun belə olmadığını görəcəksiniz.

Elə Türkiyənin minaaxtaranlarının, monitorinq mərkəzində fəaliyyət göstərəcək zabitlərin, hərbi məsləhətçilərin ard-arda gəlmələri boşuna deyil, demək ki, tədbirlər görülür. Bu tədbirləri görməmək mümkün deyil.

Ancaq bu tədbirlərin mahiyyəti, əsas mənası xalqa niyə açıqlanmır? – bu, ayrı məsələdir. Kommunikasiya problemi də ola bilər, gizlilik də.

Düzdür, müxtəlif ekpertlərin və siyasilərin məsuliyyətsiz çıxışları beyinlərdə qarışıqlıq yaradır, ortada olan narahatlıq isə cəmiyyəti gərginləşdirir.

Yalnız dövlətin öz həqiqətləri də var, o mediada deyilən hər sözə görə reaksiya göstərə, bir işi tam bitirmədən, hazırlamadan, açıqlama verə bilməz.
Burada məsələ sadəcə xaricdəki qüvvələri duyuq düşürməkdən getmir, qibləsi Vətən və millət namusu olmayan daxildəki minlərlə “vətəndaşımızdan” da gedir.

Təbii ki, insanlarımız ən azından Hikmət Haciyevi dinləmək istəyir.

Bu baxımdan Xalqla dialoq kəsintisiz təmin edilməlidi ki, rus-erməni birləşməsinin təxribatlarının qarşısını ala biləcək ən böyük qüvvə olan xalqın milli birliyini sarsan durumlar olmasın.

Xalqın rus-erməni cütlüyünə qarşı olan nifrəti əsla dövlətimizə və Türkiyəyə inamsızlıq, güvənsizlik zəmininə köçürülməməlidir, daha doğrusu buna imkan verilməməlidir.

Ona görə də, biz deyirik ki, dövlətə və orduya inam hər şeyin əsasını təşkil edir.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar