“44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, bölgədəki vəziyyət dayanıqlı sülhə ehtiyac olduğunu göstərir”.
Dominant.az xəbər verir ki, bu fikirləri Ermənistanın təxribatlarını konkret.az-a şərh edən politoloq Azər Rəşidoğlu səsləndirib. O bildirib ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasına imkan vermək istəmir. Bu da beynəlxalq güc mərkəzlərinin və Azərbaycanın maraqları ilə ziddir. Bu baxımdan cəbhə xəttində tez-tez atəşkəsin pozulması mümkündür: “Digər tərəfdən Paşinyan Ermənistan və Azərbaycanın təmas xəttində fransız hərbçilərinin dayanmasını təklif edib. Lakin sözdə Fransanın adı çəkilsə də, əslində sərhəd boyunca Rusiya qoşunlarının dayanması perspektivi müzakirə olunur. Hesab edirəm ki, vəziyyət gərgin olaraq qalır və Ermənistan hər an Azərbaycanı təxribata cəlb edə bilər”.
Politoloqun sözlərinə görə, indiyə qədər Azərbaycanın işğal altında olan ərazilərindən mövqelərimiz atəşə tutulurdu.İndi isə Ermənistan ərazisindən Azərbaycan atəşə məruz qalır: “Birinci halda Azərbaycanın antiterror əməliyyalarına başlamaq hüququ var idi. İndi isə Ermənistan KTMT-nin üzvü olduğu üçün bu proseslərə məhz Rusiyanı cəlb etmək istəyir. Lakin Azərbaycan öz ərazisini, sakinlərini və hərbçilərini qorumaq məcburiyyətindədir və bunun üçün əks həmlə etmək hüququna malikdir. Azərbaycan ərazisində törədilən ( Naxçıvan, Kəlbəcər, Tovuz) təxribatlar terror əməlidir. Bu baxımdan rəsmi Bakı antiterror əməliyyatlarına yenidən başlaya bilər”.
Azər Rəşidoğlunun sözlərinə görə, təxribatların məhz Paşinyanın Rusiya səfərindən sonra baş verməsi, proseslərdə Moskvanın izinin olduğunu deməyə əsas verir: “Hesab edirəm ki, yaxın vaxtlarda Moskvada, yaxud hansısa bir şəhərdə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin görüşü və bu məsələlərin müzakirəsi baş tuta bilər. İstənilən halda Azərbaycan ilk gündən öz mövqeyini bəlli edib ki, danışıqlar masasında Türkiyə də yer almalıdır. Minsk Qrupu artıq yoxdur və onun bərpası mümkün deyil. Fransa və ABŞ-ın danışıqlar prosesində iştirakı məntiqsizdir. Türkiyənin proseslərin içində olduğunu nəzərə alsaq, güman edirəm ki, üçtərəfli görüşdən sonra Ərdoğanın iştirakı ilə danışıqlar aparılacaq”.
Politoloq baş verənlərin irimiqyaslı hərbi əməliyyatlarla nəticələnəcəyini güman etmədiyini dilə gətirib: “Vəziyyətin kövrəkliyini nəzərə alsaq, yaxın vaxtlarda Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar prosesi başlana bilər. Azərbaycan tərəfi öz sərhədlərini qorumaqda və Ermənistanın atəşkəsi pozmaq cəhdlərinin qarşısını almaqda sərbəstdir. Fikrimcə Türkiyə hərbçilərinin Arbaycanda olması qaçılmazdır. Şuşada, Gəncədə, Bakıda, eləcə də Azərbaycanın müxtəlif ərazilərində Türkiyə hərbçilərinin və bazasının olması konstitusiyamıza və hərbi doktrinamıza zidd deyil. Türkiyə hərbi bazalarının Azərbaycanda qurulması zamanın tələbidir. Əks halda Azərbaycan, Rusiya və Ermənistan birliyinin təhdidləri ilə üzləşəcək. Bunun qarşısını almaq üçün danışıqlar masasında mütləq Türkiyə də oturmalıdır və qardaş ölkənin hərbi bazası Azərbaycanda yerləşdirilməlidir”.