Züqanovun partiyasından xain addım: Xankəndi həvəsləndi...

21 Yanvar 2022 17:14    217 Baxış   
Züqanovun partiyasından xain addım:  Xankəndi həvəsləndi...

Ukraynanın ərazi bütövlüyünə qəsd olan sənədin müzakirəsi gələn həftə gözlənilir; Qarabağda məskunlaşan erməni separatçıları da hərəkətə keçib
Ukrayna-Rusiya-ABŞ gərginliyi fonunda Rusiya Dövlət Duması Kommunist Partiyasının təqdim etdiyi qanun layihəsini yaxın günlərdə müzakirə etməyə hazırlaşır.

Layihənin müəllifləri, “ana müxalifət” partiyasından olan kommunist deputatlar hesab edir ki, Rusiya “Donetsk və Luqansk respublikalarının” müstəqilliyini tanımalıdır. “Belə tanınma onların təhlükəsizliyini və xarici təhdidlərdən, respublikaların sakinlərinə qarşı soyqırım siyasətindən qorunmasını təmin etməyə zəmin yaradacaq” deyə, deputatların Rusiya prezidenti Putinə müraciətində qeyd olunur.

Onlar həmçinin hesab edirlər ki, bu, “beynəlxalq sülhün və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək, “DXR” və “LXR”-in beynəlxalq səviyyədə tanınması prosesinə start verəcək”.

Müraciəti Dumadakı kommunist fraksiyasının rəhbəri Gennadi Züqanov, onun müavini Nikolay Kolometsev və Dövlət Duması sədrinin kommunist fraksiyasından olan birinci müavini İvan Melnikov imzalayıb.

Müraciət müəllifləri xatırladıblar ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin sakinləri 1994-cü ildə keçirilən referendumda Ukrayna dili ilə yanaşı, rus dilinin də dövlət dili kimi təsdiqlənməsinə razılıq veriblər. Onlar həmçinin hesab edirlər ki, Ukrayna hakimiyyətinin hərəkətləri bu regionların sakinlərini 2014-cü ildə referendum keçirməyə və öz müqəddəratını təyinetmə aktlarına səs verməyə məcbur edib.

RLDP lideri Vladimir Jirinovski isə qondarma respublikaların müstəqilliyinin tanınmasının qəti əleyhinə olduğunu bildirib. O, bunun heç bir nəticə verməyəcəyinə inanır.

“Fərz edək ki, biz bunu edirik, sonra nə? Orada sülh bərqərar olacaqmı? Yox. Ruslar üçün təhlükə aradan qalxacaqmı? Yox. Bu qərarı bizdən başqa kim tanıyır? Heç kim. Bununla Rusiyanın strateji təhlükəsizliyi baxımından heç nə əldə etməyəcəyik, bu qərarla Ukraynadakı rusları müdafiə etməyəcəyik, lakin Qərbdəki “qırğı"ların Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmələri üçün hər cür əsas verəcəyik”, - deyə, Jirinovski bildirib.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin gələn həftə müraciət layihəsi fraksiya rəhbərləri ilə məsləhətləşmələr aparılacaq, bundan sonra müzakirəyə çıxarılacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, bu sənəd layihəsnin qəbul olunması üçün Dövlət Dumasında səsverməyə çıxarılmalıdır. “Bu müraciət ya qəbul olunacaq, ya da qəbul edilməyəcək. Bu, parlament qrupunun təşəbbüsüdür, müəyyən prosedur var və o, tamamlanmamış mən nəsə deməyi düzgün hesab etmirəm”, - deyə, Peskov Kremlin mövqeyini şərh edib.

Xankəndidə Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılacaq sənəddən, əlbəttə ki, xəbərdardırlar. Separtçılarla bağlı istənilən müzakirələr sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşmış erməniləri də “həvəsləndirir”.

Özünü hələ də “xarici işlər naziri” hesab edən David Babayanın yanvarın 19-da mətbuat konfransında dedikləri də bu baxımdan diqqət çəkir. Babayanın sözlərinə görə, indi onların əsas fəaliyyətləri “artsax”ın beynəlxalq aləmdə tanınması, müxtəlif ölkələr və onların subyektləri ilə əlaqələrin qurulması və inkişafına yönəlib:

“Biz dünyaya "artsax"ın mövcud olduğunu, taleyimizə nəzarət etdiyimizi göstərməliyik və dünyanın bu barədə bilməsi çox vacibdir ki, əsas güc mərkəzləri vəziyyəti düzgün başa düşsünlər. Biz bütün bunları rəhbər tutmalı və siyasətimizi davam etdirməliyik. Bilirsiniz ki, ən mühüm funksiyalardan biri müxtəlif beynəlxalq təşkilatlarda baxışlarımızı təmsil etməkdir. 2021-ci ildə ATƏT-ə 20, BMT-yə 15, Avropa Şurasına isə 4 sənəd paylamışıq. 14 ölkənin aparıcı KİV-ləri ilə əlaqələr olub, müxtəlif şərhlər, müsahibələr, məqalələr dərc olunub”. O əlavə edib ki, 2021-ci ildə ümumilikdə onlar müxtəlif beynəlxalq qurumlarda “artsax”ın maraqlarını qorumaq üçün hər şeyi etməyə, geosiyasi proseslərdən uzaq qalmamağa çalışıblar.

Göründüyü kimi, erməni separtçıları başlarının əzilməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bötüvlüyünə qarşı çıxırlar və “beynəlxalq fəaliyyətləri” də ölkəmizə qarşı yönəlib. Rusiya Dövlət Dumasında sənədin müzakirəsinin necə nəticələnəcəyini demək çətindir, amma şübhə yoxdur ki, bu, pis presedentdir. Günlərin birində Dumada “Qarabağ ermənilərinin həyatına təhlükə var” deyib “artsax” adlı qondarma qurumun “tanınması üçün” qanunsuz sənəd hazırlana bilər. Erməniləri də həvəsləndirən budur...

Musavat.com




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar