20 Yanvar Azərbaycan xalqının dirilişidir

19 Yanvar 2022 21:54    163 Baxış   
20 Yanvar Azərbaycan xalqının dirilişidir

Azərbaycan Yüksəliş Partiyası 20 Yanvar hadisəsi ilə bağlı bəyanat yayıb.

Dominant.az xəbər verir ki, bəyanatda deyilir:

"Tarix səhnəsinə çıxan hər bir millətin unikal xüsusiyyətlərini qoruyub saxlaması, gələcək nəsillərə ötürməsi, milli mövcudluğunu davam etdirməsi üçün özünəməxsus bir dövlət təsisatının olması əsas və vacib şərtdir.

Ön Asiya, Şərqi Anadolu, Qafqaz da daxil olmaqla geniş bir coğrafi ərazinin ən qədim məskunu, əsas milli və yerli vahidi, etnosu olaraq Azərbaycan türkləri sahib olduqları köklü və mədəni sivilizasiya, ictimai-siyasi münasibətlər sistemi ilə hakim olduqları arealda tarixin ən böyük və şanlı dövlətlərini yaradıblar.
XVIII əsrin ortalarında Böyük Fateh, dövlət xadimi Nadir Şah Əfşarın qəfil və gözlənilməz ölümü ilə feodal dağınıqlığı dövrünə qədəm qoyan Azərbaycanda dövlətçiliyimiz müstəqil xanlıqlara parçalanma prosesi ilə müşayiət olundu. Belə bir məqamda Romanovlar sülaləsinin hakimiyyəti ilə güclənən Rusiya imperiyası şərqə və cənuba doğru hərbi-siyasi, ideoloji ekspansiyasını reallaşdırmağa başladı. Təxminən 50 il müddətində ardıcıl yürüşlərdən sonra hadisələrin gedişi XIX əsrin əvvəlində Qafqazın işğalı, Azərbaycan dövlətçiliyinin parçalanması və bu arealda ilhaqı ilə nəticələndi. Ancaq köklü dövlətçilik və qədim ictimai-siyasi, mədəni münasibətlər sisteminə malik olan Azərbaycan türkü aradakı 100 illik zaman məsafəsindən sonra yenidən özündə güc taparaq, məxsus olduğu ali milli və bəşəri dəyərləri tərənnüm edən dövlətçilik institutunu bu ərazidə yenidən bərpa etmək uğrunda mübarizəyə başladı.
1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi qurulan, bir çox sivil, dünyəvi və siyasi hüquqların ifadəsinə görə hətta dövrünün qabaqcıl, inkişaf etmiş Qərb dövlətlərini qabaqlayan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu cəhdin təntənəli nəticəsi oldu.
Əlverişsiz geosiyasi reallıq, qeyri-bərabər qüvvələr şəraitində çar-burjua sistemindən proletar-sosialist quruluşuna qiyafə dəyişən Rusiya imperiyasının növbəti Sovet ekspansiyasına məruz qalan AXC cəmi 2 il yaşasa da, SSRİ daxilində formal da olsa, müttəfiq respublika sayılan Azərbaycan Sovet Sosialist Respublikasının varlığını şərtləndirərək, Qafqazdakı gələcək müstəqil dövlətçiliyimizin, bugünkü Azərbaycan Respublikasının təməli oldu.
Ömrü qısa olsa da, milli əsaslı, möhkəm siyasi ideallar və ideyalar üzərində qurulmuş AXC-nin təməlində yatan əbədiyaşar dəyərlərin dirçəlişi fonunda XX əsrin sonlarına doğru vüsətlənən Milli Azadlıq Hərəkatı ilə tariximizin “Milli Dirçəliş” dövrünə qədəm qoyduq. İmperiya boyunduruğundan qurtulmağa çalışan Azərbaycan xalqı təxminən 200 illik rus müstəmləkəçiliyi ilə savaşın nəticəsi olaraq yarımçıq qalmış milli dövlət quruculuğunu tamamlamağa müvəffəq oldu. Bu tarixi zaman içində baş verən savaşlar, üsyanlar, etirazlar, çalışmalar bir məqsədə – Azərbaycan istiqlalının yenidən əldə olunmasına xidmət etdi.
Bu mənada XX əsrin sonlarında İstiqlal Mübarizəmizin qızıl rəqəmlərlə yazılan mühüm tarixi günləri var: 1988-ci il 17 noyabrı ilə başlamış “Milli Dirçəliş Günü”, bu hərəkatın kütləvi çoxmilyonlu dalğasına çevrilən və 1991-ci ilin 18 oktyabrında müstəqil dövlətçiliyimizin bərpasını – Azərbaycan Respublikasının suverenliyini şərtləndirən “Müstəqillik Günü” və ona aparan 1990-cı il “20 Yanvar” hadisəsi…
Böyük bir faciənin yaşandığı, qurbanlar verdiyimiz bu günlə bağlı çox söz deyilib, çox şey yazılsa da, əslində, “20 Yanvar” hadisəsi birmənalı şəkildə Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı şanlı mübarizə tarixinin yeni bir mərhələsi və təntənəli sonucuna keçid kimi dəyərləndirilməlidir. Onilliklər boyu min bir müsibət və əziyyətlə özgürlük və hürriyyət uğrunda mübarizə aparan nəsillərin amalı, məhz həmin gün bu yolda canlarından keçən Vətən övladlarının sayəsində zirvəyə yaxınlaşdı.
Tarixən mövcud olmuş bütün imperiyalar öz azadlığı uğrunda mübarizəyə qalxan xalqları həmişə qan içində boğub. Sovet-rus imperiyası da öz xislətinə sadiq qalaraq azadlıq istəyən xalqları, o cümlədən Azərbaycanlıları qətliama məruz qoydu. Ancaq aparılan bu mübarizə hədər getmədi, tökülən qanlar yerdə qalmadı.

20 Yanvar SSRİ kimi qorxunc bir səltənətin dağılmasında həlledici rol oynadı, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Beləliklə, 20 Yanvar Azərbaycan insanının milli kimlik təfəkkürünün kütləvi şəkildə oyanmasında, yenidən formalaşmasında böyük rol oynadı və azadlıq düşüncəsi həmişəlik insanların düşüncəsinə hakim kəsildi. Milyonların çiynində son mənzilə yola salınan müqəddəs Şəhidlərin adı və Bakının ən uca məkanında uyuduqları Xiyaban isə millətin ömürlük and yerinə çevrildi.
Gəlin etiraf edək ki, bu gün Azərbaycan xalqının yaddaşında 20 Yanvar həm də faciədir, qandır, acıdır. O hələ də qərənfillərlə, göz yaşı, kaman və ney səsi ilə simvolizə olunur. Təəssüf doğursa da, bu da təbiidir, çünki bu gün 20 Yanvarı yad edənlərin böyük əksəriyyəti həmin hadisənin iştirakçıları və canlı şahidləridir.
Ancaq acı da olsa, bu, bir tarixi gerçəklikdir ki, qansız və savaşsız azadlıq mübarizəsi olmur, dövlət qurulmur. Yalnız o xalqlar vətənində vətəndaş ola bilir ki, qurban verməyi bacarır, şəhid olmağı gözə alır. Bu baxımdan, 20 Yanvar, məhz dövlətçiliyimizin bərpası yolunda həmin qaçınılmaz, qanlı, lakin şərəf və qürur duyulacaq mərhələnin şanlı tarixidir Azərbaycan türkünün taleyində… Çünki bu gün, əslində bu coğrafiyada tarixən hakim olmuş azadlıqsevər Azərbaycan türkünün həm də dirilişi və boy atması idi. Bu hadisə heç bir ordunun, heç bir silahın vətən sevgisindən, azadlıq istəyindən daha güclü olmadığını və olmayacağını göstərdi bizə.
O tarixi gündən 32 il keçib və artıq bu hadisənin şahidi olmayan yeni nəsillər yetişib. Əminik ki, gələcək nəsillər ücün bu günün əsl mahiyyəti olduğu kimi aşılanacaq, onun tarixi əhəmiyyəti, hər xalq üçün qürur mənbəyi ola biləcək tərəfləri nəsildən-nəslə düzgün ötürüləcəkdir. Artıq həmin nəsillər üçün 20 Yanvar ney-kaman səsi, qərənfillərlə müşayiət olunmayacaq, uvertüralar və marşlar ilə anılacaq, kədərli sayğı duruşlarını dəyanətli-qürurlu sayğı duruşları əvəz edəcək.
Deməli, ilk addımı bizlər atmalıyıq, marşlar və cəngilər, kaman və ney səsini üstələməlidir.
Ötən 30 illik müstəqilliyimiz ərzində xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər etməyimiz nəticəsində 44 günlük Vətən müharibəsi qələbə ilə sona çatıb, Qarabağda işğal altında olan torpaqlarımız üzərində suverenliyimiz bərqərar olub, ərazi bütövlüyümüz böyük ölçüdə təmin edilib.
Qələbə ilə yadda qalan bu fakt göstərir ki, artıq dirçəlmişik və bundan sonra öz sözümüzü deməyə və onun arxasında durmağa real gücümüz var. Tariximizin bu nöqtəsindən sonra Azərbaycan xalqı tamamilə yeni bir dövrə - Yüksəliş Mərhələsinə qədəm qoyub. Mahiyyət etibarı ilə İstiqlal Mübarizəmizin dördüncü mərhələsini təşkil edən bu dövrün səciyyəvi xüsusiyyəti azadlığımıza və müstəqilliyimizə təhlükə yaradan xarici və daxili faktorlar ilə də mübarizə aparılmasının vacibliyidir.
Vacib məqamlardan biri budur ki, insanlıq əleyhinə ən ağır cinayət aktı olan bu hadisəyə Azərbaycan qanunvericiliyi çərçivəsində hüquqi qiymət verilməyib və məsələnin beynəlxalq səviyyəyə daşınması üçün heç bir cəhd göstərilməyib. Hüquqi baxımdan, bu hadisələr BMT Baş Assambleyasının 1974-cü il tarixli Təcavüzün tərifi haqqında Qətnaməsinin 7-ci və 3-cü maddəsi kontekstində silahlı təcavüzdür. Ona görə, üzərindən 32 il ötsə də, insanlığa qarşı ağır cinayət olduğundan bu olaya hüquqi qiymətin verilməsi üçün ciddi istintaq araşdırması aparılmalı, məhkəmə qərarı çıxarılmasına nail olunmalıdır. Bu mənada köhnə həvəslərini yeni siyasət pərdəsi ilə örtən imperiya Rusiyasının neo-ittifaq təhdidləri qarşısında müstəqilliyimiz yenə də aktualdır. Bu mübarizədə uğurumuzu şərtləndirəcək əsas meyarlardan biri də milli təfəkkürlü azad vətəndaşların və gəncliyin varlığıdır.
Unutmayaq ki, müstəqil ölkənin gəncliyi, şəxsiyyəti kədərlə, acıyla VƏTƏNDAŞ kimi yetişdirilə bilməz. Gözlənilən bütün dalğalar qarşısında Azərbaycan Gəncliyi mübarizə ruhunda yetişdirilməlidir.
Azərbaycan Yüksəliş Partiyası bu baxımdan 20 Yanvarın çağdaş tariximizdə əhəmiyyətini bir daha qeyd edərək, həmin gün öz şirin canlarını qurban vermiş müqəddəs Şəhidlərimizin parlaq və unudulmaz xatirəsini böyük sayğıyla anır, onların ruhu qarşısında ehtiramla baş əyir".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar