Düz 4 il bundan öncə 2020-ci ildə Tovuzdakı döyüşlər Azərbaycan ordusunun düşmən üzərində qızıl hərflərlə yazılan möhtəşəm qələbəsinin başlanğıcını qoydu. Tovuz döyüşləri Azərbaycanın səbr kasasının dolması mərhələsi oldu. Qəhrəman Azərbaycan ordusu bu döyüşlər zamanı azğın düşmənin "burnunu ovsa" da, bununla kifayətlənmədi. Xalq 30 illik işğala son vermək üçün müsəlləh əsgər kimi cənab Ali Baş Komandanın ətrafında "Dəmir yumruq" tək birləşərək "Ya Vətən, ya ölüm" şüarı altında müqəddəs savaşa hazır olduğunu bəyan etdi.
Məhz 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən, təxminən iki ay yarım sonra sentyabrın 27-də ordumuz, qüdrətli sərkərdənin ətrafında yumruq kimi birləşən xalqımız Vətən uğrunda rəmzi məna daşıyan "Dəmir yumruq" əməliyyatı adı altında həlledici, müqəddəs savaşa başladı. Genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz müqəddəs 44 günlük Vətən müharibəsində barəsində yenilməzlik mifi yaradılan Ermənistan ordusunu sarsıdıcı zərbələrlə darmadağın edib, ağ bayraq qaldırmağa məcbur etdi. Bununla da ordumuz 200 illik “Böyük Ermənistan” xülyasını məhv etdi.
Azərbaycan ordusu ermənilərin indiyədək törətdikləri vəhşiliklərin, hərbi cinayətlərin, soyqırımı siyasətinin qisasını döyüş meydanında almış oldu. Tovuzda başlayan savaş nəticə etibarı ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə nəticələndi. İllər keçsə də, Tovuz döyüşləri unudulmayacaq. Çünki Azərbaycanı böyük zəfərlərə aparan, dünyanın qalib xalqı və dövləti edən yolun başlanğıcı məhz buradan başladı. Bu savaş Vətən müharibəsinin başlanması üçün bir qığılcım oldu. Tovuz döyüşlərində şəhid olan generalımız Polad Həşimovun nəşi Bakıya gətirildiyi zaman böyük izdiham yaşandı, xalq ayağa qalxaraq şəhidlərin qısasının alınması, torpaqlarımızın azad edilməsi uğrunda savaş istədilər. 2020-ci ilin sentyabrın 27-də başlayıb və 8 Noyabr Zəfər bayramı ilə bitən qələbələr silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa da, Tovuz döyüşləri böyük qələbəyə aparan yol oldu. Azərbaycan bu döyüşlərlə nəinki Ermənistana, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirdi. Prezident İlham Əliyev həm sərkərdə kimi savaş meydanında, həm də diplomat kimi siyasi arenada düşməni və onun havadarlarını qətiyyətli qərarları ilə hər mənada susdurdu.
İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yarandı. Prezident İlham Əliyevin postmüharibə dövrünün reallıqları əsasında hazırladığı inkişaf strategiyasının icrasına start verildi. Qarabağı "Dəmir Yumruq" əməliyyatı ilə azad edən Azərbaycan Prezidenti dəmir iradə ilə onu yenidən qurmağa başladı. İlham Əliyev humanizm prinsiplərini əsas tutub yenə də ermənilərə Qarabağ və Şərqi Zəngəzurda birgəyaşayış təklif etdi. Amma Qarabağda mövcud olan qondarma qurum və onun silahlı bölmələri təxribatlarından əl çəkmədilər. 2023-cü il aprel ayının 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan ərazi bütövlüyünün təmin olunduğunu dünyaya bəyan etdi. Bu dəfə də xristian təəssübkeşliyi Ermənistana yardım etməyə çalışdı. Lakin onların bu cəhdləri də nəticə vermədi. Ermənilərin və onların havadarlarının təxribatçı hərəkətlərini davam etdirməsi Azərbaycanın növbəti "Dəmir yurmuğ"unu işə salması ilə nəticələndi. 2023-cü ilin sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi və heç 24 saat keçməmiş düşmən növbəti dəfə ağ bayraq qaldırmalı oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı ilə Azərbaycan nəinki suveren hüquqlarını tam bərpa etdi, həm də öz ərazisində separatizmin kökünü birdəfəlik kəsmiş oldu. Bununla da Azərbaycanın bütün ərazilərində, Xankəndi, Ağdərə, Xocalı, Xocavənddə də Azərbaycan bayrağı dalğalanmağa başladı. Bütün bunlar onu deməyə əsas verir ki, Tovuz döyüşləri tarixi Zəfərə dönüş anı, böyük qələbəmizin başlanğıc məqamıdır.
Mərdan SEYİDBƏYLİ,
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri