Ermənistanın Baş Naziri Nikol Paşinyanın atəşkəs razılaşmasını imzaladıqdan sonra baş verənləri həzm edə bilməyən Hollandiya Parlamenti Azərbaycana və Türkiyəyə qarşı sanksiya tətbiq edib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevə və ailəsinə qarşı "hərbi cinayət törətmək” iddiası ilə sanksiya tətbiq edilməsi, Türkiyəyə isə silah satışına embarqo qoyulması qərara alıb.
Dominant.az Hollandiyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri İlhan Aşkınla Hollandiya Parlamentinin bu ədalətsiz qərarını müzakirə edib.
- İlhan bəy, Hollandiya Parlamentinin Azərbaycan və Türkiyə ilə bağlı mənfur qərarına orada yaşayan həmvətənlərimiz necə reksiya verdilər?
- Mən hazırda Türkiyədəyəm, məlum sanksiya məsələsini də burada olanda eşitdim, hələ ki, buradan müşahidə edirəm baş verənləri. Oradakı türklər və azərbaycanlılar həqiqətən də çox narahatdır buna görə, mənə zəng edirlər, mən də oradakı həmkarlarımla danışıram.
- Sizcə, bu sanksiyaların əsl səbəbi nədir, nədən qaynaqlanır?
- Hollandiyada mart ayının 12-də parlament seçkiləri keçiriləcək. Bu insanlar hər seçki öncəsi ya “soyqrımı” məsələsini gündəmə gətirirlər, ya Türkiyə ilə bağlı bir qərar verməyə çalışırlar. Hollandiyada hansı partiyanın reytinqi aşağı düşürsə, ilk işləri, Yunanıstanda olduğu kimi, türkləri qaralamaq olur. Türklər üzərindən seçici saylarını artırmağa çalışırlar. Yəni, bu, Hollandiyanın hər zaman etdiyi işdir, baş verənlər oyundur və biz buna alışmışıq artıq. Biz türklər bu seçki öncəsi də hər hansı formada “sürpriz” gözləyirdik, ona görə bu qərar çox da gözlənilməz olmadı bizim üçün.
Hazırda Hollandiyadakı bozqurdçu təşkilatları bağlamağa çalışırlar. Həmin təşkilatlarla rəsmi olmasa da, könül bağımız var. Təbii ki, buna görə bizim təşkilatı da bağlaya bilərlər. Yəni Hollandiyada arıq hər kəs narahatdır.
- Bu oyunlara oradakı soydaşlarımız tərəfindən hansısa formada etiraz edilirmi?
- Təbii ki, Hollandiyadakı Azərbaycan və Türkiyə səfirlikləri bu məsələnin üzərində çalışır. Hollandiyadakı böyük vətəndaş cəmiyyəti təşkilatları bu işlə yaxından maraqlanır, gərəkən işlər görür, etirazlar edir. Əminəm ki, Türkiyə və Azərbaycan Xarici İşlər Nazirlikləri də lazımi tədbirləri həyata keçirir.
Bundan 4 il əvvəl seçki öncəsi Hollandiya parlamentində “erməni soyqırımı” məsələsini qaldıracaqlarını bilirdik. Ora getdik, parlamentdəki çıxışları dinlədik, hamısı seçki öncəsi yatırım edirdi. Yəni hollandlar tribunayla oynamaqda, oradakı türkləri qaralamaqda, tamaşa göstərməklə onlar üzərindən səs yığmaqda çox mahirdilər. O zaman mən də öz etirazımı bildirdim ki, etdiyinizin bizim üzərimizdə heç bir hökmü yoxdur, çünki siz işğalçılarla iş görürsünüz. Yəni artıq mən bu məsələləri çox da ciddi qəbul etmirəm.
Azərbaycan üçün isə bu ilk qərardır. Kənardan elə görünür ki, guya ciddi bir qərar qəbul etməyə çalışırlar. Ermənilərə vədlər verirlər ki, İrəvanda konsulluq açacaqlar, onlara humanitar yardımlar aparacaqlar. Canları cəhənnəmə, zatən bunu edirdilər, yeni bir məsələ deyil ki. Biz belə məsələlərə əhəmiyyət verməməliyik, Azərbaycana diqqətimizi cəlb etməliyik, Azərbaycandakı işğalçıların axırına çıxmalıyıq. Bu, zatən olacaqdı, hollandlar bizi gül-çiçəklə qarşılamayacaqdılar. Biz burada çevriliş edirik. Alışmışdılar ki, türkün qanını soralar, türkün torpaqlarını işğal edələr, Azərbaycanın bu qədər qaçqın-köçkününü, şəhidini görməyələr. Baxdılar ki, yox, bu, əvvəlkinə bənzəmir.
- İndiki məqamda etiraz edilərsə, nəticəsi olarmı?
- Biz yenə də etirazlarımızı edəcəyik, lazmi yerlərə yazacağıq, amma zənn etmirəm ki, onlar səhv etdiklərini etiraf eləsinlər. Hollandlar belədir, dediyim kimi, seçki öncəsi belə filmlər çox olur, maləsəf ki, edəcək bir şey yoxdur.
- Bütün bunlar, yəni hər seçki öncəsi türklər üzərindən belə oyun oynanılması bizim oradakı diasporumuzun zəifliyindən irəli gəlmirmi?
- Zəif deməyək, istər Azərbaycan, istər Türkiyə, dövlət olaraq buradakı diasporun professional şəkildə fəaliyyət göstərməsi üçün dəstək vermədilər. Dəstək verilənlər isə Hollandiya parlamentində Azərbaycanın haqlı davası ilə bağlı heç bir məsələni gündəmə gətirmədilər, Qarabağı müdafiə etmək, Ermənistanı pisləmək üçün heç bir addım atmadılar. Həmçinin Türkiyə illərlə istər Amerikada, istərsə də burda onun-bunun diasporasına milyardlar yedirdi. Ancaq heç bir nəticəsi olmadı, Türkiyə ilə bağlı mənfi fikir dəyişmədi.
Qərar vermək məsələsində adamlar istədiklərini edirlər, diaspora buna heç bir təsir göstərə bilmir. Bu gün biz Hollandiyada könüllü çalışan, hər hansı bir yerdən bir sent belə almadan ölkəmüz üçün mübarizə aparan təşkilatıq.
Düzdür, Hollandiyada 500 min türk var və biz çox iş görmüşük. Ancaq etiraf edirəm ki, erməni məsələsində biz bunlara təsir edə, razı sala bilmədik. Hollandlar macara, bolqara, rumına, rusa bənzəmirlər, bunlar yox dedilərsə, sona qədər də yox deyəcəklər, fikirlərindən döndərə bilməzsən.
Onu da qeyd edim ki, ölkələrimizin də etdiyi bir sıra yanlış addımların altını diaspor təşkilatları çəkir. Bu gün Azərbaycanda Hollandiyanın bir sıra iri şirkətləri fəaliyyət göstərir. Həmin şirkətləri nəyə görə, heç olmazsa, bir aylığına bağlamırlar? Halbuki onlar bizim təşkilatlarımızı istədiklərində bağlayırlar, istədiklərində açırlar. Siz niyə bunu etmirsiz? Niyə Azərbaycandakı hollandiyalı iş adamlarının fəaliyyəti dondurulmur? Hollandiya iqtisadiyyat üzərində qurulmuş dövlətdir, bunların mənfəətinə toxunduqları an dəli olurlar. Edin bunu, niyə etmirsiz? Bir tərəfdən onlara milyardları yedirirsiz, digər tərəfdən müəyyən işlər çevirirsiz və nəticədə də buaradakı diaspor passiv qalır, sözü keçərli olmur.
- Ən azı bundan sonra fəaliyyətimizi hansı istiqamətdə qurmalıyıq ki, Hollandiyada dövlət olaraq, millət olaraq bizim də sözümüz keçsin?
- Bundan sonra Azərbaycanın xaricdəki lobbiçilik şirkətləri və yaxud ölkədəki təcrübəli lobbiçilik fəaliyyəti göstərə bilən insanların professionallaşdırılması üçün ciddi işlər görülməlidir. Səmimi və təcrübəli insanlar bu işə cəlb edilməlidir. O insanların holland və ya xarici olması şərt deyil, əsas şərt həmin insanların gələcəyi görə bilməsi və bu işin əhli ola bilməsidir. Bunun üçün ciddi sərmayələr, yatırımlar qoymaq lazımdır. Bu gün gətirib hollandiyalının cibinə 2-3 milyon, milyard qoymaq və haqqımızı müdafiə edəcəyini gözləmək əbəsdir. Bu, Azərbaycanın, Türkiyənin pulunu göyə sovurmaqdır. O komandaları biz özümüz yaratmalıyıq, araşdıraraq, müəyyən edərək. Türkiyə hazırda bunu həyata keçirir, kiminsə adamı olmasına fərq qoymadan, Avropadakı vəkilləri, akademikləri, jurnalistləri tapır, bu işin ası olanlar müəyyənləşdirilir, onlara xüsusi öhdəliklər verilir, həmçinin maddi və mənəvi dəstək göstərilərək bu işin tək əldən, professionalcasına məktəbini qururlar, insanları da o məktəbdə yetişdirirlər.
Ancaq Azərbaycanda hansısa sarıbaş əcnəbiyə daha çox üstünlük verilir, hər kəs öz tanıdığını çağırır, heç kimə söz təsir etmir. Biz ancaq birgünlük məsələlər üzərində çalışırıq, xüsusi strategiya müəyyənləşdirərək hansısa plan üzrə hərəkət etmirik. Halbuki, Prezidentimizin də dediyi kimi, illərlə danışdıq, heç bir nəticəsi olmadı, o zaman ki, yumruğumuzu masaya vurduq, nəticəsi oldu. Artıq Qarabağla bağlı istəyimizin 100-də 80-nə nail olduq. Bu, sağlam iradədir, bərabərlikdir. Xaricdə də bunun eynisini tətbiq edə bilərik, ancaq kimlə çalışdığımıza, pulu kimə yatırmağımıza, onlardan gözləntilərimizin nədən ibarət olmasına və gələcəkdə nələrin baş verəcəyinə diqqət edərək.
İndiyə qədərki insanlara yatırdığımız pullarla xaricdə bu işin məktəbini qura, xaricdə təhsil alan istedadlı tələbələrimizə yatırım edə bilsəydik, Avropada professional insanlarımız yetişərdi. Və bu gün lazım gəldiyində həm Hollandiya Parlamentinə girib-çıxa, həm mətbuatda qarşılıqlı fikir mübadiləsi apara bilərdilər. Bu işlər bizim düşündüyümüz kimi xala xətrinə olmur, bunun üçün uzun bir yol qət etmək, lobbiçilərin ta yaxınına girə bilmək lazımdır. Bunu da ancaq ağıllı gənclərlə etmək mümkündür. Bundan sonra ən azı 10 il üçün necə çalışmalı olduğumuzun planını qurmalıyıq.
Aytac Şabili